“Nə oldu, bəs Ermənistan kapitulyasiya aktı imzalamışdı...” - Bu iddialara bəzi xatırlatmalar...



10 noyabr sazişi kapitulyasiya sənədidirmi? 

44 günlük Vətən müharibəsinin nəticəsi olaraq imzalanmış 2020-ci ilin 10 noyabr sənədi üzərində məlum çevrələrin başlatdığı məqsədi bəlli manipulyasiya hələ də davam etməkdədir. Sərhəddə baş vermiş son qarşıdurmadan sonra isə bu mövzuda spekulyasiyalara yenidən “qaz verilib”. “Nə oldu, bəs Ermənistan kapitulyasiya aktı imzalamışdı...” deyib, yenidən ortaya düşüblər. Əlbəttə, hər bir siyasi çevrənin istənilən məsələdə öz mövqeyi ola bilər, bu, demokratiyanın diktə etdiyi şərtdir. Amma indilikdə bu iddiaların da, müzakirələrin də demokratiya, fikir özgürlüyü ilə heç bir əlaqəsi yoxdur. Bu inkarçılıq kampaniyasının əsas məqsədini gizlətmək də mümkün deyil. Hədəf hələ də hansısa ağılla özlərinə guya rəqib bildikləri Prezident İlham Əliyevdir. Öz işləridir, öz aralarında həll etsinlər, xalq kimin kim olduğunu yaxşı bilir. Amma hədəf yalnız Prezidentdirmi? Yox, bu çevrələr əslində mübaribəni qazanmış xalqı, müharibəni qələbə ilə başa vurmuş ordunu, 44 günlük müharibənin şəhid və qazi qəhrəmanlarını da hədəfə alırlar. Utancverici, üzücü mənzərədir. Mənim etirazım da bu mənzərəyədir.
Nədir məsələ? “Əfəndim, 10 noyabr sənədi kapitulyasiya termininə uyğun deyil”. Sonra? “Kapitulyasiya o halda sayılır ki, düşmən qalib ölkə ilə qeyd-şərtsiz sülh müqaviləsi imzalayır, ordu saxlaya bilməz, ərazisi hətta bölünə də bilər və sairə...” Məntiq (?) aydındır, istinad olunan tarixi mənbə də.
Без названия.jpg (9 KB)
“Ermənistan Almaniyanın taleyini yaşamadığı üçün bu sənəd kapitulyasiya sayıla bilməz”. Yəni dünyanın qəbul etdiyi tarixi qələbə qalıb bir kənarda, “bukva”, termin qeybəti aparırlar.
959118.jpg (62 KB)
İndi bu adamlar Almaniyanı misal gətirirlər, düz də edirlər. Faşist Almaniyasının ideologiyası ilə Ermənistanın söykəndiyi ideologiya arasında ciddi fərq yoxdur. Ermənizm ideologiyası da, “dənizdən-dənizə” xam xəyalları da bu müharibənin yekunu olaraq Hitlerin ardınca, yəni cəhənnəmə gedib. Azərbaycan ermənizm ideologiyasının belini qırıb, əski parçası olan ““dqr” bayrağı” kimi ayağının altında tapdalayıb. Bəs, bunun adı nədir, bəylər?
Almaniyanı müqayisə üçün deyirlərsə, o zaman niyə demirlər ki, anti-Hitler koalisiyasında hansı dövlətlər vardı, onların “ikinci cəbhə” açmasının müharibənin taleyinə hansı həlledici təsiri oldu? Niyə demirlər ki, kapitulyasiya sənədinin ilkin variantına (1945-ci ilin 7 mayında imzalanıb) SSRİ-dən başqa daha neçə müttəfiq dövlət imza atıb?
əsas şəkil.jpg (20 KB)
Azərbaycanı 44 günlük savaşda dəstəkləyənlər olub, amma bizə düşmənlə vuruşmaq üçün heç kim ordu göndərməyib, Ermənistana öz adından rəsmi savaş elan etməyib. Faşist Almaniyasının məhvinə qərar verən bəzi ölkələr, əksinə, bu savaşda bizim qarşımızda olublar, eləcə də bəzilərinin sığındığı həmin Fransa! Üstəlik, bu savaş Azərbaycan ərazilərində gedib, biz Ermənistan ordusunu darmadağın etmişik, sərhədlərinə qovmuşuq. Əgər müharibə Ermənistan ərazisində getsəydi, İrəvan da bu sənədi imzalamış olsaydı, bunun nəticəsi, mətni də fərqli olardı.
Məğlubiyyəti Ermənistan etiraf etmək məcburiyyətdə qalıbsa, üç rayondan qeydsiz-şərtsiz, ən əsası müqavimətsiz çıxmağa qol çəkibsə, üstəlik, üzərinə müharibənin heç zaman predmeti olmayan Zəngəzur dəhlizini, digər nəqliyyat kommunikasiyalarını açmaq öhdəliyi götürübsə, bəs bunun adı nədir?
images.jpg (11 KB)
Azərbaycan 44 günlük savaşı öz ordusuna güvənərək aparıb, şəhidlər verib və bunun nəticəsi olaraq Ermənistan həmin sənədi imzalayıb. Məntiq də, nəticə də budur. Kapitulyasiya deyilsə, şəhid qanı ilə yazılmış sənəd olsun. Qane edirmi?
Əgər Azərbaycan, məsələn, Türkiyə və Pakistan kimi müttəfiqləri ilə bu savaşa girsəydi, Ermənistanın ərazisi indi öz tarixi sahibləri arasında bölünmüşdü. Ermənistan bölünməyibmi? 1 ildir bu ölkə ayaqüstə qalxa bilmir, içəridə bir-birlərini didməyə hazır qüvvələr fürsət gözləyir, cəmiyyət param-parçadır, məyusdur. Çünki hansı məğlubiyyətə uğradıqlarının fərqindədirlər...
Ilham-aliyev-putin.jpg (30 KB)
Tərəflər özləri də etiraf edirlər ki, 10 noyabr sənədi bir neçə saatlıq gərgin müzakirələrdən sonra qəbul edilib. Daha bir mühüm müqayisə axtarırlarsa, bir daha müharibənin tarixinə baxsınlar. Almaniyanın kapitulyasiya aktının hazırlanmasını hələ 1943-cü ilin yanvarında tarixə Kasablanka (Mərakeş) konfransı kimi düşmüş tədbirdə Britanıyanın baş naziri Uinston Çörçil təklif edib. İndi həmin çevrələrin istinad etdiyi son yekun sənədinə-tam kapitulyasiya aktına qədər Almaniya bir neçə belə mini-kapitulyasiya sənədi imzalayıb (ordunun İtaliyadan çıxarılması, Avstriyadan çıxarılması və sairə haqda).
...Ermənistan hər mənada məğlub ölkədir, Azərbaycan isə qalibdir. Bunun adını kapitulyasiya qoyulmasını bəyənməyə, qıcıqlana bilərlər, amma heç olmasa, Ermənistanın hərtərəfli məğlubiyyətini qəbul edirlərmi? Ümid edək ki, bunu qəbul edirlər...



Nazim SABİROĞLU
Tarix: 20-11-2021, 14:42
Xəbəri paylaş





Xəbər lenti