Ermənistan “ağa”sının üzünə ağ oldu - seçkiyə gün qalmış...


Erməni rəsmisi Putinin köməkçisinə qarşı çıxmaqla mövcud hökuməti “yandırdı”; politoloq: “Paşinyan parlament seçkiləri öncəsi zəif tərəf kimi görünmək istəmir...”

Parlament seçkiləri öncəsi onsuz da gərginlik yaşayan Ermənistan hökuməti digər tərəfdən Rusiya ilə münasibətlərini heç cür nizama sala bilmir. Qəribəsi budur ki, baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan və onun rəhbərlik etdiyi müvəqqəti hökumətin üzvləri də Kremllə konfrontasiyaya meylli görünürlər. 

Belə ki, dekabrın 6-na planlaşdırılan, lakin son anda təxirə salınan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammiti ətrafında gedən sərt polemikalar da Ermənistanın “ideyası” əsasında başlanıb. Belə ki, Paşinyan Rusiya prezidenti ilə telefonla danışdıqdan sonra KTMT toplantısının V.Putinin təklifi ilə təxirə salındığını ictimaiyyətə açıqlamışdı. Erməni mediası Putinlə Paşinyan arasındakı sonuncu telefon danışığına da diqqət çəkərək bildirmişdi ki, guya sammitin təxirə salınması qərarı Rusiya prezidentindən gəlib. Belə ki, Putin KTMT-nin sammitini deyilən vaxtda keçirməməyi və işçi qaydada müzakirələr aparıb növbəti toplantıya hazır qərarlarla gəlməyi təklif edib.

Lakin bundan sonra Rusiya prezidentinin köməkçisi Yuri Uşakov sammitlə bağlı qərarın Ermənistan tərəfinin xahişi ilə verildiyini dedi. Rusiya rəsmisi bildirib ki, Ermənistan seçki təbliğatı ilə məşğul olduğunu əsas gətirib belə bir xahiş edib. “Astanadakı ötən görüşdə liderlər bu barədə (növbəti görüşü dekabrın 6-da keçirmək - red.) razılığa gəlmişdilər, sonra isə... 9 dekabr seçkiləri ərəfəsində keçirilən seçki kampaniyasını əsas gətirən Ermənistan hökumətinin də xahişi nəzərə alınmaqla KTMT-nin sammitini keçirməmək qərarlaşdırıldı”, - Uşakov deyib.

Ermənistanın baş nazirinin müavini vəzifəsini icra edən Armen Yeqoyan isə dərhal Uşakovu təkzib edib. Bildirib ki, Ermənistan KTMT-nin 6 dekabr tarixdə keçirilməsi planlaşdırılan sammitinin təxirə salınması təklifi ilə çıxış etməyib.

Xatırladaq ki, noyabrın 8-də Astana sammiti zamanı KTMT-nin baş katibi vəzifəsini Ermənistandan sonra Belarus nümayəndəsinə həvalə etmək qərarı verilmişdi. Daha sonra həmin ölkənin prezidenti Aleksandr Lukaşenko Azərbaycan səfiri Lətif Qəndilovla görüşü zamanı sözügedən vəzifəyə üç namizədinin olduğunu diqqətə çatdırmışdı. Şübhə yoxdur ki, Ermənistan hökumətinin başçısı parlament seçkiləri öncəsi KTMT-dəki məğlubiyyəti rəsmən dadmaq istəmədiyi üçün sammitin təxirə salınmasını istəyib. İrəvan çox cəhd göstərdi ki, KTMT baş katibliyindəki mövqeyini 2020-ci ilədək qoruyub-saxlasın. Amma Qazaxıstan və Belarusun prinsipiallığı, Rusiyanın sükutu işğalçı ölkəni bu şansdan məhrum etdi. Odur ki, Paşinyan heç olmasa, seçkilərdə qələbəsini təmin edəndən sonra KTMT-dəki zərbəni almağa razılaşıb. Ancaq bunun qarşılığında İrəvanın Rusiyaya meydan oxuması təəccüb doğurur. Faktiki olaraq, Nikol Paşinyan hökumətinin üzvü Putinin köməkçisinə qarşı çıxmaqla mövcud hökuməti “yandırdı”. Şübhə yox ki, Rusiya ona sadiq olanlara dəstək verəcək bu seçkidə...

Elxan ÅahinoÄlu ile ilgili görsel sonucu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Rusiya prezidentinin köməkçisi Yuri Uşakova inanmamaq üçün əsas yoxdur: “KTMT-yə üzv dövlətlərin liderlərinin 6 dekabr Sankt-Peterburq toplantısı Ermənistanın baş naziri Nikol Paşiyanın xahişi ilə təxirə salınıb” açıqlaması Uşakovun dilindən səslənsə də, Rusiya prezidenti Vladimir Putinin ona verdiyi təlimat əsasında səsləndirilib. İndi isə Paşinyan guya deyir ki, belə bir xahişi olmayıb. İnandırıcı deyil. Putinin köməkçisi niyə yalan danışsın ki? Paşinyan ona görə Putindən etdiyi xahişi inkar etməyə çalışır ki, ölkəsində taleyüklü parlament seçkisi öncəsində zəif tərəf kimi görsənməsin".

