Gürcü bələdiyyəsinin bizim parlamentdən maraqlı olmağı



“Hər bağçanın öz bağbanı var”
(Azərbaycan ata sözü)

Camaatın orda-burda narazılıq etməyinə, sosial şəbəkələrdə donquldanmağına baxmayın, ölkəmizdə geniş zolaqlı islahatların aparıldığını hər kəs dərindən dərk edir, bunu ürəyində alqışlayır.
Həqiqətən, bizdə inkişaf çox böyükdür. Çox uzağa getməyək, götürək elə qonum-qonşularımızda vəziyyəti. Gürcüstanda 2 oktyabrda bələdiyyə seçkisi oldu. İqtidar partiyası ilkin nəticələrə görə 48 faiz, müxalifət isə 32 faiz səs yığdı. Tiflisdə isə mer seçkisi təzədən keçiriləcəkdir. Seçkini yerli 21 min, xarici 1024 nəfər müşahidəçi izləyirdi.
Təsəvvür eləyin. Ölkənin müxalifəti var, seçkidə ikinci yeri tutur. Müxalifətçilik, fərqli düşüncə sabitliyi pozur. Hamı yumruq kimi birləşib eyni nöqtəyə vurmalıdır.
Bizdə də guya bələdiyyə var, ancaq heç kim onun seçkiləriylə maraqlanmır. Nəyimizə lazımdır? Yenə qabaqlar bələdiyyə sədri torpaq sata bilirdi, indi bu işi də icra qamarlayıbdır. Bələdiyyə zibil pulu toplamağı belə bacarmır. Əvəzində baş ağrısıdır, ərazidə nəsə problem çıxanda birinci bələdiyyəni dama basırlar. Biz dünyada yeganə ölkəyik ki, paytaxtımızın meri yoxdur. Hətta bir il paytaxtın icra başçısı da olmayıb, orda möhür-ştampla futbol oynayırmışlar. Lakin bütün bu hadisələr ölkəmizin xoşbəxt gələcəyinə təsir etmir.
Bizdə parlament seçkiləri Gürcüstanda bələdiyyə seçkilərindən passiv olur. Elə o biri seçkilərin hamısı bu cürdür. Çünki biz öz hökumətimizi bir dəfə seçib razı qalmışıq. Təzədən bunu niyə dəyişək? Yenə bunlar yeyib doyublar. Sabitlik vacibdir.
Parlament demişkən, bu yaxında Ermənistandan bir gülməli xəbər oxudum, yazmışdılar ki, baş nazir Nikol Paşinyan oranın “Milli Məclisi” (təəccüblənməyin, oranın deputatxanası erməni dilində bu cür adlanır, bunu da bizdən çırpışdırıblar yaramazlar) qarşısında çıxış edəcəkmiş, çıxışdan öncə parlamentin texniki işçiləri deputatların masaları üzərindən... su butulkalarını yığışdırıbdır. Ki, birdən hansısa deputat butulkanı baş nazirə atar. Orda məclisdə çıxış eləyənə butulka atmaq adi haldır. Biabırçılığa baxın. Guya bu demokratiyadır. Belə hadisəni bizim məclisdə təsəvvür eləyə bilirsinizmi? AXC-Müsavat vaxtında, İsa Qəmbər sədr olanda parlamentimiz belə idi. Yadımızdadır, Elçibəy rəyasət heyətində oturub siqaret çəkir, külünü Etibar Məmmədovun başına tökürdü. Tahir Əliyev qışqırmaqdan qrıja olmuşdu. İsgəndər deputatları qazyerişi yeridirdi.
İslahatlarımızın növbəti dalğası xaricdə təhsil proqramı üzrə gözlənilir. Bunun anonsunu keçən həftə hörmətli təhsil nazirimiz Emin müəllim vermişdir. Deyir dövlət proqramı hazırlanır, beş-on nəfər yox, bəlkə yüzlərlə uşağı xaricdə oxumağa göndərəcəyik. 300-400 uşaq ola bilər.
Fantastik proqramdır. Nəyə görə? Bir neçə il qabaq statistika açıqlanmışdı, məlum olmuşdu Azərbaycan dövləti xaricdə oxumağa 10 il ərzində cəmi 2 min tələbə göndəribdir. Hər ilə böləndə heç 200 eləmirdi. O vaxt Qazaxıstanın 1 ildə xaricə göndərdiyi tələbə sayı 17 min nəfər idi. Xaricdə oxuyan tələbələrimizin ümumi tələbə sayında nisbət faizi də bizdə həmişə çox aşağı olub, hardasa 0,1 faizə yaxın.
Lakin bu 200 nəfər də xaricdə beyni pozulub, pis uşaqlara qoşulub qayıdırdı, o üzdən hökumət proqramı kökündən ləğv elədi. İndi yəqin seçib göndərərik, tərbiyəli qayıdarlar. Əslində isə bizim heç xaricə tələbə göndərməyimizə ehtiyac yoxdur, elə öz universitetlərimiz yüksək səviyyədə təhsil verir. Məsələn, tələbələr dərsə nəinki kitab, heç dəftər də aparmır. Qabaqlar oğlanlar şalvarın altına dəftər taxırdı, indi ehtiyac yoxdur. Təhsil tam elektronlaşıb – tələbənin başına çip taxırlar, dərs ordan yüklənir.
Nəhayət, bu günlərdə baş nazir sosial müavinət qaydalarında dəyişiklik etdi, 3 uşağa aid bir sənədin 5 uşağa aid sənədlə əvəzlənməsi qaydası yaradıldı. Bu, o qədər böyük islahatdır ki, açığı, düşünürəm, hesab edirəm buna ayrıca yazı həsr etməliyəm. Buralarda olun.

Zamin HACI
Tarix: 3-10-2021, 14:52
Xəbəri paylaş





Xəbər lenti