Yeni dünya böhranı: RİSKLƏR ARTIR


Yeni dünya böhranı: RİSKLƏR ARTIR

"Fitch" beynəlxalq reytinq agentliyinin "Global Economic Outlook" icmalında bildirilir ki, qlobal iqtisadi artım zəifləyir və daha az balanslı olur. 

Eyni zamanda, xüsusilə 2020-ci ildə azalma riskləri ilə bağlı ehtimallar yüksəlir. Agentliyin baş iqtisadçısı Brayan Kulton (Brian Coulton) bildirib ki, hələlik dünya iqtisadiyyatı yüksək templərlə böyüyür, bununla belə qlobal artım mənzərəsində tənəzzül əlamətləri təzahür etməyə başlayır: 

"Avrozonada artımla bağlı xəyallar yenidən puç olur, dünya ticarəti yavaşlayır və Çində iqtisadi artım tempinin azalması artıq proqnoz yox, faktdır”. İcmalda həmçinin bildirilib ki, dünyanın aparıcı üç iqtisadiyyatında artım dinamikası daha fərqli hala gəlir: "ABŞ-da iqtisadiyyat əvvəlki illə müqayisədə artmaqdadır, bununla yanaşı, avrozona və Çində artım templəri aşağı düşür". 

"Fitch"in analitikləri hesab edir ki, bu il və gələn il qlobal iqtisadi artım proqnozları dəyişməyəcək. Onların fikrincə, 2018-ci ildə qlobal iqtisadi artım 3,3 faiz, 2019-cu ildə 3,1 faiz, 2020-ci ildə isə 3 faiz təşkil edəcək.

Maraqlıdır, yaxın iki ili dünya iqtisadiyyatı üçün böhranlı dövr saymaq olarmı?

İqtisadçı-ekspert Vüsalə Əhmədova “Cümhuriyət” qəzetinə bildirib ki, yaşanmış bütün iqtisadi böhranlarla FED siyasəti və ABŞ iqtisadiyyatı arasında qüvvətli əlaqə var: 

“1980-ci illərə qədər böhranların əsas səbəbi ABŞ iqtisadiyyatının dünya iqtisadiyyatına güclü təsiri idisə, son 30 ildə əsas səbəb FED xaricində dünyanın böyük mərkəzi banklarının (Avropa, İngiltərə, Çin, Yaponiya) qlobal miqyasda effektiv fəaliyyət göstərməməsidir. Demək olar ki, FED dünya iqtisadiyyatını idarə edən mərkəzi bankdır. Bu baxımdan da ABŞ iqtisadiyyatındakı problemlər tez və ya gec bütün dünyaya sirayət edir. Böhranların bir çox fərqli səbəbləri olsa da, yaxın tarixdə qarşılaşdığımız bütün böhranların əsas səbəbi dövlət borclarıdır. Buraya şəxs və şirkət borclarını da əlavə edə bilərik. Son 10 ildə dünyada borc nisbəti 50 faiz artmışdı. Qlobal iqtisadi böhranın olub-olmayacağı sualına cavab tapmaq üçün isə ilk öncə ABŞ-ın dövlət borclarına nəzər salmaq lazımdır. 2001-ci ildə Dot-Com böhranı zamanı ABŞ iqtisadiyyatı tənəzzülə uğradı. Həmin dövrdə ABŞ ÜDM-u 10,3 trilyon dollar, FED uçot dərəcəsi 6 faiz, ABŞ dövlət borcu 5,8 trilyon dollar, ABŞ ÜDM-nun ABŞ dövlət borcuna nisbəti isə 56,3 faiz təşkil edirdi. Hazırda isə ABŞ ÜDM-u 20,4 trilyon dollar, FED uçot dərəcəsi 2,25 faiz, ABŞ dövlət borcu 21,8 trilyon dollar, ABŞ ÜDM-nun ABŞ dövlət borcuna nisbəti isə 106,8 faiz təşkil edir. FED böhranlardan çıxmaq üçün hər dəfə uçot dərəcələrini aşağı salmaqla birgə, böyük miqdarda dollar tədavülə buraxır. Lakin böhrandan çıxdıqdan sonra təkrar uçot dərəcələrini qaldırır. Hər dəfə böhrandan sonra uçot dərəcələrinin təkrar 4 faizə qaldırılması isə yeni bir böhran və ya tənəzzülün əsasını qoyur”.