E.Şahinoğlu mühüm bir məqama da diqqət yetirdi: “KTMT-nin Astanadakı son zirvə toplantısında Qazaxıstan prezidenti Nursultan Nazarbayev qalan 1 ildə Ermənistan nümayəndəsinin baş katib olmasına etiraz etmişdi. Onun bu etirazını Belarus prezidenti Aleksandr Lukaşenko dəstəkləmişdi. Ermənistanın baş naziri Nikol Paşinyan Astanadakı toplantıdan başı aşağı qayıtmışdı. Çünki KTMT-nin Sankt-Peterburqda dekabrın 6-da keçirilməsi planlaşdırılan növbəti toplantısında baş katibliyin Belarusa keçəcəyi faktiki razılaşdırılmışdı. Bircə Rusiya prezidenti Vladimir Putin Qazaxıstanla Belarusun Ermənistanla qovğasına qarışmır, ”müdrikcəsinə" susurdu. Bakıda bəzi siyasi mərkəzlər “Putin Paşinyanı sıxışdırır”, “Paşinyan Putinin nəzarətindən çıxıb” və ya “Rusiya Paşinyanı cəzalandıracaq” kimi Azərbaycan cəmiyyətini “rahatladacaq” açıqlamalar verilirdi. Putin, əksinə, Paşinyanı rahatladı".

Ermənistandakı anti-Rusiya meyllərinin qabarması Rusiyanın İrəvandakı səfirini də narahat edib. Belə ki, Rusiyanın Ermənistandakı səfirliyi 57 yaşlı Gümrü sakininin ölümündə rus əsgərinin günahı olduğu barədə erməni KİV-lərində yayılmış xəbərləri sərt şəkildə təkzib etdi. Qeyd edək ki, erməni mediası səlahiyyətli şəxslərin də nə təsdiq, nə də təkzib etmədiyi şübhəli qətl hadisəsini sürətlə tirajladılar, hətta bir neçə il əvvəl erməni ailəni qətlə yetirmiş Permyakovu xatırladılar. Rusiya səfirliyi isə çox qəzəbli bəyanat yayıb. Hətta bunun qarşılığında erməni mediası səfirin əleyhinə kəskin yazılar tirajlayıb. Bütün bunlar onu deməyə əsas verir ki, Rusiya ilə Ermənistan arasındakı münasibətlər qırılma nöqtəsinə çatıb.

*****

Ancaq bütün bunlara baxmayaraq, Rusiyanın Ermənistanla münasibətlərdə ikili oyun oynadığı da diqqət çəkir. Belə ki, bir tərəfdən İrəvanı sıxan, onu rəzil günə salan Moskva digər tərəfdən həmsədrlik prinsiplərinə zidd davranışlar da sərgiləyir. Elə Bako Saakyanın Rusiyaya səfərinə şərait yaradılması, bunun ardınca Ermənistana qırıcıların satılacağı ilə bağlı anonsun edilməsi şimal qonşumuzun mövqeyi ilə bağlı narahatlığa əsas yaradır.

Politoloq Arzu NaÄıyev ile ilgili görsel sonucu

Politoloq Arzu Nağıyev isə bildirdi ki, Rusiyanın Ermənistana qırıcılar verəcəyi ilə bağlı yayılan söhbətlər yeni bir məsələ deyil: “Bu məsələ 2016-cı ildən mütəmadi olaraq gündəmə gəlir. Sonuncu dəfə isə Paşinyan Rusiya istehsalı olan SU-30SM qırıcı təyyarəsinin kabinəsindən öz sosial şəbəkə profilindən yayım edib. Yəni Ermənistan ərazisində yerləşən Rusiyaya məxsus ”Erabuni" hərbi bazasında (aviabaza 3624) bu qırıcının kimə məxsusluğu ancaq Rusiyanın özünə aid ola bilər. Çünki Rusiya və Ermənistan arasında belə bir müqavilə yoxdur, sadəcə, 1-2 ildir danışıqlar gedir. Ola bilsin Paşinyan belə bir qırıcının alınmasını arzulayır, lakin Rusiya ilə olan son gərginlik çətin ki, bunu reallaşdırar. Bazada olan qırıcı da yəqin ki, nümayiş etdirilmək və ya təlim üçün gətirilib. Ermənistanın, ümumiyyətlə, qırıcı təyyarələri yoxdur, 15 ədəd “SU 25” hücum təyyarələri,18 ədəd artıq köhnəlmiş “MİQ 29”ları var və bunlar da “Erabuni” bazasında saxlanılır".

