“Görüşün planlaşdırıldığı ərəfədə təxribat xarakterli addımların atılması Ermənistanın danışıqlardan boyun qaçırdığını göstərir”


Ermənistanın müdafiə nazirinin Qarabağa səfəri bir daha sübut edir ki, Rusiya sülhməramlıları Ermənistana dəstək siyasətlərindən əl çəkmək istəmirlər. Daim onların başına sığal çəkir, müəyyən şərait yaradırlar. Əlbəttə ki, Ermənistanın müdafiə naziri Qarabağa gəlməməli idi, çünki həmin ərazilər Azərbaycanın tərkib hissəsidir.
 
Bunu Pravda.az-a açıqlamasında politoloq, sabiq diplomat Fikrət Sadıqov Ermənistanın müdafiə naziri Arşak Karapetyanın Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan torpaqlarına qanunsuz səfəri barədə danışarkən deyib.
 

 
Politoloq bildirib ki, Rusiya, Azərbaycan və Ermənistan siyasi liderlərinin iştirakı ilə üçtərəfli görüşün planlaşdırıldığı ərəfədə təxribat xarakterli addımların atılması Ermənistanın görüşdən boyun qaçırdığını göstərir.
 
“Ermənistan başa düşür ki, sülh sazişi imzalandığı halda, son şansını da itirmiş olacaq. Lakin regionda yaranmış yeni geosiyasi reallıq, Azərbaycanın təzyiqi və beynəlxalq hüquq Ermənistanı sağlam düşüncəli mövqe tutmağa məcbur edəcək. Ermənistanın rəhbər şəxslərinin Azərbaycan torpaqlarına qeyri-qanuni səfərləri, onların sülh sazişi imzalamaqdan imtina etmələrinə səbəb olmayacaq. Biz bunu sistemli şəkildə sübut etmişik. Azərbaycan bundan sonra da erməni təxribatlarının qarşısını almaq üçün müəyyən addımlar atmağa davam edəcək", - deyə F.Sadiqov qeyd edib.
Tarix: 9-11-2021, 22:38
Xəbəri paylaş





Xəbər lenti