AŞ PA-dan Azərbaycana düşmən mövqe: gorbagor “Dağlıq Qarabağ”, “əsirlər”...



Ekspert: “Azərbaycanın AŞ PA-dakı deputat qrupu əleyhimizə yönələn bu qətnamənin qarşısını niyə ala bilməyib?”

Qərb təsisatları anti-Azərbaycan mövqeyindən əl çəkmirlər. Müharibədə qələbə beynəlxalq təşkilatların, Avropa qurumlarının sanki “kürkünə birə salıb”. Dünənə qədər ərazi bütövlüyündən, sərhədlərin toxunulmazlığından dəm vuranlar indi işğala son qoyan Azərbaycana qarşı fəaliyyətdədirlər. Bu isə nəinki qərəzli və ədalətsiz görünür, eyni zamanda bu təşkilatlara qarşı ikrah hissi doğurur. Bir yandan ABŞ Konqresində ermənipərəst nümayəndələr, digər tərəfdə Avropa təsisatlarında yer alan parlamentarilər erməniyə qahmar çıxmaqdan yorulmurlar.
“Yeni Müsavat”ın verdiyi xəbərə görə, bu dəfə Avropa Şurasında qərəzli qətnamə qəbul olunub. Əlbəttə, tövsiyə xarakterlidir, heç bir hüquqi qüvvəsi yoxdur və yüzlərlə belə qətnamələr ötən illər ərzində qəbul edilib, həm lehimizə, həm əleyhimizə...
Ümumiyyətlə, Avropa Şurası reputasiyasını kifayət qədər zədələmiş, beynəlxalq imicini aşağı salmış qurumdur. İndi isə AŞ-nin Parlament Assambleyası “Ermənistan və Azərbaycan arasında münaqişənin humanitar nəticələri” adlı hesabatı qəbul edib. İrlandiyadan olan deputat Pol Qavanın hazırladığı qətnamədə 44 günlük müharibənin faciəvi humanitar fəsadlarından məyusluq bildirilir. Qurum yada salır ki, Ermənistanla Azərbaycan 2001-ci ilin yanvarında Avropa Şurasına üzv olarkən münaqişəni yalnız dinc yolla həll etmək öhdəliyi götürüblər. Ona görə də 2020-ci ildə 6 həftəlik müharibə bu öhdəliklərin pozulmasıdır, Avropa Şurası bu məsələni müzakirə etməlidir.
Amma nədənsə, burada Ermənistanın işğal siyasətinə son qoymaması və yol verdiyi yeni təxribatlar üzündən müharibənin başladığına nəzər salınmır. Qətnamədə AŞ PA Nazirlər Komitəsinə tövsiyə edilir ki, Ermənistan (2023-2026) və Azərbaycan (2022-2025) üzrə fəaliyyət Planlarını hazırlayarkən münaqişənin humanitar nəticələrini nəzərə alsın, hazırkı fəaliyyət planları ilə bağlı çeviklik göstərsin, onları münaqişənin nəticələrinə uyğunlaşdırsın.
AŞ PA Azərbaycanla Ermənistanı hərbi cinayətlər və digər yanlış hərəkətlərlə bağlı iddiaları tam araşdırmağa, məsuliyyət daşıyanları, komandanlıq səviyyəsində olsa belə, mühakimə etməyə çağırır. Sənəddə Ermənistanın qeyri-konstruktiv mövqeyi, nədənsə, ört-basdır edilir. Bu səbəbdən Azərbaycan və Türkiyənin nümayəndə heyətləri hesabatın əleyhinə səs verib. Ümumilikdə 80 deputat qətnamənin lehinə, 18 nəfər əleyhinə səs verib, 3 nəfər bitərəf qalıb.
Ruben Rubinyan - Wikidata
Ruben Rubinyan
Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan məsələ ilə bağlı qeyd edir: “Azərbaycanın Dağlıq Qarabağı beynəlxalq sənədlərdən çıxarmaq cəhdlərinə baxmayaraq, biz qətnamənin adını və mətnini dəyişdirə bildik, oraya ‘Dağlıq Qarabağ münaqişəsi’ ifadəsini saldıq ki, bu çox vacibdir”. Halbuki Prezident İlham Əliyev Fransanın “France-24" televiziya kanalına müsahibəsində də qeyd edib ki, Azərbaycanın siyasi və coğrafi xəritəsində ”Dağlıq Qarabağ" adlı ərazi inzibati vahid yoxdur.
Səməd Seyidov: “Dünya gücləri Azərbaycanla hesablaşmağa başlayıb” -  Modern.Az Azərbaycan və dünya xəbərləri
Səməd Seyidov 
Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov isə Avropa Şurasının ermənipərəst lobbisinin Azərbaycanla bağlı qətnaməyə böhtan və yalan məlumatlar daxil etdiyini bildirib: “Bu qətnamənin qəbul olunmasını müsbət qiymətləndirirəm. Çünki qətnaməyə Azərbaycanın milli maraqlarını əks etdirən xeyli sayda məsələ daxil edilib. AŞ PA yeni real vəziyyəti qəbul edir və bizim qətnaməyə təklif etdiyimiz əlavələrimiz qəbul olunub. Lakin qətnamənin əleyhinə səs verməyə məcbur olduq. Çünki erməni böhtanları da Avropa Şurasının erməni lobbisinin dəstəyi ilə qətnaməyə daxil etdirildi. Hansısa bir xülya ilə yaşayan erməni lobbisi öz böhtanlarını qətnaməyə daxil etməyə nail oldu. Təəssüf ki, belə məqamlar məruzəni heçə endirir”. Əslində AŞ PA-nın hesabatı tövsiyə xarakteri daşısa da, görünən budur ki, ermənilər qurumda yenə “at oynadır”.
Natiq Cəfərli: "Milli Şura rəhbərliyindən üzr gözləyirik" » Sfera.az  Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək  ünvanı
Natiq Cəfərli
REAL Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli “Yeni Müsavat”a qeyd etdi ki, qətnamə tövsiyə xarakterlidir, heç bir hüquqi gücü yoxdur: “Amma hər halda, belə qətnamənin qəbulu, gündəmə gətirilməsi xoş deyil. Biz çalışmalıyıq ki, diplomatik yollarla beynəlxalq tribunalarda öz haqlı mövqeyimizi çatdıraq. Bunun üçün daha çox işləmək lazımdır. Təəssüf ki, oxşar qətnamələrin gələcəkdə də qəbulu gözləniləndir. Ona görə ATƏT-də, Avropa Parlamentində, AŞ PA-da daha çox iş görmək, məlumatların ötürülməsinə nail olmaq lazımdır. Lobbiçilik edənlərin Azərbaycana dəvət olunması vacibdir”.
N.Cəfərlinin sözlərinə görə, bu sənədlərə dövlət telekanalında, rəsmi mətbuatda cavab verilirdi və daxili auditoriyaya çatdırılırdı: “Bu yanaşma dəyişməlidir, həmin qurumların deputatlarını ölkəmizə dəvət etməli, yerindəcə tanış etməliyik”.
Elxan Şahinoğlu: “Ermənilərlə toqquşma olacaq, ordumuz antiterror  əməliyyatı keçirəcək” - Video
Elxan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun fikrincə, bu, AŞ PA-dan bizə zərbədir: “Birincisi, Azərbaycan Prezidentinin fərmanı ilə ”Dağlıq Qarabağ" adlı ərazi bölgüsü ləğv edilsə də, AŞ PA-nın qətnaməsində məhz bu söz birləşməsindən istifadə edilir. Başqa sözlə, AŞ PA Azərbaycan dövlətinin qərarı ilə hesablaşmadığını ortaya qoyub. Qətnamədə Azərbaycandan “erməni əsirləri” azad etməsi tələb olunur. Halbuki biz deyirik ki, 9 noyabrdan sonra ələ keçirilənlər diversantdır. Ancaq AŞ PA ermənilər kimi deyir ki, “onlar əsirdirlər və Ermənistana təhvil verilməlidirlər”. Qətnamədə bölgədəki “erməni irsinin və mədəniyyət abidlərinin” qorunması vacibliyi vurğulanıb. AŞ PA qətnaməsində “erməni irsinin” Qafqaz Albaniyası termini ilə əvəz edilməsindən narahatlıq vurğulanıb. Qətnamədə Azərbaycan əleyhinə başqa ittihamlar da var".
Politoloq yada salır ki, məşhur “Euronews” kanalı AŞ PA-nın ermənipərəst qətnaməsi barədə xəbəri gün ərzində bir neçə dəfə yayımlayıb: “Azərbaycanın AŞ PA-dakı deputat qrupu əleyhimizə yönələn bu qətnamənin qarşısını niyə ala bilməyib? Deputat qrupumuz anti-Azərbaycan qətnaməsinin hazırlandığı dövrdə mətnə zəruri düzəliş və əlavələrin edilməsi üçün fəaliyyət göstəribmi? Nəsə etməyə çalışıblarsa, necə olub ki, AŞ PA qatı ermənipərəst qətnamə qəbul edib? Nümayəndə heyətimiz AŞ PA binasında xarici həmkarlarının qatılmadığı sərgi keçirməkdənsə var gücü ilə anti-Azərbaycan qətnaməsinin qəbulunun qarşısını almalı idı”.
Emil SALAMOĞLU
Tarix: 1-10-2021, 09:29
Xəbəri paylaş





Xəbər lenti