İranın əlindən çıxan “Şiə hilalı”: İsrail Bəhreyndə səfirlik açdı




İsrailin Xarici İşlər naziri Bəhreyndə səfirliyini açıb.

Siam.az-ın məlumatına görə, Bəhreyn Asiya qitəsində Sinqapur və Maldivdən sonra üçüncü, ərəb ölkələri arasında isə ən kiçik dövlətdir.

3 böyük, xeyli kiçik adalardan ibarət olan ölkənin paytaxtı Manama şəhəridir.

Əhalisi: 1.5 milyon. Onun da yarısı İrandan, Pakistandan, Hindistandan və bəzi ərəb ölkələrindən gələn əmək miqrantlarıdır.

Dini: Əsasən müsəlman (90). Əhalinin 55-60% şiə, 45-49% sünnü. Bu baxımdan Bəhreyni Azərbaycanın kiçik modeli də adlandırmaq olar.

İrana bağlı qüvvələr bu ölkənin İrana birləşməsini tələb edirlər. Sünnü krallıq tərəfindən idarə olunan Bəhreynin İsrailin ağuşuna sığınmasının əsas səbəbi də budur.

Bəhreyn özünü İranın təhdidlərindən qorumaq üçün öz ərazilərində xarici hərbi qüvvələri yerləşdirməyə məhkumdur. Ölkənin ərazi sularında hazırda ABŞ Hərbi Dəniz Qüvvələrinin 5 -ci Donanması yerləşdirilib. Mərkəzi qərargahı paytaxt Manamada yerləşən ABŞ hərbi bazasında 4000 -dən çox əsgər, bir təyyarə gəmisi, bir sualtı qayığı və bir çox döyüş təyyarəsi xidmət göstərir. Bəhreynin özünün də 100-dən artıq ən müasir döyüş təyyarələri var. Ölkənin bir nömrəli düşməni isə İrandır və bütün bu hərbi qüvvələrin silahlarının lüləsi yeganə düşməninə tərəf çevrilib.

Bundan əlavə, 2018-ci ildə Böyük Britaniya da körfəz ölkələrində ilk daimi hərbi bazasını Bəhreyndə yaradıb. Bu hərbi bazanın bütün maliyyəsi ilə Manama tərəfindən təmin olunur. Dolayısıyla London nəinki bu baza üçün Bəhreynə pul ödəmir, əksinə ondan pul qazanır. Məlumata görə, sözügedən ingilis hərbi bazanın yaradılmasına Bəhreyn 25 milyard dollar xərcləyib. Bu fakt onu göstərir ki, İranın təhdidləri özündən çox xarici dövlətlərin işinə gəlir və nəticədə İran ətrafındakı düşmən həlqəsi getdikcə daralır. Halbuki, rahat qonşuluq şəraitində həmin pullar iqtisadi əməkdaşlıqların inkişafına xərclənər və bundan ən çox İran yararlanardı. Təsəvvür edin ki, heç bir çayı olmayan, nadir hallarda yağış üzü görən Behreyn sudan tutmuş tərəvəzə qədər bütün qida məhsullarını xaricdən idxal edir. Hətta ət məhsullarını belə, hava yolu ilə 10.586 km uzaqlıqda olan Avstarilyadan gətirir. Bir addımlığında olan İrandan isə çöp belə almır.

Bəhreyn 2016-cı ilin ilk günlərində İranla bütün diplomatik, iqtisadi və ticari əlaqələrini kəsdiyi açıqlamış və İran diplomatlarına ölkəni tərk etmələri üçün 48 saat vaxt vermişdi. O zamandan indiyədək iki ölkə arasındakı münasibətləri bərpa etmək mümkün olmamışdı. Manama bu addımının səbəbini İranın onun daxili işinə qarışmaqla əlaqələndirmişdi.

Rəsmi Londonun hərbi bazalarını yaratmaq istədiyi digər körfəz ölkələri BƏƏ və Umandır. 2014-cü ildə Bəhreynlə yanaşı bu iki ölkə arasında da hərbi baza yaradılması üçün müvafiq müqavilələr imzalanmışdı. Həmin körfəz ölkələri də İranın “Şiə hilalı” layihəsindən sığortalanmaq üçün bu addımı atmışlar.

İndisə, Bəhreyn İsraillə diplomatik əlaqələri rəsmən başladır. Bu, yaxın gələcəkdə İsrail hərbi bazalarının da Bəhreyndə yerləşdirilməsi anlamına gəlir.

Üstəlik, Bəhreyn İran üçün həyati əhəmiyyət daşıyan Fars körfəzində yerləşir. İranın əsas gəlir mənbəyi olan neft və qaz ehtiyatları bu körfəzdə yerləşir. Bəhreyn və digər körfəz ölkələrində dislokasiya olunan xarici hərbi qüvvələr İranın bu həyati gəlir mənbəyinə rahatlıqla nəzarət edə biləcəklər.

İran isə Arazın bu tayında İsrail hərbi bazası axtırır. Görünür, bizi də ABŞ, Böyük Britaniya və İsrailin qucağına atmaq istəyir.
Ovqat.com
Tarix: 1-10-2021, 08:21
Xəbəri paylaş





Xəbər lenti