İran unudur ki, Azərbaycanı təhdid etməyin heç bir anlamı yoxdur



Rəsmi Bakı haqlı olaraq, İrandan Azərbaycanın suveren hüquqlarına hörmət olunmasını tələb edir; İranlı diplomat isə bütün etik normaları aşaraq, hətta özünə belə, doğru-düzgün aydın olmayan mifik səbəblər uydurur, “İran milli təhlükəsizliyinin təminatı üçün bütün lazımi addımları atacaq”, deməklə, Azərbaycanı təhdid etməyə çalışır…

Azərbaycan-İran münasibətləri adətən, həmişə dostluq və mehriban qonşuluq faktorları ilə xarakterizə olunub. Hər halda, hər iki ölkənin siyasi dairələri tərəfindən verilən açıqlamalarda bu faktorlara bağlı tezislər daha ön plana çıxarılırdı. Və hər iki ölkə siyasi-diplomatik normalara riayət etməyə üstünlük verirdi.
Ancaq bu iki qonşu ölkə arasında münasibətlərdə hər zaman müəyyən problemlərin olduğu da inkaredilməz reallıqdır. Rəsmi Bakı İranın Ermənistanla yaxın münasibətlərindən heç vaxt məmnun olmayıb. Halbuki, bunu xüsusi olaraq, qabardıb, gündəmə gətirməyə də ehtiyac duymayıb.
İran isə keçmiş SSRİ-nin dağılmasından üzübəri Ermənistanda xüsusi təsir imkanlarına malik olmağa can atmaqda israrlı davranıb. Ermənistana müxtəlif təyinatlı yardımlar göstərilib. Rəsmi Bakının razılığı alınmadan Azərbaycanın Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti dislokasiya olunduğu bölgəsindəki separatçı ermənilərə davamlı olaraq, ağırtonnajlı maşınlarla yüklər çatdırılıb. Və həmin yüklərin təyinatı müəmmalı xarakter daşıyır.
cqaf-unnamed.jpg (27 KB) 
Rəsmi Bakı uzun müddət bütün bunlara səbrli yanaşsa da, İran tərəfindən Azərbaycanın suveren hüquqlarına və ərazi bütövlüyünə hörmətsiz yanaşılmasına səbrli yanaşmağa çalışıb. Bu barədə irad və narazılığını rəsmi Tehranın diqqətinə siyasi-diplomatik kanallarla çatdırmağa üstünlük verib. Və rəsmi Tehranın həmin iradlara daha həssas yanaşağına inanıb.
Ancaq Azərbaycan Prezidenti İlham Əliyevin açıqlamasından sonra İranın heç də adekvat davranmadığı məlum oldu. Belə ki, Prezident İlham Əliyev İran yük maşınlarının Azərbaycan ərazisi olan Xankəndi və ətraf bölgəyə sürəkli səfərlər etməsinə rəsmi Bakının iradlarının gözlənilən nəticəni vermədiyini bildirdi. Və bu səbəbdən də, Görus-Qafqan yolunun Azərbaycan ərazisindən keçən hissəsində polis və gömrük məntəqələrinin qurulduğunu vurğuladı.
Göründüyü kimi, rəsmi Bakı yalnız son çıxış yolu kimi bu addımı atmaq məcburiyyətində qalıb. Çünki rəsmi Tehran adətən, İran yük maşınlarının Xankəndi və ətraf bölgəyə icazəsiz səfərləri ilə bağlı iddiaları dərhal təkzib edirdi. Gorus-Qafqan yolunun nəzarətə götürülməsindən sonrasa, rəsmi Tehranın bu prosesi təkzib etmək imkanları qapanmış oldu. Hər halda, bu yoldan ən çox Xankəndiyə istiqamət almış İran yük maşınlarının istifadə etdiyi inkaredilməz fakta çevrildi.
Onu da qeyd edək ki, Gorus-Qafan yolunun nəzarətə götürülməsindən sonra İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi bu reallığı etiraf etməli oldu: “Təəssüf ki, sosial şəbəkədə həqiqətə uyğun olmayan məlumatlar çox yayılır. Yük maşınları məsələsini araşdırdıq. Məlum oldu ki, özəl şirkətlər bu addımı atıblar. Biz özəl şirkətlərə xəbərdarlıq etdik ki, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşsınlar”.
 photo_144775.png (376 KB)
Əlbəttə ki, İran səfirinin bu açıqlaması məzmunca təqdirəlayiqdir. Ancaq deyilənlərlə edilənlər arasında ciddi fərqlər isə yenə də qalmaqdadır. Hər halda, Azərbaycanın Xankəndi və ətraf bölgəsinə İran yük maşınlarının səfərləri Gorus-Qafqan yoluna alternativ marşrutlarla hələ də davam edir. Və Xankəndidə olan erməni separatçıları yenə də İran TIR-larının daşıdığı yüklərin sayəsində öz pozuculuq fəaliyyətlərini davam etdirə bilirlər.
