“Böyük beşlik”də həlledici dəyişiklik: NƏYƏ HESABLANIB?


“Böyük beşlik”də həlledici dəyişiklik: NƏYƏ HESABLANIB?

Almaniyanın vitse-kansleri və maliyyə naziri Olaf Şolts Fransaya BMT Təhlükəsizlik Şurasında daimi üzv statusunu Avropa Birliyi nümayəndəsi statusuna güzəştə getməyi tövsiyə edib.Onun bu təklifi Almaniya ilə Fransa arasında ciddi diplomatik qalmaqal kimi qiymətləndirilib.Fransanın BMT-dəki nümayəndəsi Fransua Delar bəyan edib ki, Almaniya Sosial-Demokrat Partiyasının müvəqqəti sədrinin bu təklifi yerinə yetirilə bilməz.“Le Monde” qəzetinə müsahibəsində fransalı diplomat bildirib ki, Almaniyanın subyektiv siyasi maraqlarını üstün tutduğuna işarə edib. 

“Yekdilliklə Təhlükəsizlik Şurasının ən aktiv üzvlərindən biri hesab edilən Fransa üçün nəticələrin necə olacağından bəhs etmədən bunun yanlış ideyaya bariz nümunə olduğunu söyləyə bilərik.AB-nin Təhlükəsizlik Şurasında iştirakı üçün daimi yerin yaradılması zamanı həll edilməyən hüquqi və siyasi çətinliklər də bura əlavə edilir.Halbuki  BMT nizamnaməsinə əsasən, yalnız ayrı-ayrı dövlətlər BMT üzvü ola bilər. Fransa və Almaniya Təhlükəsizlik Şurasının tərkibinin genişləndirilməsi üçün onların bütün nüfuzunun istifadəsindən və bir neçə yeni daimi üzvün - Almaniya, həmçinin Hindistan, Braziliya, Yaponiyanın qoşulmasından ibarət birgə strategiyaya malik kurs götürməlidirlər”, - Delar belə deyib. 

O, əlavə edib ki, bu cür genişlənmə Təhlükəsizlik Şurasının nümayəndəlik qabiliyyətinin güclənməsi, eyni zamanda BMT-nin etibarlılığı üçün lazımdır.

Siyasi müşahidəçilərin fikrincə, Almaniyanın bu təklifi Avropada əsas rəqibi olan Fransanı beynəlxalq səhnədə sıxışdırmaq, eyni zamanda rəsmi Berlinin uzun illərdir BMT Təhlükəsizlik Şurasının Daimi Üzvlüyə olan  iddiasını Avropa Birliyinin təmsilçiliyi çərçivəsində reallaşdırmaqdır. Əgər Avropa Birliyi xüsusi statusla BMT TŞ-da daimi üzv statusu qazanarsa, bu ittifaqın lider dövləti olan Almaniyanın beynəlxalq mövqeyini möhkəmlədə bilər.

Yaranmış vəziyyəti “Cümhuriyət” qəzetinə şərh edən politoloq Nəzakət Məmmədova hesab edir ki, Almaniyanın bu təklifi son vaxtlar Fransaya qarşı müttəfiqləri tərəfindən artan beynəlxalq təzyiqlərlə bağlıdır: 

“Bu prosesin arxasında ABŞ dayanır. Hətta bir müddət öncə rəsmi Berlin Dağlıq Qarabağ münaqişəsinin həllinə dair ATƏT-in Minsk Qrupunda həmsədrliyin Fransadan alınıb Almaniyaya, ya da Avropa Birliyinə verilməsini təklif etmişdi.Son dövrlər Fransanın BMT Təhlükəsizlik Şurasının daimi üzvlüyündən kənarlaşdırılması təklifi irəli sürülür.Bu, Fransanın beynəlxalq səviyyədə mövqelərinin əlindən alınmasıdır.Prezident Emmanuel Makronun vahid Avropa ordusu yaratmaq, eyni zamanda, ABŞ-ın təsir dairəsindən çıxmağa dair bəyanatlarından sonra Vaşinqton Fransanı beynəlxalq mövqelərindən məhrum etməyə çalışır.Almaniyanın təklifi də onun bir hissəsi sayıla bilər.Yəni Avropa Birliyinin lider dövləti kimi birincilik Fransadan alınır və Avropa Birliyinin daxil olduğu Almaniyaya verilir.Yəni təklifin mahiyyəti bundan ibarətdir.Hətta son vaxtlar Fransanın Ermənistanda və Gürcüstanda Rusiya ilə geosiyasi maraqlarını yaxınlaşdırması, ABŞ-a qarşı meydan oxumaqdır.Rusiya ilə Fransanın ABŞ-a qarşı birləşməsinə cavab olaraq, Vaşinqton da Parisi beynəlxalq mövqelərindən məhrum etməyə çalışır.BMT Təhlükəsizlik Şurasında cərəyan edən proseslər də bununla bağlıdır.Avropa Birliyində Amerikanın çox güclü lobbisi var. ABŞ-a münasibətdə Avropa lobbisi iki qrupa bölünür-Avrosentristlər və Amerikanosentristlər.Avrosentristlər Fransa prezidenti ilə eyni mövqedən çıxış edərək bildirir ki, Avropanın problemlərini ABŞ deyil, özümüz həll etməliyik.Digər qrup isə hesab edir ki, ABŞ Avropanın problemlərinin həllinə kömək etməlidir.Fransanın BMT-dəki daimi nümayəndəsinin Almaniyanın təklifinə etiraz etməsi bu ideyanın əslində kənardan gəldiyini göstərir.Deməli, Almaniyaya bu təlimatı ABŞ verə bilər.Almaniyanın özü xeyli müddətdir BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmaq istəyir.Rəsmi Berlin hesab edir ki, BMT-nin hazırkı strukturu İkinci Dünya müharibəsindən sonrakı reallığı əks etdirir.Həmin vaxt Almaniya məğlub olmuşdu, məğlub dövlət idi.Bu gün isə dünya düzəni dəyişib və Almaniya Fransadan da qüdrətli dövlətdir.Ona görə də Almaniya da BMT Təhlükəsilzik Şurasının daimi üzvü olmalıdır.ABŞ da bundan istifadə edib Fransanın daimi üzvlüyünü ləğv etmək istəyir.Məncə bu daha çox Fransaya xəbərdarlıq etmək məqsədi daşıyır”.

Lakin Nəzakət Məmmədova yaxın illərdə BMT TŞ-nın daimi üzvlərinin sayının dəyişəcəyini inandırıcı saymır. Onun sözlərinə görə, BMT-nin strukturunun yenidən qurulması üçün dünya düzəninin dəyişməsinə ehtiyac var. Rusiya isə buna mane olacaq: 

“BMT Təhlükəsizlik Şurasının daimi üzvlüyündə tək Fransanın olması Rusiyaya daha sərfəlidir, nəinki Avropa Birliyi. Veto hüququndan istifadə etməyə ehtiyac yarananda Fransa ilə Rusiya anlaşa bilir. Avropa Birliyi ilə razılığa gəlmək isə Rusiya üçün çətindir.Çünki Avropa Birliyində çoxlu sayda dövlət təmsil olunur.Ona görə də yaxın gələcəkdə daimi üzvlüyə yeni dövlətlərin qəbul olunacağı real görünmür.Çünki MBT özü buna hazır deyil”.

Müşfiq Abdulla
Cebhe.info

Tarix: 8-12-2018, 20:14
Xəbəri paylaş





Xəbər lenti