Ekspert ötən gün FED rəhbərinin uçot dərəcələrinin neytral faiz nisbətinə yaxın olduğunu ifadə etdiyini də xatırladıb: 

““Neytral faiz dərəcəsi” mərkəzi bankların iqtisadi hərəkətliliyə müsbət və ya mənfi təsir göstərmədiyi balans səviyyəsinə verilən addır. Təqribən bir ay əvvəl FED rəhbəri neytral uçot dərəcəsinin daha yüksək ola biləcəyini bəyan etdi. Belə bir açıqlama 2020-ci ildə uçot dərəcələrinin artırılacağına işarə edirdi. Hazırda isə neytral uçot dərəcəsinin azaldılacağı yönündə ifadələr işlədilir. Bu ziddiyyətli ifadələr çaşqınlıq yaradır. FED-in uçot dərəcələri hazırda 2,25 faiz təşkil edir. Gələn ilə bir neçə dəfə faiz artımı reallaşdırılarsa, 2020-ci ildə uçot dərəcələri 3,25 faiz ola bilər. Buradan belə görünür ki, FED 2020-ci ildə faiz dərəcələri ilə bazarı hərəkətə gətirə bilməyəcəyi üçün böyük ehtimalla dollar çap edəcək. Növbəti böhran baş verərsə, ABŞ-ın dollar çap etmək xaricində hər hansı bir həll yolu qalmayacaq. Dollar çapı isə dünya üçün kifayət qədər risklidir”.

Vüsalə Əhmədovanın qənaətincə, hazırda ABŞ-Çin razılaşması maliyyə bazarları və real iqtisadiyyatlar üçün dopinq rolunu oynayır: 

“Son “G-20” sammitində Trampın ABŞ və Çin arasında gedən ticari savaşa 90 günlük fasilə verməsi, yavaşlayan dünya iqtisadiyyatının ABŞ üçün də tənəzzül təhlükəsi yaratmasından qaynaqlandığı söylənə bilər. Hazırda ABŞ-Çin razılaşması maliyyə bazarları və real iqtisadiyyatlar üçün dopinq rolunu oynayır. Keçən həftə FED rəhbərliyinin “faiz artırımlarını yavaşlatmağa və hətta sona çatdırmağa yaxınlaşırıq” kimi açıqlama verməsinə də bu prizmadan yanaşmaq olar. 

Bu açıqlamanın qısa müddətli perspektivdə inkişaf etməkdə olan ölkələrin lehinə olduğunu söyləyə bilərik. Ancaq, 2019-cu ildə qlobal iqtisadi böhrana səbəb olacaq risklər də mövcuddur. 2018-ci il inkişaf etməkdə olan ölkələr üçün çətin il oldu. Bu ölkələrdə problemli kreditlərin miqdarında artım yaşandı. Bankların inflyasiya səbəbilə faizləri artırması onların gəlirini azaltdı. İnkişaf etməkdə olan ölkələrdəki problemlərin inkişaf etmiş ölkələrə sıçraması da krizə səbəb olur. Dünya iqtisadiyyatında 2010-ci ildən bu günə davam edən artım mərhələsində diqqətə çarpan yavaşlama yaşanır. 2010 və ya 2021-ci illər üçün dünya iqtisadiyyatının tənəzzüllə üzləşəcəyini ehtimal etmək olar”./Cebhe.info//


Tarix: 9-12-2018, 21:31
Xəbəri paylaş





Xəbər lenti