Halbuki, İran səfiri təmsil etdiyi ölkənin separatçılığa qarşı olduğunu və hər hansı üçüncü tərəfin Azərbaycanla münasibətlərə xələl gətirə bilməyəcəyini də vurğulamışdı: “Ermənistan qonşularımızdan biridir. Biz hər zaman separatçılığa qarşı olmuşuq. Bizim dövlət səviyyəsində həm daxili, həm xarici siyasətimizi Ali lider təyin edir. Ali lider həm də Ali Baş Komandan, həm də siyasi liderdir. Ali liderin bəyanatında Qarabağın Azərbaycanın ayrılmaz bir hissəsi olduğu vurğulanıb. Ancaq mən arxayınlıqla deyirəm ki, üçüncü tərəflər ikitərəfli münasibətlərə xələl gətirə bilməyəcək”.
İran səfirinin bu açıqlaması da əslində, müsbət məzmun daşıyır və qaneedicidir. Ancaq təəssüf ki, yenə də deyilənlərlə edilənlər bir-birinə qətiyyən uyğun gəlmir. Çünki, əgər, rəsmi Tehran Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşırsa, onda, iki ölkənin sərhəd bölgəsində tez-tələsik hərbi təlimlərin başladılmasının səbəblərini necə izah etmək lazımdır? Axı, bu hərbi təlimlər məhz Gorus-Qafan yolunun Azərbaycandan keçən hissəsinin nəzarətə götürülməsindən sonra başladı? Bəlkə, rəsmi Tehran bu addımı ilə Azərbaycandan 30 ilə yaxın bir müddət ərazində işğal altında qalmış qanuni ərazilərini nəzarət altına alarkən, İranla razılaşdırmağı tələb edir?
Əlbəttə ki, bunu heç bir suveren ölkə qəbul etməz. Həm də rəsmi Bakı İrandan o qədər də çox şey istəmir. Sadəcə, İranın Azərbaycanın ərazi bütövlüyünə hörmət etməsində israrlı davranır. Və bunu Azərbaycan Prezidenti İlham Əliyev də haqlı olaraq, açıq şəkildə gündəmə gətirir: “İran Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizliyə son qoymalıdır. Biz yenə gördük ki, bu TIR-lar müharibədən sonra da ora getməyə davam edir. Belə olan halda, mən Prezident Administrasiyanın əməkdaşlarına göstəriş verdim ki, İranın Azərbaycandakı səfiri ilə danışsınlar".
iran-tir.jpg (41 KB)
Beləliklə, anlaşılan odur ki, Azərbaycanın ərazi bütövlüyünə hörmət tələbi və Gorus-Qafan yolunun özünə aid hissəsini nəzarətə götürməsi rəsmi Tehranı qətiyyən məmnun etməyib. Və nəticədə dərhal sərhəd bölgəsində hərbi təlimlərlə güc nümayişinə yönəlik mesajlar vermək niyyətinə düşüb.
Düzdür, İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi yenə də bu məsələni nisbətən yumşalda biləcək açıqlamalarla münasibətlərin gərginləşməsinin qarşısını almağa çalışdı: “İranın keçirdiyi təlimlərlə bağlı məsələ yanlış formada təqdim olunub. Təlimlərlə bağlı məlumat aylar öncə Azərbaycan tərəfinə verilib. Bu, planlı təlimlərdir və davamlı həyata keçirilir. Bundan əvvəl Qərbi Azərbaycanda keçirilib. Hərbi gücümüz dostlarınızın xidmətindədir, dostlarımıza qarşı təhdid sayıla bilməz”.
Ancaq məsələyə bir qədər diqqətlə yanaşdıqda, təhdid əlamətləri hər halda, sezilir. Çünki son 30 ildə İran ilk dəfədir ki, Azərbaycan sərhədlərində hərbi təlimlər keçirir. Halbuki Azərbaycan əraziləri işğal altında olarkən, həmin bölgələrdə Ermənistan qoşunları yerləşdiyi dövrdə İran hərbi təlimlər keçirtmiş olsaydı, daha anlamlı xarakter daşıyardı. Bu halda, rəsmi Bakı bu addımı Azərbaycana qarşı təhdid yox, bəlkə də siyasi-mənəvi dəstək kimi qəbul edərdi.
Ancaq məhz indi, Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsindən sonra gözlənilmədən İran ordusunun bölgəyə yeridilməsi rəsmi Bakıda bəzi haqlı suallar doğurur. Elə Azərbaycan Prezidenti İlham Əliyev də rəsmi Tehranın davranışlarının gözlənilməz olduğunu gizlətmir: “Sərhədlərimizin yaxınlığında keçirilən hərbi təlimlər çox təəccüb doğuran bir hadisədir. Çünki 30 illik müstəqillik dövründə belə hadisələr yaşanmamışdı”.
