İrəvan Kremldən xəbərsiz Bakı ilə anlaşmaq istəsə...


Elman Nəsirov: “Seçkilərdən sonra onun fərqli mövqe ortaya qoyacağı ehtimalı böyükdür”; Əhəd Məmmədli: “Ermənistan Azərbaycanın real gücünü görməyincə öz mövqeyindən geri çəkilməyəcək”

Azərbaycan və Ermənistan arasında xarici işlər nazirləri səviyyəsində İtaliyanın Milan şəhərində dekabrın 5-də keçirilən görüş zamanı danışıqların gələn ay davam etdirilməsi barədə razılıq əldə olunub. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov görüşün 3 saata yaxın davam etdiyini bildirib: “Üç saatadək davam edən görüşdə tərəflərin bir-birinin mövqeyini daha yaxşı anlaması baxımından çox mühüm və faydalı danışıqlar aparılıb. Bu formatda danışıqların yaxın gələcəkdə, böyük ehtimal ilə gələn ay davam etdirilməsi razılaşdırılıb”.

Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında Qarabağ danışıqları Nikol Paşinyan hakimiyyətə gəlməmişdən bir müddət əvvəl faktiki olaraq dayanmışdı. May ayında Paşinyanın iqtidara gəlişindən sonra prosesin “ölü nöqtə”dən çıxacağı və Paşinyanın konstruktiv mövqe sərgiləyə biləcəyi deyilirdi. Lakin danışıqlar may ayından sonra da uzun müddət bərpa edilmədi. İki ölkənin xarici işlər nazirləri arasında danışıqlar təxminən iki aydır başlayıb. Lakin hələ ki bu danışıqlardan da ciddi nəticə yoxdur. Paşinyan hakimiyyətə gələndə və Ermənistanda yeni siyasi şərait yarananda kövrək ümidlər yaranmışdı ki, Qarabağ məsələsinin həllini asanlaşa bilər. Lakin bu ümidlər hələ ki doğrulmayıb.

Politoloq ÆhÉd MÉmmÉdli ile ilgili görsel sonucu

Politoloq Əhəd Məmmədli “Yeni Müsavat”a şərhində bildirdi ki, Paşinyanın hakimiyyətə gəlişindən sonra bir daha sübut olundu ki, Ermənistanda daxili siyasi situasiyanın necə olmasından asılı olmayaraq ermənilər Qarabağ məsələsində geri çəkilmək niyyətində deyillər: “Hətta ABŞ səfiri də bu yaxınlarda bəyan etdi ki, İrəvanda heç kim işğal olunmuş rayonların Azərbaycana qaytarılması haqda düşünmür. Ermənilər açıq şəkildə deyirlər ki, bu torpaqları qan tökərək alıblar və qanla aldıqları torpaqları sülhə geri qaytarmaq barədə fikirləşmirlər. Nikol Paşinyan da ermənidir və populist siyasətçidir, eyni zamanda erməni cəmiyyətinin ziddinə gedən addım atmağa cürə edə bilmədiyini arxada qalan aylar ərzində ortaya qoymuş oldu. Belə görünür, heç bir erməni iqtidarı Qarabağdan vaz keçmək fikrində deyil.

Bir dəfə Levon Ter-Petrosyan gələcəyi görərək Qarabağ məsələsində güzəştlərə getmək istədi, ancaq hakimiyyətindən oldu. Ermənistan parlamenti gülləbaran edildi. Həmçinin Paşinyan Rusiyanın xəbəri olmadan Qarabağ məsələsində Azərbaycanla anlaşmaq istəsə, bu, onun ölkəsi üçün böyük problemlərlə nəticələnə bilər. Siyasi-iqtisadi-hərbi sahədə Ermənistanı təsirində saxlayan Rusiyanın xəbəri, razılığı olmadan Paşinyan istəsə belə, Qarabağ məsələsində Azərbaycanla razılığa gələ bilməz. Bir çoxlarında belə ümid var idi ki, Paşinyan hökumətinin Rusiya ilə münasibətlərinin soyuqluğu, yeni hakimiyyətin Qərbə meylli olması Moskvanın “Qarabağ kartı” ilə Ermənistanı cəzalandırmasına səbəb ola bilər. Artıq söyləmək mümkündür ki, bu ehtimallar da özünü doğrultmadı".

Ekspertin fikrincə, 9 dekabr parlament seçkilərindən sonra da nəyinsə dəyişəcəyi gözlənilmir: “Paşinyan yenə özünü əvvəlki kimi aparacaq. Azərbaycan Ermənistana real güc göstərməyənə qədər İrəvan öz mövqeyindən geri çəkilməyəcək. Rusiya Ermənistanı cəzalandıracaq ümidinə də dediyim kimi, çox bağlanmamalıyıq. Ermənistanı Azərbaycan cəzalandırmasa, heç kəs cəzalandıran deyil”.

Ä°lgili resim

Deputat, politoloq Elman Nəsirli isə hesab edir ki, seçkilərdən sonra Dağlıq Qarabağla bağlı məsələlərdə Paşinyanın seçkiqabağı kampaniyalarda söylədikləri fikirlərdən fərqli mövqe ortaya qoyacağı ehtimalı böyükdür: “Bunu artıq Ermənistanda siyasətçilər dilə gətirirlər. Ermənistanın milli təhlükəsizlik şurasının keçmiş katibi, Respublika Partiyasından deputatlığa namizəd David Şahnazaryanın mövqeyinə görə, Paşinyan Dağlıq Qarabağı Azərbaycana qaytarmağa hazırlaşır və ictimai fikri bu istiqamətdə formalaşdırmaq istəyir. Dağlıq Qarabağ məsələsi Ermənistanda 9 dekabr parlament seçkilərinin ən mühüm seçkiqabağı kampaniya mövzusudur. Nikol Paşinyan tərəfdarları ilə Qarabağ klanı bir-birini ittiham etmək üçün məhz "Qarabağ kartı"ndan vasitə kimi istifadə edirlər. Hər iki tərəf çox gözəl dərk edir ki, Paşinyana məxsus partiya və onun komandası parlament seçkilərində qalib gəlsə, ona Dağlıq Qarabağdakı rejimlə haqq-hesabı çürütmək üçün münasib fürsət yaranacaq. Belə olan vəziyyətdə klanı heç də müsbət gələcək gözləmir. Gözlənilir ki, Paşinyan qalib gəlsə, istənilən hadisə baş verə bilər. Hadisələr ən gözlənilməz ssenari üzrə inkişaf edə bilər. Düşünürəm ki, seçkilərdən sonra Dağlıq Qarabağla bağlı məsələlərdə Nikol Paşinyanın seçkiqabağı kampaniyalarda söylədikləri fikirlərdən fərqli mövqe ortaya qoyacağı ehtimalı böyükdür. O, bəyan edir ki, Dağlıq Qarabağ münaqişəsi danışıqlarla yoluna qoyula bilər. Lakin seçkilərdən sonra Paşinyanın fərqli davranışları istisna olunmur".

ETİBAR

Tarix: 8-12-2018, 09:33
Xəbəri paylaş





Xəbər lenti