Rusiya olan yerdə hər cür sürpriz gözləniləndir

Hüquq müdafiəçisi Anar Məmmədli
İki gündür Rusiyanın Qarabağda davranışları qəzəblə müzakirə olunur. Açığı, orda yeni kilsə tikilməsi və ya abidə qurulması təəcüblü deyil. Söhbət Rusiyadan gedirsə, hər cür sürpriz gözləniləndir.
Amma məsələ burasındadır ki, Rusiyanın son davranışlarına qarşı tərəfdə də qəzəbli reaksiyalar var. Xilaskar rus əsgəri abidəsi, ortodoks kilsəsi və Rusiya tarixi personajları xiyabanı erməni millətçilərinin də ürəyincə deyil. Məsələn, çarəsiz erməni uşağını guya xilas edən rus əsgəri abidəsinin verdiyi ismarıcda amansız niyyət var – Rusiya gəlib erməniləri türklərdən xilas elədi…
Gəlin bir anlıq təsəvvür edək ki, Qarabağda geniş səlahiyyətləri olan yerli idarəçilik institutu çalışır. Və bu qurum Bakıdan, yəni mərkəzi hökumətdən gələn hansısa tikinti layihəsinə etiraz edir, məhkəməyə müraciət edir. Tutaq ki, məhkəməni uduzur, amma sonda Avropa İnsan Hüquqları Məhkəməsinə üz tutmaq haqqı da var. İndi bu imkan yoxdur. Əvəzində erməni icmasına hər gün “xilaskarlığını” nümayiş etdirən üçüncü dövlət var.
Təsvir etdiyim mənzərə əslində hər iki ölkə üçün yeni və acı reallıqdır. Ya hər iki xalq bu reallıqla barışıb uzun müddət küsülü qalmalıdır, ya da dil tapıb ortaq reallıq yaratmalıdır.
İndi hər iki tərəfdə Rusiya söyülür, qəzəb ifadə edilir. Bəs Rusiya ortadan çəkilsə, əvəzində nə təklif edilir? Təbii ki, ən yaxşı variant erməni ilə azərbaycanlı arasında vasitəçisiz münasibətlərin qurulmasıdı. Amma hələ vasitəçisiz keçinə bilmirik. Əgər bu vasitəçinin Rusiya deyil, başqa dövlətlər olması arzu olunursa, o zaman nəzərə almalıyıq ki, bunu hər şeydən öncə həmin dövlətlər istəməlidir…
Hazırda məni daha çox narahat edən mövzu atəşkəsin vaxtaşırı pozulması və hərbi əməliyyatların bərpası ehtimalıdır. Bu proses Qarabağda erməni əhalisin azalması ilə yanaşı işğaldan sonra bölgədə aparılan yenidənqurma prosesi və məcburi köçkünlərin qayıdışına da mənfi təsir edəcək. Belə bir ehtimal Ermənistanda revanşistlərin yaxın illərdə iqtidara gəlməsi, Kremlin isə seperatçılara açıq dəstək verməsi nəticəsində güclənə bilər. Digər bir ssenari isə Azərbaycanda və ya Ermənistanda iqtidarların (indiki və ya gələcək) Rusiya ilə geopolitik məsələlərdə ziddiyyəti yaranarsa, Qarabağda yeni hərbi toqquşmaların başlaması perspektividir.
Yuxarıdakı ssenarilərdən yayınmaq üçün iki ölkənin nəqliyyat yollarından qarşılıqlı istifadə, sərhədlərin demarkasiyası və əsir/girovların qaytarılması məsələsində razılaşması ilkin şərtdir.
Bundan sonra münaqişənin yekunlaşması ilə bağlı sülh quruculuğu prosesi başlamalıdr. Hazırkı atəşkəs bəyanatı hələ sülh sazişi deyil.
Amma sülh sazişinin imzalanması üçün hər iki ölkədə ifadə azadlığı və qanunun aliliyinin təmin olunmasını yönündə siyasi iradə formalaşmalıdr. Ötən 27 ilin təcrübəsi göstərdi ki, bu hüquqlar təmin olunmadan hər iki cəmiyyəti sülhə hazırlamaq, Qarabağın erməni və azərbaycanlı icmalarını barışdırmaq, vətəndaş qrupları və ziyalıları sülh quruculuğuna cəlb etmək mümkün olmayacaq.
Tarix: 13-11-2021, 22:18
Xəbəri paylaş





Xəbər lenti