Deputatların “üzrü günahından betər” davranışları - səbəb və çıxış yolu...




Növbədənkənar parlament seçkilərindən öncə jurnalistlər arasında sorğu keçirilmişdi. “Növbəti dönəmdə deputatlardan gözləntiləriniz nədir” sualına  media nümayəndələri  fərqli cavablar vermişdilər. Deputatların xüsusilə hüquqi, siyasi baxımdan savadlı olmasını təvəqqe edənlər az deyildi.
Lakin zaman göstərdi ki, bu ümidlər özünü doğrultmur. Bəzi deputatlar nəinki hüquqi və siyasi savada, hətta Azərbaycan dilinin adi qrammatik normalarına bələd deyillər. Milli Məclisin üzvü, deputat Cavanşir Paşazadənin sosial mediadakı paylaşımı buna sübutdur. Statusda yol verilən qrammatik səhvlər cəmiyyətdə tənqid atəşinə tuş gəldi. Deputat tənqiddən nəticə çıxarmaq əvəzinə, statusun sürücüsü tərəfindən yazıldığını və onu işdən çıxardığını bəyan etdi. Bu addım da iradla qarşılandı. Çünki əvvəla, sürücünün işi maşın sürməkdir, status yazmaq yox. Və bu məsələ  təkcə bir deputatla məhdudlaşmır. Daha öncə də belə hallar yaşanıb. Bu, artıq mütəmadi hal alıb desək, yəqin ki, mübaliğə olmaz. Deputatlarımız bəzən gündəmi belə “sensasion” hərəkətlərlə zəbt etməyə “müvəffəq” olurlar.
Millət vəkili Aqil Abbas “Yeni Müsavat”a bildirdi ki, məlum situasiyada deputatın statusu sürücüyə yazdırması səhv idi: “Sürücü niyə mənim əvəzimə status yazmalıdır? Yazıbsa, bu, deputatın günahıdır. Sürücüyə sükanı etibar edə bilərsən, sözünü yox. Mənim də sürücüm var. O məni uzaqbaşı parlamentə aparıb-gətirə bilər. Azərbaycanın aparıcı mətbuat orqanlarında da hərf səhvləri olur.  Lakin biri var texniki səhv, biri də var savadsızlıqdan edilən səhv. Azərbaycan dilində ”prizident" sözü yoxdur. Paşazadənin ən böyük səhvi sürücünü işdən çıxarmasıdır.
 
Aqil Abbas spikeri “Rövnəq Abdullayevin müdiri” adlandırdı » Sfera.az  Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək  ünvanı
Aqil Abbas: “Deputatın təhsili, savadı yoxdursa, o, xalqı necə təmsil edə bilər?”
Bunun qəti əleyhinəyəm. Mən əminəm ki, statusu sürücü yazmayıb. Onun heç bir günahı yoxdur. Millət vəkillərinin təhsil səviyyəsi yoxlanılır. Hərçənd seçkili orqanlarda diplom o qədər də rol oynamır. Şəxsin xalq arasındakı nüfuzu nəzərə alınır. Lakin diqqət edək, əgər millət vəkilinin diplomu yoxdursa, o, xalqı necə təmsil edə bilər? Deputat qanunları bilməli, təkliflər verməli, fikrini çatdırmalıdır. Eyni zamanda diplom hələ təhsilli, savadlı olmaq demək deyil. Milli Məclisin özünün də ictimai qınağı var, bəzən bir-birimizə irad bildiririk".
 
Tənzilə Rüstəmxanlı | İnter Press
Tənzilə Rüstəmxanlı: “Deputat millətin səsidir, o savadsız, ağılsız, heç nədən xəbəri olmayan şəxs olmamalıdır”
“Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının fikrincə, millətin adından danışan insanlar daha diqqətli olmalıdırlar: “Ali kürsüdən millətin səsini çatdıran insanların təhsili, davranışı, mədəniyyəti hər mənada yüksək səviyyədə olmalıdır. Milli Məclisdə illərlə əyləşib ağzını açmayanlar var. Bilirsiniz niyə? Çünki çoxu savadsızdır, danışa bilmir. Üzdən oxuya bilmirlər.  Bu, hələ görünən tərəfidir. Cavanşir Paşazadə bəzi məsələlərdə sanballı adam kimi kənarda durmağı bacarır. Amma özünə professor deyənlərə də diqqət edək. Kiminsə qohumu, qardaşı, rəfiqəsi... Milli Məclisə bu cür seçilmək olmaz.  Namizədlərin keçmişi araşdırılmalıdır. Türkiyədə bəzi millət vəkillərimizin çıxışlarını görəndə utanıram, xəcalət çəkirəm. Millət vəkili hər addımına fikir verməlidir, çünki onlar milləti təmsil edirlər. Deputat millətin simasıdır, səsidir. Bu millətin səsi savadsız, ağılsız, heç nədən xəbəri olmayan şəxs olmamalıdır. Millət vəkilləri özlərinə kənardan baxmalıdırlar. Hər yoldan keçəni Milli Məclisə seçmək olmaz. Ən azı, örnəklər var. Məsələn, dövlət başçısının danışığına diqqət etsinlər. 44 gün ərzində bir neçə dildə mükəmməl çıxışlar etmişdi. Ümid edirəm, növbəti seçkilərdə namizədlərin seçiminə daha diqqətlə yanaşılacaq”.
Tural Abbaslı: “Mənim üçün iki cins var – kişi və qadın, vəssalam” – Azlogos
Tural Abbaslı: “Deputatların savadsızlığının qarşısını almaq üçün proporsional seçki sisteminə keçid etmək lazımdır”
Ağ Partiyanın sədri Tural Abbaslının sözlərinə görə, əsas problem seçkilərdə şəffaflığın olmamasıdır: “Tədbirlər parlamentə seçilənə qədər görülməlidir. Deputatların namizədliyini irəli sürən partiyalar məsuliyyət daşımalıdırlar, onların mənfi və müsbət cəhətlərinə adekvat cavab verməlidirlər. Hər kəs bilməlidir ki, kimi irəli sürür, sabah parlamentdə nə danışacaq? Bizdə təəssüf ki, belə ənənə yoxdur. Deputatla bağlı  biabırçılıq baş verdikdə onların namizədliyini irəli sürən partiyalar heç bir məsuliyyət daşımır. Parlament də təhsil müəssisəsi deyil ki, orada deputatlara dərs keçsinlər. Qanunvericilikdə də deputatın mütləq savadlı olması ilə bağlı müddəa yoxdur. Milli Məclisə namizədlik irəli sürülərkən diplom tələb olunmur. Lakin deputat köməkçisi olmaq üçün diploma ehtiyac var. Deputatların savadsızlığının qarşısını almaq üçün proporsional seçki sisteminə keçid etmək lazımdır. Bu halda insanlar partiyalara səs verəcək, partiyalar da namizədlərə cavabdeh olacaqlar. Yoxsa təsadüfi insanlar - qapı, tozsoran satanlar, oliqarxlar, əkinçilər, fermerlər parlamentə girməyə cəhd edəcək. Bir çox halda da pulunu verib parlamentə düşəcək. Nəticədə də parlament xalqın etimadını itirmiş struktura çevriləcək”.
Tarix: 28-10-2021, 10:13
Xəbəri paylaş





Xəbər lenti