Slavyanlar niyə birləşmək istəmir?..


Bəzi siyasi təhlilçilər Ukrayna ilə Rusiya arasında bu günlərdə baş vermiş dəniz münaqişəsini prezident Petro Poroşenkoya öz reytinqini azacıq da olsa qaldırmağa imkan verən fürsət kimi dəyərləndirməyə çalışsalar da etiraf etmək lazım gəlir ki, bu, heç də ilk dəniz münaqişəsi deyil və artıq buna qədər bir neçə dəfə xırda insidentlər baş verib- Moskva bütün vasitələrlə Kiyevi sıxışdırmaqda davam edir və iki ölkə arasındakı münaqişə çoxdan qurudan suya adlayıbdır, sadəcə, bu dəfə dənzidə toqquşma miqyasına görə bir az böyük oldu, Ukraynın düz üç gəmisi atəşə tutuldu, altı dənizçisi yaralandı.

Düşünmək olardı ki, olay Kiyevin müttəfiqlərini çox qeyzləndirəcək, ABŞ, Avropa ölkələri, xüsusən də NATO rəsmiləri Rusiyanı sərt və çox təhdidediçi bəyanat atəşinə tutacaqlar. Amma bunu sezmədik və qeyri - ixtiyari olaraq yadımıza bir epizod düşdü.

Rusiyanın Ukraynaya qarşı təcavüzünün ilk vaxtları idi, Krım ilhaq olunmuş, ölkənin şərqində isə Kremlin dəstəyilə separatçılar müharibəyə başlamışdılar. Bir nəfər bizdən soruşdu ki, proseslərin sonu nə olacaq və Qərb Rusiyaya qarşı nə edəcək? Dedik ki, Qarabağ problemi kimi “acı baöırsaq” kimi uazanacaq və Qərb ölkələri də Rusiyaya qarşı sanksiyalarla və bəyanatlarla kifayətlənəcəklər. Həmsöhbətim qayıtdı ki, nə danışırsan, nə Qarabağ-filan, bu, Ukraynadır! Dedim ki, tələsmə, azca gözlə, özün mənim dediklərimə əmin olacaqsan...

Budur, həmin söhbətin üstündən bir neçə il keçibdi, amma Kremlin Kiyevə qarşı təhdidləri nəinki azalmır, əksinə bir az da artır. Bizim Qərb dediyimiz ölkələrsə bir tərəfdən Moskvadan Ukraynanı rahat buraxmağı tələb edir, digər tərəfdən də onunla gizlində, lap məşhur filmimizdə deyilən kimi, him-cim etməklə məşğuldurlar: Tramp Putinə qarşı simpatiyasını gizlətmir, Merkelsə “Voldoya düz eləmir” desə də yenə də Moksvayla işbirliyi qurmaqda, hətta enerji layihələri reallaşdırmaqdadır. Bir sözlə, heç kim Ukraynaya görə Rusiya ilə vuruşmaq və hətta ciddi  şəkidə küsüşmək niyyətində belə deyil.

Münaqişənin uzanması isə insanları müxtəlif fikirlərə yönəldir. Məsələn, hətta bizim insanlarımızın bəzisi deyir ki, niyə görə biz türk dövlətlərinin birliyini-inteqrasiyasını istədiyimiz, hətta buna çalışdığımız kimi slavyan ölkələrinin-Rusiyanın, Ukraynanın və Belarusun belə bir birliyi yaranmasın?

Əslində biz buna qarşı heç nə demirik və hətta deyə də bilmərik, çünki heç kim bizə rusların, belarusların və ukraynalıların əvəzinə danışmaq və ya qərar qəbul etmək səlahiyyəti verməyib. Amma başlayaq bir azca uzaqdan - lap Belarusdan.

Minskin Moskva ilə münasibətlərində böyük ziddiyyətlər mövcuddur, amma buna baxmayaraq onun hələ də Kremllə oyunlar yapmasının bir səbəbi var: Lukoşenko gözəl dərk edir ki, Minsk Kremlə “əlvida!” deyib Avropaya üz tutsa, onun hakimiyyəti heç bircə gün belə çəkməyəcək, ölkə demokratikləşəcək və daha yeni qüvvələr hakimiyyətə gələcəkdir.

Özünüz diqqət edin: MDB-də və KTMT-da hansı ölkələr qalıb və buranı hansı ölkələr tərk edib? Demokratiya yolunu tutan bütün keçmiş sovet ölkələri Moskvaya “əlvida!” deyiblər və Rusiyanın yaxın siyasi ətrafında yalnız avtoritar ölkələr qalıbdır. Lukoşenko da öz hakmiyyətini qorumaq üçün gah Kremllə yaxınlaşır, gah da ki, ondan uzaqlaşır...             

O ki qaldı Ukraynaya, burada vəziyyət daha dramatikdir, çünki yüz illərdir ruslar ukraynalılara “Səni sevəcəm, sən sevməsən də!” deyib durublar və ukraynalıların rus ilhaqına qarşı mübarizəsinin tarixi də heç də bundan az və yaxud dramatik deyildir.

Ukrayna həmişə Rusiyadansa Avropaya, xüsusən Polşa ilə birliyə can atıbdır, amma ruslar özlərinin uydurduqları “ bölünmüş millət” əfsanəsindən əl götürmək istəmirlər. Bu yaxınlarda elə bu xüsusdaca çox  maraqlı yazı oxumuşduq. Bir rus müəllifi yazırdı ki, ydurduğumuz bəzi əfsanələrə özümüzü o qədər inandırmışıq ki, ən adi reallıqları belə sezə və yaxud nəzərə ala bilmirik. Həmin müəllif qeyd edirdi ki, bizim ruslar üçün ukraynalılar həmişə “xoxollar” (kəkillilər), ukraynalılar üçünsə biz “katsap”lar (saqqallılar) olmuşuq, sizsə hansısa mifiq parçalanmış və ya biri-birindən kiminsə “fitnə”silə uzaqlaşmaq yolu tutmüş millətdən dəm vurursunuz!

Bəli, həmin müəllif çox haqlıdır. Amma nə edəsən ki, dünya siyasəti, ən əsası da Kremlin siyasəti haqq yox, güc üstündə qurulubdur...

Hüseynbala Səlimov
Tarix: 29-11-2018, 09:26
Xəbəri paylaş





Xəbər lenti