“İvanişvili ilk turdakı uğursuzluqdan sonra çox ciddi işlədi…” –Politoloqdan Saakaşvilinin uduzmasına şərh


“Gürcüstandakı seçkilərdə Bidzina İvanişvili qalib gəldi. Müxalifətə yaxın “Rustavi – 2” telekanalının sifarişi ilə ABŞ-ın “Edison Research” şirkətinin keçirdiyi “exit-poll”un nəticələrinə əsasən Salome Zurabişvili prezident seçilib.  Əgər müxalifətin sifarişi ilə keçirilən sorğu iqtidar namizədinin qalib gəldiyini göstərirsə, deməli, kütləvi saxtakarlıqdan danışmaq doğru deyil”.

Strateq.az xəbər verir ki, bu sözləri politoloq Şahin Cəfərli deyib.

O bildirib ki, əlbəttə, qanun pozuntuları, ən müxtəlif əyintilər kifayət qədər olub:

“Bunlar zatən 1-ci turda da var idi. Amma İvanişvili ilk turdakı uğursuzluqdan sonra çox ciddi işlədi, özünün bütün maddi və siyasi resurslarını, eyni zamanda inzibati resursları işə saldı və öz namizədinin lazımi miqdarda səs yığmasını təmin etdi. Gürcüstan kimi demokratiyanın oturuşmadığı, bu istiqamətdə hələ kövrək addımlar atmaqda olan bir ölkədə Avropa demokratiyaları səviyyəsində seçki gözləmək yanlışdır. Hakimiyyətdəki qüvvənin, kim olursa olsun, böyük üstünlüyü var, pul və güc mühüm amildir. İkinci tur ərəfəsində problemli kreditlərin silinməsi, maaş, müavinət artımı kimi populist addımlar öz rolunu oynadı”.

Politoloq deyib ki, ən mühüm faktor isə məncə, Saakaşvili dönəmindən narazı olan, onun qayıtmasını istəməyən təbəqələrin hərəkətə gətirilməsi olub: “Belələrinin sayı Gürcüstanda kifayət qədər çoxdur. İqtidarın seçkini şüurlu şəkildə “Saakaşvili gəlsin, gəlməsin?” referendumuna çevirməsinin müxalifətin əleyhinə işləyəcəyini yazmışdım”.

Şahin Cəfərli bildirib ki, “Rusiya qalib gəldi” şəklində reaksiyalar mənasızdır: “”Gürcü Arzusu” 2012-ci ildən hakimiyyətdədir və ötən müddətdə avroatlantik inteqrasiya yönündə ciddi məsafə qət edilib. Qərb də maraqlıdır ki, radikal və impulsiv Saakaşvilinin iqtidara qayıtmasındansa, indikilər bir müddət də qalsın”.

Tarix: 29-11-2018, 07:42
Xəbəri paylaş





Xəbər lenti