tia_2c57e4be4391491986cd3ffd715d8c46_iwx2v6oy37gu8cjfzmb9-620x336.jpg (44 KB)
Bununla belə, Azərbaycan Prezidenti İlham Əliyev İranın suveren hüquqların da hörmətlə yanaşdığını vurğulayıb: “İlk növbədə deməliyəm ki, hər ölkə öz ərazisində istədiyi hərbi təlimləri keçirə bilər. Bu, onun suveren hüququdur. Buna heç kim söz deyə bilməz. Ancaq bunu bir zaman kəsimində təhlil edərkən, daha əvvəl heç vaxt belə bir şeyin olmadığını görürük. Niyə indi və bizim sərhədimizdə? Bu sualları mən yox, Azərbaycan cəmiyyəti soruşur. Bu sualı dünyadakı azərbaycanlılar soruşur. Bir sual da verilir ki, nəyə görə işğal dövründə o bölgədə təlim keçirilmirdi? Ermənilər Cəbrayıl, Zəngilan və Füzulidə olduğu dövrdə nəyə görə təlim keçirilmirdi? Nəyə görə biz bu əraziləri azad etdikdən, 30 illik əsarət və işğala son qoyduqdan sonra bu edilir? Bu suallar haqlı suallardır. Əlbəttə ki, biz bölgədə uzunmüddətli əməkdaşlığa zərbə vuracaq heç bir halın olmamasını istəyirik. Bir daha söyləmək istəyirəm, Azərbaycan burada çox məsuliyyətli və təmkinli davranır. Bizim qanuni addımlarımıza qarşı göstərilən emosional reaksiyaların müvəqqəti olduğuna ümid edirəm”.
Göründüyü kimi, Azərbaycan Prezidenti Azərbaycan cəmiyyətini narahat edən haqlı sualları dilə gətirib. Həm də Azərbaycan dövlət başçısı qonşu ölkəyə dostcasına iradlarını bildirib. Halbuki, İran Xarici İşlər Nazirliyinin təmsilçisi Səid Xətibzadə Azərbaycan Prezidenti İlham Əliyevin açıqlamanı şərh edərkən, dilə gətirdikləri iki ölkənin münasibətlərinə və mehriban qonşuluq prinsiplərinə qətiyyən adekvat deyil, Əksinə, bütün diplomatik, hətta etik normaları aşır.
Səid Xətibzadə deyir ki, Azərbaycan Prezidentinin hərbi təlimlərlə bağlı bəyanatı onlar üçün gözlənilməz olub: “Bu, suverenlik məsələsidir. Təlimlər bütün regionda sabitliyin və sülhün möhkəmləndirilməsi məqsədilə keçirilib. Əlbəttə, aydındır ki, İİR öz sərhədlərinin yaxınlığında sionist rejiminin təzahürünə dözməyəcək və öz milli təhlükəsizliyinin təminatı üçün bütün lazımi addımları atacaq”.
Birincisi, İran diplomatı üçün nəyin gözlənilməz olduğunu anlamaq çox çətindir. Çünki Azərbaycan Prezidenti də hər bir ölkənin öz ərazisində hərbi təlimlər keçirməklə bağlı suveren hüquqlara malik olduğunu vurğulayıb. Digər tərəfdən, iranlı diplomatı narazı salsa da, Ermənistanın 30 illik işğalı dövründə İranın analoji addımlara ehtiyac duymaması barədə Azərbaycan cəmiyyətini narahat edən sualları gündəmə gətirmək də rəsmi Bakının suveren hüququdur.
eb12c377e83ddcd38c21f559bd8a665c.jpg (42 KB)
İkincisi, iranlı diplomatın Azərbaycan istiqamətində İranın sərhədlərinin yaxınlığında sionist rejiminin təzahürlərini harada və necə görə bildiyi də olduqca müəmmalı qalır. Çünki rəsmi Bakı Azərbaycan ərazilərinin başqa ölkələrin istifadəsinə verilməsi ehtimalını yaxına belə, buraxmır. Vaxtilə ABŞ və NATO Azərbaycan ərazisindən İrana qarşı istifadə etmək niyyətinə düşdükdə, rəsmi Bakı bu mövzunun müzakirəsinə belə, imkan verməmişdi. Yəni, Azərbaycan Qərbin bütün təzyiqlərinə baxmayaraq, öz qonşusu İranı ABŞ və NATO-nun hərbi müdaxiləsindən qorumağa nail olmuşdu.
Ancaq indi İran diplomatı bütün etik normaları aşaraq, hətta özünə belə, doğru-düzgün aydın olmayan mifik səbəblər uydurur, “İran milli təhlükəsizliyinin təminatı üçün bütün lazımi addımları atacaq”, deməklə, Azərbaycanı təhdid etməyə çalışır. İranlı diplomat zəhmət çəkib, bu təhdidə haqq qazandıra biləcək hansısa səbəbi də açıq mətnlə dilə gətirsəydi, daha məntiqli olardı.
Bütün bunlar onu göstərir ki, rəsmi Tehran nədənsə məmnun deyil. Ancaq bu narazılığını açıq şəkildə dilə gətirməkdən də yayınır.
İran unudur ki, Azərbaycanı təhdid etməyin heç bir anlamı yoxdur. Bu, heç bir fayda verməz, əksinə, iki ölkənin normal məcrada inkişaf edən münasibətlərinə kölgə sala bilər.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu
Tarix: 29-09-2021, 10:16
Xəbəri paylaş





Xəbər lenti