Demokratik ölkələrin siyasi sistemi və elitası, cəmiyyətin inkişaf qanunları


Fəxrəddin Mehdiyev
3-cü məqalə
İnkişaf etmiş ölkələrin, eləcə də BMT tərəfindən hər il elan edilən xoşbəxt ölkələrin xarakterik cəhəti ondan ibarətdir ki, bu ölkələrin hamısı demokratik ölkələrdir. Demokratik ölkələrin siyasi sitemi avtaritar rejimin siyasi sistemindən tamamilə fərqlidir və üstünlüyü ölkələrin həyat tərzində və inkişafında təsdiqini tapır. Demokratik siyasi sisteminin üstünlüyü cəmiyyətin inkişaf qanunlarına uyğun olmasındadır. Cəmiyyətin inkişaf qanunları obyektivdir və həmin qanunlara uyğun idarəçilik sisteminin qurulması ölkənin mütərəqqi inkişafının əsasını təşkil edir.
Cəmiyyətin inkişaf qanunları içərisində demokratiya və elitanın inkişafını birinci qanun hesab etmək olar. Dövrü olaraq siyasi elitanın təzələnməsi, dinc yolla yeni elitaya transformasiyası əsas şərtdir. “Dövlətdə elitanın anlayışı çoxdan məlumdur. Bu incə, intelekt və yaradıcı potensialına görə xüsusi sosial təbəqədir. Sosioloqların fikrincə (Ю.Завальский ) elitanın 1 %- i, millətin tərəqqəsini təmin etməyə qadirdir.” (В.В.Крыжко. Е.М.Павлютенков. Психология в практике менеджера образования. Санкт-Петербург. 2001. с .4)
Məhz demokratik siyasi sistem dövrü olaraq siyasi elitanı yüksək intelektinə və mənəvi – siyasi keyfiyyətlərinə görə yeni qüvvələrlə əvəzləyir.
Böyük alim Albert Eynşteyn demişdir ki, “İnsan təfəkkürünün hansısa səviyyəsində problemlə üzləşir. Onun həlli üçün problemdən daha üstün təfəkkür səviyyəsinə qalxmaq lazımdır”. Siyasi sistem elitanın intelektual potensialı problemini həll etmək üçün elitanının daim təzələnməsinə şərait yaratmalıdır.
Böyük yazıçı Balzaka görə ən yaxşı siyasi quruluş ən böyük enerji yaradan quruluşdur ( Андре Моруа. Прометей или жизнь Балзака. М. 1983 г. с. 462). Demokratik quruluşlar insan potensialını reallaşdırmaqla böyük enerji yaratmağına qadirdir. Bu amillər demokratik ölkələrin inkişafının təminatıdır.
Demokratik siyasi sistemlər keyfiyyətli elitanı formalaşdırır və daimi təzələyir. Demokratik siyasi sistemin avtoritar siyasi sistemdən üstünlüyü ondan ibarətdir ki, siyasi elita xalq tərəfindən seçilir, avtoritar rejimlərdə isə siyasi elita təyin edilir. Demokratik sistemlərdə siyasi elita xalq qarşısında məsuliyyət daşıyır, siyasi talehi seçicilərdən asılıdır, avtoritar sistemdə isə elita onu təyin edəndən asılıdır. Demokratik elita təşəbbüskardır, yaradıcıdır, avtoritar elita yuxarının, təyin edənin göstərişlərini icra edir. Ona görə də avtoritar sistemin elitasının deqradasiyası labüddür və bu sistemin məhsulu korrupisya və yoxsulluqdur.
Demokratik ölkələrdə siyasi elita konstitusion qaydada azad, ədalətli seçkilər yolu ilə formalaşdırlır. Siyasi elitanın mərkəzi kimi əsasən ölkənin parlamenti çıxış edir. Və parlament seçicilərində də seçicilər təkcə şəxslərə, siyasi partiyaların proqramlarına deyil, eləcə də siyasi dəyərlərə və cəryanlara səs verirlər və beləliklə növbəti dövr üçün ölkənin siyasi kursu müəyyən edilir.
Siyasi elitanın dövrü olaraq dəyişməsi, yenilənməsinin əsası ABŞ- ın Konstitutsiyası və siyasi ənənəsi ilə qoyulmuşdur (Prezidentin dörd il müddətinə, Konqresin Nümayəndələr Palatasının iki müddətinə, Senatorların altı il müddətinə seçilməsi, hər iki ildən bir senatorların üçdə birinin yenidən seçilməsi ).
