Azərbaycan Fransanı qazandı, İran Azərbaycanı itirdi: - Türkiyə Qafqazda möhkəmlənir, bəs Rusiya?


“2020-ci ilin payızında Qarabağda gedən müharibə Moskvanın Qafqazdakı ümumi mövqelərinin ciddi zəifləməsinə gətirib çıxardı”.

Karnegi Moskva Mərkəzinin direktoru Dmitri Trenin “Azadlıq” radiosunun erməni xidmətinə müsahibəsində belə deyib. Rusiyalı ekspertin fikrincə, Türkiyə regiondakı kəmiyyətcə iştirakını keyfiyyətcə iştiraka çevirdi. Rusiya isə ötən ilin noyabrında Qarabağ regionuna sülhməramlıları yeritməklə onun münaqişə regionundakı vasitəçi kimi mövqelərinə dəyən zərəri ancaq qismən məhdudlaşdıra bildi. “Moskva əvvəlki kimi Qarabağ ətrafındakı situasiyanın inkişafında əsas xarici amildir, amma dominant deyil”, - Dmitri Trenin qeyd edib.

Onun sözlərinə görə, son hadisələr fonunda Cənubi Qafqaz Moskvanın nüfuz zonası kimi “yuyulub gedir” və onun üçün Yaxın Şərqin subregionuna çevrilir. Ekspert hesab edir ki, Rusiyanın Cənubi Qafqazda həyati əhəmiyyətli maraqları yoxdur.

“Rusiyanın Ermənistan qarşısında müəyyən öhdəlikləri var. Mən bunu Rusiyanın borcu hesab edirəm, Rusiya üçün öz öhdəliklərini yerinə yetirmək şərəfdir. Yeri gəlmişkən, Qarabağ bu öhdəliklərlə əhatə edilmirdi. Rusiyanın eləcə də Azərbaycanla münasibətlərin inkişaf etdirilməsi marağı var. Bu, böyük ölkədir, qonşu ölkədir və Rusiya əlbəttə, ona can atacaq ki, bu münasibətlər inkişaf etsin. Bir tərəfdən də qərbyönümlü oriyentasiyaya malik Gürcüstan var. Lakin Moskva bütün bu münasibətlər toplusunu öz maraqları üçün fəal istifadə etmək istəyir”, - rusiyalı ekspert deyib.

Trenin hesab edir ki, indiki və gələcək mərhələdə Rusiya üçün başlıca maraq Türkiyə kimi iri regional dövlətlə silahlı münaqişə vəziyyətində olmamaqdır. “Eləcə də Azərbaycanla münaqişə vəziyyətindən qaçmaq, öz müttəfiqi Ermənistanı taleyin ümidinə buraxmamaq, amma eyni zamanda dərk etməkdir ki, onun Qarabağ məsələsində imkanları olduqca məhdudlaşıb”, - ekspert bildirib.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsindən sonra ATƏT-in Mİnsk Qrupunun timsalında Rusiya, ABŞ və Fransa formatı Rusiya-Türkiyə tandem ilə əvəzlənib. Bölgədəki proseslərin müəyyənləşməsində Rusiya və Türkiyə aparıcı rol oynayır. Xüsusilə də 44 günlük müharibə zamanı Rusiyanın işğal faktının aradan qalxmasına şərait yaratması və nəticədə sülhməramlı qüvvələrini Qarabağa yerləşdirməsi ABŞ-ı və Fransanı oyundan kənarlaşdırması kimi dəyərləndirildi. Regionun yeni landşafının formalaşmasından kənarda qalan digər mühüm qüvvə isə İran oldu.

Hazırda Azərbaycan və Ermənistan arasında sülhyaratma missiyasının əsas vasitəçisi funksiyası Rusiyanın əlindədir. Lakin Bakı və İrəvan yekun sülh sazişi imzalanarsa, sülhməramlıların Azərbaycan ərazisində yerləşməsinə ehtiyac qalmayacaq. Belə bir müqavilə yaxın dörd il ərzində reallaşarsa, növbəti beşillik üçün Rusiya hərbi kontingentinin missiyası başa çata bilər. Rusiyanın ərazini tərk etməsi Türkiyə-Ermənistan sərhədlərinin açılması Ankaranın regiondakı geosiyasi üstünlüyünün daha da artması deməkdir.

