Bütün KARTLAR AÇILIR, ölümcül NƏTİCƏLƏR… - GÜNÜN SİYASİ XÜLASƏSİ

 MDB dövlət başçılarının qeyri-rəsmi Zirvə toplantısında Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan ilə söhbəti olub. Ermənistanın eks-prezidenti Robert Köçəryanın həbsi haqqında qərar qəbul edilib. ABŞ İran neftini alan ölkələrə xəbərdarlıq edib. Ukrayna prezidenti Pyotr Poroşenko Qərbi Rusiyaya qarşı “Azov paketi” adlı sanksiyaları tətbiq etməyə və prezident Vladimir Putini dayandırmağa çağırıb.
Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçirilmiş MDB dövlət başçılarının qeyri-rəsmi Zirvə toplantısında iştirakı və tədbirin əhəmiyyəti barədə Azərtaca-a müsahibə verib.
Ermənistanın eks-prezidenti Robert Köçəryanın həbsi haqqında qərar qəbul edilib. Qərarı apellyasiya məhkəməsi qəbul edib. Məhkəmə birinci instansiya məhkəmənin həbs haqqında qərarını qüvvədə saxlayıb. Qərarın elan edilməsi zamanı Köçəryan məhkəmə zalında olmayıb.
Qeyd edək ki, bundan öncə Köçəryan həbs etsə də sonradan kassasiya məhkəməsi onun azadlığa buraxılması haqqında qərar qəbul etmişdi. O, 1 mart qırğınlarının təşkilində, konstitusion nizamı dəyişməkdə ittiham edilir.
Ermənistandan kapital axını kəskin artıb. Bu haqda “Joxovurd” qəzeti rəsmi sənədlərə əsasən yazıb.
Rəsmi məlumatlara görə, yalnız 2018-ci ilin oktyabrında kapital axını 121 milyon 461 min dollar təşkil edib. Cari ilin 10 ayı ərzində Ermənistandan 951 milyon 38 min dollar çıxarılıb. Bu, ötən ilin eyni dövrü il müqayisədə 171 milyon 842 min dollar çoxdur. 2017-ci il yanvar-oktyabr dövründə ölkədən çıxarılan valyuta 779 milyon 196 min dollar təşkil edib.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına baş katibin təyin edilməsi haqqında qərar hələlik qəbul edilməyib. Bunu jurnalistlərə açıqlamasında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O bu istiqamətdə işin davam etdirildiyini bildirib. Peskov həmçinin Avrasiya İttifaqı liderlərinin söhbətində bu məsələyə Belarus prezidentinin təşəbbüsü ilə toxunulduğunu deyib.
Xatırladaq ki, Belarus prezidenti Aleksandr Lukaşenko Sankt-Peterburqda qeyri-rəsmi şəkildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibinin seçildiyini bəyan etmişdi.
“Biz az qala gözlənilmədən KTMT-nin iclasını keçirdik və prinsip etibarilə baş katibin təyinatı problemini həll etdik”, - deyə Lukaşenko baş katibin Belarus nümayəndəsi olacağını təsdiqləyib.
İran neftini alan bütün ölkələr mümkün qədər tez bir zamanda bunu dayandırmalıdır. Bu bəyanatı ABŞ Dövlət katibinin köməkçisinin müavini Sandra Oudkirk yayıb. Onun sözlərinə görə, ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalar daha da genişlənəcək:
“5 noyabrdakı sanksiyalara başlanğıc kimi baxmaq lazımdır. Bizim hədəfimiz İranın neft ixracını sıfıra çatdırmaqdır. Bütün idxalatçılar öz tədarüklərini diversifikasiya etməlidirlər”.
Qeyd edək ki, ABŞ bundan öncə Çin, Hindistan, Yaponiya, Tayvan, Yunanıstan, İtaliya, Türkiyə və Cənubi Koreyanı İran sanksiyalarından müvəqqəti azad edib.
