Qarabağ üçün susan ƏDALƏT


Qarabağ üçün susan ƏDALƏT

20 ildən artıqdır davam edın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar heç bir nəticə verməyib. ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyi nəticəsində münaqişənin həllində heç bir irəliləyiş hiss olunmur. Minsk Qrupunun həmsədr ölkələrinin rəsmiləri isə münaqişənin həlli ilə bağlı “dişsiz bəyanat”larını davam etdirirlər. ABŞ dövlət katibinin Avrasiya və Avropa məsələləri üzrə köməkçisi Ues Mitçell Milanda keçirilən ATƏT Xarici İşlər Nazirləri Şurasının illik iclasında deyib ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində işləri davam etdirmək lazımdır. 

Onun sözlərinə görə, Rusiya ATƏT qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmir, regionda gərgin vəziyyət yaradır: 

"Gürcüstanda və Moldovada bunu müşahidə edirik. Onlar Gürcüstan torpaqlarının işğalını davam etdirməklə və qoşunlarını bu ölkələrin ərazilərindən geri çəkməməklə münaqişələri uzadır və regionda parçalanmanı dərinləşdirir".

ABŞ rəsmisi açıqlamasında Gürcüstan və Moldova münaqişələrində Rusiyanı işğalçı kimi təqdim etsə də, Dağlıq Qarabağ məsələsində Ermənistanın adını çəkməyib.Bu da Qərbin münaqişəyə ikili standartlardan yanaşdığının daha bir nümunəsidir.Sülh yolu həlli nə deməkdir?Əgər Ermənistan 20 ildən uzun zamandır ki, sülh yoluna gəlmirsə, Azərbaycan nə qədər gözləməlidir?Niyə Gürcüstan və Moldovadakı problem adıyla çağırılır, Rusiyanın adı çəkilir, Qarabağ problemində isə Ermənistanın adı çəkilmir?

Hərbi-siyasi ekspert Üzeyir Cəfərov “Cümhuriyət” qəzetinə şərhində deyib ki, həmsədr dövlətlər danışıqlar prosesindən həzz alırlar: 

“Bu məsələni biz azərbaycanlılar həll etməli və öz adı ilə çağırmalıyıq. Nə ABŞ, nə Rusiya, nə də Fransa Dağlıq Qarabağ məsələsinin həllində maraqlı deyil. Onlar bu məsələni sırf Rusiyaya həvalə ediblər.Rusiyanın isə Cənubi Qafqazda yeganə olaraq güvəndiyi, arxalandığı dövlət formal da olsa Ermənistandır. Ona görə bu illər ərzində bir dəfə də olsun ATƏT-in Minsk Qrupunun həmsədrləri olan ABŞ, Rusiya və Fransanın özlərinin də daimi üzvü olduqları BMT Təhlükəsizlik Şurasında səs verdikləri sənədin adını eşitmədik. Bu dövlətlər bir dəfə də demədi ki, BMT-də 4 sənədə səs vermişik və o sənəddə göstərilir ki, Ermənistan işğalçıdır və qeyri-şərtsiz olaraq Azərbaycan ərazilərindən çıxmalıdır.Prezident İlham Əliyev də dəfələrlə bəyan edib ki, beynəlxalq hüquq bərbad durumdadır.İndi ABŞ rəsmisi Ermənistanın adını çəkmir.Bunlar sanki danışıqlar prosesindən “mazoxist” kimi həzz alırlar”.

Ü.Cəfərov qeyd edib ki, Ermənistan beynəlxalq hüquqa hörmət etmir: 

“Ötən gün xarici işlər naziri Elmar Məmmədyarov deyir ki, intensiv danışıqların davam etdirilməsi üçün razılaşdıq. Hörmətli nazir görmür ki, 20 ildir bu boş-boş danışıqlar gedir, Ermənistan 20 metr torpaq belə qaytarmayıb.Bundan sonra nə qədər danışıqlar aparılmalıdır ki, torpaqlar qaytarılsın.Hər şeyi öz adı ilə çağırmaq lazımdır.İşğalçı Ermənistan beynəlxalq hüquqa hörmətlə yanaşmalıdır.Ermənistan heç bir beynəlxalq hüquqa hörmət etmir.Həmsədr dövlətlər bunlara baş sala bilmir ki, sən başqa torpaqlarda oturmusan, bu da rəsmi sənədlərdə öz əksini tapıb.ABŞ rəsmisi deyir ki, münaqişə sülh danışıqları ilə həll edilməlidir.Həmin o rəsmi şəxs ortaya qoysun ki, 20 ildir gedən danışıqlarda nəyəsə nail olunub.Başa düşürəm, biz ABŞ-a, Fransaya, Rusiyaya qarşı güc nümayiş etdirə bilmərik, amma heç olmasa haqqımızı bunlara verməyək”.

Üzeyir Cəfərovun sözlərinə görə, Dağlıq Qarabağın Azərbaycandan qoparılması həmsədr dövlətlər arasında razılaşdırılıb: 

“Rusiya separatçını ölkəsinə dəvət edir, qucağında bəsləyir, Azərbaycan səsini çıxaran kimi Mariya Zaxarova çıxıb deyir ki, Azərbaycan Xarici İşlər Nazirliyi düzgün mövqe sərgiləmir. Sən separatçını Moskvada qarşılayırsan, sonra deyirsən ki, niyə narahatsız?Ona görə ki, Azərbaycan torpaqlarını işğal edən separatçını sən öz ölkəndə əzizləyirsən. Görünən odur ki, ABŞ, Fransa, Rusiya öz aralarında razılaşdırılmış iş aparırlar. Razılaşdırılmış iş isə ondan ibarətdir ki, Dağlıq Qarabağ Azərbaycandan qoparılmalıdır. BMT-nin bivec baş katibi Qutiyereş də deyir ki, münaqişə sülh yolu həll olunmalıdır. Adamdan soruşarlar: səndən qabaqkı Kofi Annan, Butor Qali və digər dünyasını dəyişən baş katiblər nə həll etdi ki, sən nəyi həll edəsən. Sülh yolu həll edin də, mane olan var sizə? Sadəcə olaraq nizamlanma prosesi, bu danışıqlar onlar üçün gözəl iş yeridir. Ötən gün tədbirlərin birində bir xarici diplomat deyir ki, nə yaxşı ki, bu münaqişələr var, bu cür fikirlər səslənir, biz də yazıb pozuruq.Bax, budur bunların xisləti.Özü də həmin diplomat ATƏT-in Minsk Qrupunda təmsil olunan ölkənin nümayəndəsidir.Beynəlxalq hüququ, ədaləti təmsil edən bunlardır da”.//Cebhe.info//


Tarix: 9-12-2018, 09:42
Xəbəri paylaş





Xəbər lenti