Politoloq Əziz Əlibəyli Cebhe.info-ya açıqlamasında Treninin rəyi ilə razılaşmadığını deyib. Onun sözlərinə görə, Rusiyanın münaqişələrin həllinə baxışı dəyişib:

“Cənubi Qafqazdakı üç ölkəni münaqişələrdən istifadə etməklə öz təsir dairəsində saxlamaq Rusiyanın maraqlarına uyğun deyil. Çünki parçalanmış vəziyyətdə yeni maraqlar meydana çıxır. Dünyada baş verən proseslər nəticəsində daha güclər Rusiya sərhədlərini daha çox təhdid etməyə başladı. Bu, Rusiyanın maraqlarına uyğun olmadığına görə Ermənistan-Azərbaycan münaqişəsinin həllinə böyük ölçüdə mane olmadı. Bunun da əsas səbəbi Rusiyanın hər iki ölkə ilə əlaqələri eyni səviyyədə həyata keçirə bilməsi ilə bağlıdır. Əgər sülh müqaviləsi Moskvada imzalanacaqsa, Dmitri Treninin açıqlamasının hansı arqumenti doğru ola bilər? Türkiyənin regiondakı keyfiyyətcə iştirakına gəlincə, bu,daha çox Rusiyanın regiona baxışları ilə bağlı qıcıqlandırıcı mesajdır. Doğrudur, Türkiyə Cənubi Qafqazda ciddi nüfuz əldə edə bildi.

Bu, özünü hərbi sahədə daha çox göstərdi. Ancaq bu, Rusiyanın Cənubi Qafqazdakı nüfuzunun yuyulub aparılması demək deyil. Əvvəla, Trenin elə bir müqayisə aparır ki, sanki Rusiyanın Qafqazdan gedişi baş verir. Ancaq Rusiya Qafqazdan gedə bilməz. Çünki Rusiya özü Qafqaz dövlətidir. Rusiya Şimali Qafqaza və Cənubi Qafqaza paralel baxış nümayiş etdirir. Cənubi Qafqaz Rusiyanın əlindən çıxarsa, Şimali Qafqazı da itirə bilər. Belə bir məsələ də fundamental olaraq mümkün deyil. Rusiyanın öhdəlikləri barədə Treninin dediklərini təhlil etsək, Kreml Ermənistanın müttəfiqidir, təhlükəsizliyinin təminatıdır. Eyni zamanda, Rusiya Ermənistanın iqtisadiyyatını inhisarda saxlayan dövlətdir. Treninin qənaətincə, Rusiya Azərbaycanı və Gürcüstanı itirib, əlində zəif Ermənistan qalıb. Bu isə Cənubi Qafqazda maraqlarını ciddi şəkildə müdafiə etməyə imkan vermir. Rusiyanın Ermənistanı nəzarətdə saxladığını heç kim inkar etmir. Amma Azərbaycanla münasibətləri toqquşma həddində deyil, yüksək əməkdaşlıq səviyyəsindədir”.

Ekspert bildirib ki, Azərbaycanla Rusiya arasındakı münasibətləri bərabərhüquqlu tərəfdaşlığa və bir-birindən imtina edə bilməyəcək səviyyəyə əsaslanır:

“Eyni zamanda, həmin münasibətlərin bir hissəsi Rusiya-Türkiyə əlaqələrinə aiddir. Bu, daha böyük əhəmiyyət kəsb edir və Azərbaycan-Rusiya münasibətlərinin dəyəri perspektivdə daha da artır. Trenin isə Rusiyanın Cənubi Qafqazdan çıxması üçün ciddi səbəblər göstərmir”.

Siyasi ekspert bildirib ki, Rusiya-Türkiyə münasibətlərinin toqquşma həddində olmasını göstərmək Karnegi Fondunun və Qərb dairələrinin maraqlarına uyğundur.