ABŞ-ın Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında müqavilədən çıxışı Avropada Amerikanın kiçik və orta mənzilli raketlərinin, həmçinin Polşa və Şərqi Avropanın başqa ölkələrində bazalarının yerləşdirilməsinə gətirib çıxara bilər. Bu haqda “İzvestiya” nəşrində hərbi ekspert Vladislav Şurıqin yazıb.
Onun sözlərinə görə, belə bir ssenari bu əraziləri hərbi müharibə meydanına çevirir və bu dövlətlərin sakinlərini zərbə altına qoyur.
Radikal elementlər “sarı jiletlilər” etiraz hərəkatını Fransa hökumətini devirmək üçün vasitəyə çevirmək istəyirlər. Bunu “Parisien” qəzetinə açıqlamasında Fransa hökumətinin rəsmi nümayəndəsi Benjamin Qrivo deyib.
“Aydındır ki, bu aksiyalar təşkil olunub. Siyasiləşmiş və radikal elementlər çalışır ki, bu hərəkatı vasitəyə çevirsinlər. Onlar hökuməti devirmək istəyirlər. Xüsusi xidmət orqanlarına bəllidir ki, paytaxt aksiyalarında etirazçılar arasında odlu silahlar paylanılır. Əsl sarı jiletlilər canlı qalxan ola bilməzlər. Biz hər kəsi məsuliyyətli olmağa səsləyirik” – deyə o bildirib.
Rusiya Krım ssenarisini bütün Ukraynaya qarşı tətbiq etməli idi. Bunu “Rossiya 1” televiziyasında çıxışı zamanı Rusiya Dumasının deputatı Vladimir Jirinovski deyib.
Onun sözlərinə görə, Moskvanın 2014-cü ildə Ukraynanı ələ keçirməməsi ucbatından Üçüncü Dünya müharibəsi üçün yol açılıb:
“Əgər Kiyevi Krım kimi ələ keçirsəydik, Üçüncü Dünya müharibəsinin bütün ssenarisi məhv olardı. Biz Krım kimi buraya da girsəydik, müharibə olmazdı. İndi situasiya tamam başqa idi”.
Rusiya istənilən an, istənilən yerə hücum edə bilər. Bunu Polşanın TVN24 televiziyasına müsahibəsində Ukrayna Prezidenti Pyotr Poroşenko deyib.
“Heç kim bilmir ki, Rusiya sabah kimə hücum edəcək. Rusiya hərbçiləri “Şimal axını 2”ni müdafiə edə və Baltikyanı ölkələrə hücum edə bilər. Rusiya Ukraynada növbəti seçkilərə zərbə endirə bilər. İndiki situasiyada Ukrayna dünyadan Rusiyaya qarşı birlik istəyir” – deyə o bildirib.
Ukrayna prezidenti Pyotr Poroşenko Qərbi Rusiyaya qarşı “Azov paketi” adlı sanksiyaları tətbiq etməyə və prezident Vladimir Putini dayandırmağa çağırıb. Prezident bu haqda “Nyu York Tayms” nəşri üçün yazdığı məqaləsində bildirib.
“Bir halda ki, işğal altındakı Krım və Donbas bizim ümumi məsələmizdir, Rusiyanın Azov dənizində öz təcavüzünü davam etdirməsinə imkan verilməməlidir. Rusiyaya qarşı “Azov paketi” hazırda dünyanın ən kiçik cavabı olardı. Hələ ki, Qərb danışır, Putin isə hərəkət edir. Cavab vermək vaxtı çatıb”, - dövlət başçısı qeyd edib.
Onun sözlərinə görə, Kerç boğazı ətrafında baş verən son hadisə Rusiya Silahlı Qüvvələrinin birbaşa hərbi hücumu idi.
Tarix: 7-12-2018, 21:33
Xəbəri paylaş





Xəbər lenti