A.Nağıyev qeyd etdi ki, müqayisədə Azərbaycan ordusu havada Ermənistandan qat-qat güclüdür, İrəvan da bunu hərbi hava qüvvələri hesabına kompensasiya etmək istəyir: “Lakin Azərbaycanın İsrail və digər dövlətlərdən əldə etdiyi PUA və Operativ-taktiki raket kompleksləri erməniləri qorxuya salıb və gücsüzlüyünü göstərir. Son zamanlar Azərbaycanın bununla bağlı Pakistan və Fransa ilə apardığı danışıqlar da Ermənistan rəhbərliyini narahat edir. Bundan başqa, Paşinyan və onun komandası bu metodlarla seçki öncəsi siyasi manevrlər edir və dövlətin müdafiə imkanlarını seçicilərə göstərməyə çalışırlar. Rusiya-Ermənistan münasibətlərində gərginlik hökm sürür və bu hələ o demək deyil ki, onlar strateji portnyor deyillər. Ortada KTMT ilə bağlı həll edilməyən və buna bənzər, o cümlədən Ermənistan-Qərb münasibətləri var. Belə olan şəraitdə Azərbaycanın tutduğu hazırkı mövqe, zənnimcə, ən düzgün mövqedir”.

*****

Ermənistandakı seçki kampaniyasında Qarabağ məsələsi əsas spekulyasiya mövzusu olaraq qalır və bu məsələdən Nikol Paşinyanın devirdiyi Respublika Partiyası ona qarşı istifadə etmək üçün bütün gücünü səfərbər edib. Serj Sərkisyanın partiyasının əsas tezisi bundan ibarətdir ki, Paşinyanın Qarabağ məsələsində hansısa güzəştlərə getmək kimi gizli planı var.

Bu məsələdə vaxtilə Sərkisyan hakimiyyətinə qarşı müxalifətdə olmuş David Şahnazaryan-Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri xüsusi fəallıq edir. Belə ki, Şahnazaryan indi respublikaçıların tərəfinə keçib və partiyanın siyahısından deputatlığa namizəddir. O, az qala hər gün Qarabağ mövzusunda çıxışlar edərək Paşinyanın “torpaqları qaytarmaq niyyəti” barədə iddialar səsləndirir.

Virtualaz.org xəbər verir ki, bu dəfə Şahnazaryan Azərbaycan prezidenti ilə Ermənistanın baş naziri arasında MDB-nin Düşənbə sammiti zamanı təmas xəttində atəşkəsin qorunmasına, iki ölkə rəhbərləri arasında  operativ rabitənin qurulmasına dair əldə edilmiş anlaşmanın İrəvana sərf etmədiyini deyib.

“Əgər diplomatiyada düşmən sizə faydalı olan nəsə təklif edirsə, deməli, bu, böyük tələdir” - Şahnazaryan deyir.

D.Şahnazaryan bildirir ki, bu anlaşmadan istifadə edərək Azərbaycan Naxçıvan istiqamətində yeni mövqelərini möhkəmləndirir. Habelə Qarabağda təmas xətti boyu süni təpələr yaradır. Gələcəkdə bu təpələrdən hücuma keçmək üçün. Şahnazaryana görə, Naxçıvan istiqamətində tərəflərin mövqeləri arasında qalan ərazi may ayından başlayaraq Azərbaycanın xeyrinə azalıb. Azərbaycan ordusunun Naxçıvanda dislokasiya olunmuş bölmələri, dəfələrlə deyildiyi kimi, öz nəzarətindəki əraziləri xeyli artırıb. “Nə baş verib? Düşənbədəki görüşdən sonra həmin mövqelər, hansı ki, artıq tutulmuşdu, yeni təchizat yolları ilə möhkəmləndirilib. Düşənbə razılaşması bax bunun üçün lazım idi” - Şahnazaryan iddia edib.

Erməni siyasətçi onu da iddia edir ki, Qarabağda təmas xətti boyu Azərbaycan hələ may ayından təpələr tikməyə başlamışdı, amma erməni tərəfinin açdığı atəşlərə görə həmin işlər dayandırılmışdı. “Təmas xəttindən 1300-1700 metr aralı, bir-birindən beş kilometr məsafədə təpələr. Sentyabrın 27-dən sonra həmin işlər böyük sürətlə davam etdirilir”  - o deyib. Şahnazaryana görə, həmin süni təpələrin ikili təyinatı var-həm müdafiə, həm hücum əhəmiyyətlidir. “Erməni tərəfinin siyasətini nəzərə alanda biz tərəfdən hücum nəzərdə tutulmur, Azərbaycan isə gecə-gündüz müharibə haqda danışır. Deməli, bu təpələr müstəsna olaraq hücum əhəmiyyətlidir. Yəni Azərbaycan Qarabağa hücum etmək üçün hazırlıqlar görür” - keçmiş xüsusi xidmət rəhbəri bildirib.

Azərbaycan tərəfi hələlik bu iddialarla bağlı hər hansı açıqlama verməyib. Ancaq rəsmi Bakı sülh danışıqlarına sadiqliyini elə 5 dekabrda Milanda keçirilən tədbir çərçivəsində Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünə razılıq verməklə növbəti dəfə nümayiş etdirdi. Digər tərəfdən, Azərbaycanın öz ərazilərini hərbi yolla azad etmək onun müstəsna hüququdur. Nə yazıq ki, erməni tərəfi hələlik bunu anlaya bilmir...

Elşad Paşasoy

Tarix: 6-12-2018, 10:34
Xəbəri paylaş





Xəbər lenti