Amma Əziz Əlibəyli hesab edir ki, Rusiyanın Cənubi Qafqazda Türkiyənin maraqlarını tanıması məcburi şəkildə baş verməyib. Yaxın Şərqdə əməkdaşlıqla bağlı anlaşmaları var. Müyyən fikir ayrılıqları qalsa da Treninin qeyd etdiyi kimi Moskva və Ankara müəyyən şəkildə ortaq məxrəcə gəlməyi bacarır.

Politoloq bildirib ki, İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda mövqelərini itirən tərəf daha çox İrandır: “Birinci növbədə, itirən tərəf İrandır. İkincisi, itirməyə davam edən də İrandır. Üçüncü növbədə, Azərbaycan Prezidentinin online şəkildə qoşulduğu MDB dövlət başçılarının zirvə görüşündə İranla bağlı verdiyi bəyanatlara diqqət yetirmək lazımdır. Yəni baş verənlər İranın itkilərinin son həddi deyil. MDB bazarında İrana böyük zərbə endirmək imkanımız var. Rusiya da bunun əleyhinə deyil. Cənubi Qafqaz Rusiyanın maraq zonasıdır. Ona görə də İranın cəzalandırılması Rusiyaya problem yaratmır. Ermənistanın Baç naziri Nikol Paşinyanın da açıqlamaları həlledici əhəmiyyətə malikdir. Biz Rusiyanın iştirakçıçılığı ilə MDB samiti tribunasının ciddiliyini qiymətləndirməliyik. Ona görə də verilən bəyanatların hamısı Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin əldə olunmasına yönəlib. Azərbaycanın “qırmızı xətti” öncə kommunikasiyaların açılması, sonra sülh müqaviləsinin imzalanmasından ibarətdir.

Ermənistan da bu şərtə razı oldu, dəmir və avtomobil yolunun açılmasına razılıq verdi. Nəticə etibarı ilə itirən tərəf İran oldu. Eyni zamanda, Fransa da müəyyən itkilərə məruz qaldı. ABŞ isə bölgədə dolayısı fəallığını saxlayır. Azərbaycan Prezidentinin əsas məqsədi ABŞ-la əməkdaşlığı ən yüksək səviyyədə davam etdirməkdir. Bu arada NATO Azərbaycana dəstək verməklə bağlı mövqeyini dəstəklədi. Müharibədən əvvəl ABŞ-ın Ermənistanı bölgənin mərkəzinə çevirmək planı var idi. Azərbaycan əməliyyatlardan sonra həmin planı Ermənistanın üzərindən alıb özünə keçirdi. İndi Azərbaycan üzərindən ABŞ və NATO xətti ilə əməkdaşlığın yeni mərhələsi gözlənilir. Eyni prosesi Fransaya da aid etmək olar. Fransanın Azərbaycandakı səfirinin Füzuliyə getməklə və minalarla bağlı görüntüləri yaymaqla həmin əraziləri xarabalığa çevirənlərin ermənilər olduğunu göstərdi.

Azərbaycan-Fransa münasibətləri yeni mərhələyə qədəm qoyur. Fransa müharibədən sonra yaranmış gərginliyi aradan qaldırmağa başlayıb. Minaların təmizlənməsi üçün 500 milyon avro ayırıb. Yarım milyon erməninin hazırladığı sənədin icrasından imtina ediv. Azərbaycana yönəlik investisiya proqramının həcmi 5 milyarda yaxındır və artırılması nəzərdə tutulur. 2019-cu ilin əvvəlində Azərbaycan Prezidentinin Fransaya səfəri zamanı hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalanmışdı. Bu müqavilənin 2022-ci ildən icra edilməsinə dair tərəflər arasında müsbət mesajlar verilməkdədir. Yəni biz Fransanı da qazanmış oluruq. Amma İran böyük ölçüdə məğlub olub və hazırkı durumu rəsmi Tehranı daha ağır məğlubiyyətə gətirib çıxara bilər”.
Tarix: 19-10-2021, 21:56
Xəbəri paylaş





Xəbər lenti