ABŞ-ın Qurucu – Atalarından olan Corc Vaşinqton ölkənin birinci prezidenti seçilir. Söyləyirlər ki, ikinci dəfə prezident seçkilərində iştirak etmək istəmir, siyasi həmfikirləri və dostları onu çox çətinliklə ikinci müddətə prezident seçilməyə razı salırlar. Üçüncü dəfə də dostları belə cəhd edirlər və bu zaman C.Vaşinqton qəti olaraq onlara etiraz edir və bildirir ki: “Biz böyük mübarizə apararaq İngiltərə krallığından azad olmuşuq, bütün bundan sonra yeni krallıq yaratmağa haqqımız yoxdur”. Bununla da dövlət başçısının yalnız iki dəfə seçilməsinin ənənəsi qoyulur. Bu siyasi ənənə sonradan digər demokratik ölkələr üçün də etalon olur. Sonraki dövrlərdə də siyasi ənənə ciddi şəkildə qorunur. Misal üçün, ölkəni “Böyük depressiyadan” çıxarmış və İkinci dünya müharibəsində ölkənin qalib gəlməsində müstəsna xidmətlər göstərmiş F.Ruzvelt siyasi ənənədən fərqli olaraq dörd dəfə prezident seçilir. Lakin F.Ruzveltdən sonra ölkə yenidən C.Vaşinqtonun əsasını qoyduğu siyasi ənənəyə qayıdır, Konstitutsiyaya dəyişiklik edərək prezidentin hər dəfə dörd il müddətinə olmaqla yalnız iki dəfə seçilməsi imkanını Konstitutsiyada müəyyən edir.
Analoji vəziyyət Böyük Britaniyada baş verir. İkinci dünya müharibəsində, ən ağır və məsuliyyətli dövrdə ölkənin Baş naziri kimi U.Çörçil ölkənin müharibədə qalib gəlməsində böyük xidmətlər göstərir, müharibənin sonunda zəfər vaxtında keçirilən parlament seçikilərində onun rəhbərlik etdiyi partiya uduzur və U.Çörçil istefa verir.
Demokratik ölkələr üçün xarakterik olan belə faktlar göstərir ki, həmin ölkələrin vətəndaşları hətta, xidmətlərindən asılı olmayaraq şəxsin və ya hər hansı partiyanın hakimiyyət monopoliyasına haqlı olaraq imkan vermirlər. Bu məsələdə qırmızı xətt mövcuddur. Qırmızı xətt ondan ibarətdir ki, uzun müddət hakimiyyət və hakimiyyətə monopoliya elitada deqradasiya yaradır və ölkəni tənəzzülə aparır. .
Daron Acemoğlu, Ceyms A. Robinson “Millətlər niyə tənəzzül edir” məşhur əsərində siyasi və iqtisadi institutların əlaqəsinin xarakterik cəhətlərini belə izah edirlər: “İqtisadi və siyasi instutlar arasında güclü bir enerji vardır. Ekstraktiv siyasi institutlar hakimiyyəti kiçik bir elitanın əlində saxlayır və bu hakimiyyətdən istifdəyə çox cüzi məhdudiyyətlər qoyur. Belə bir situasiyada iqtisadi institutlar bu elita tərəfindən cəmiyyətin qalan hissəsinin istismar edilməsi üçün formalaşdırlır. Beləliklə, ekstraktiv iqtisadi institutlar, təbii olaraq ekstraktiv siyasi institutların mövcud olduğu şərtlərdə ortaya çıxır. Əslində, ekstraktiv siyasi institutlar olmasa, ekstraktiv iqtisadi institutlar da yaşaya bilməz. Hakimiyyəti geniş təbəqələr arasında bölüşdürən inkluziv siyasi institutlar isə resurların böyük hissəsini ələ keçirən, iqtisadi fəaliyyətə maneələr yaradan və yalnız kiçik bir qrupun mənfəəti üçün bazar mexanizmlərinə təzyiq edən iqtisadi institutların kökünü kəsməyə yönəlib (Qanun Nəşriyyatı, 2018. Səh 98).
Son illər tədqiqatçılar tərəfindən elitanın keyfiyyət indeksi hazırlanır. Yeni indikator ölkənin inkişafında və ya tənəzülündə elitanın rolunu müəyyən edir. 2020-ci il tədqiqatın nəticələrinə görə elitanın keyfiyyətinə görə ABŞ, Böyük Britaniya, Almaniya, İsveçrə və Sinqapur birinci beşliyyə daxil olmuşlar. Bütün hallarda yalnız demokratik siyasi sitemlər keyfiyyətli elitanı formalaşdırır və dövrü olaraq yeni qüvvələrlə zənginləşdirir.
Ölkənin rifahı və təhlükəsizliyi keyfiyyətli elitadan aslıdır. Keyfiyətli elitanı isə yalnız və yalnız demokratik siyasi sistem yarada bilər. Əsas məsələ siyasi sistemi dəyişmək, demokratik siyasi sistem yaratmaqdır.
Tarix: 21-10-2021, 10:24
Xəbəri paylaş





Xəbər lenti