“Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşündə sülh sazişinin imzalanması baş tuta bilməz, lakin...” - RƏY


"Revanşistlərin oxu bir dəfə daşa dəydi. Azərbaycan-Ermənistan sərhədində lokal döyüşlərə cəhd etsələr də, uğursuz nəticələndi və yaxşı cavab aldılar. Yəni, Azərbaycan və Ermənistan dövlət rəhbərlərinin görüşü ilə bağlı maksimum mitinq keçirə bilərlər, amma belə aksiyalara da lazımi sayda adam toplamaq gücündə deyillər. Ümumiyyətlə iki ölkə arasında danışıqların başlamasını müsbət hal hesab edirəm".
 
Bunu Pravda.az-a açıqlamasında politoloq Qabil Hüseynli Azərbaycan və Ermənistan liderlərinin dekabrda Brüsseldə keçirilməsi planlaşdırılan görüşü barədə danışarkən deyib.
 
Politoloq bildirib ki, iki ölkə başçısı arasındakı danışıqlar sayəsində sərhədlərin delimitasiya və demarkasiyası baxımından ciddi irəliləyiş əldə edilə bilər: "Həmçinin ikitərəfli görüş nəticəsində ölkələrin ərazi bütövlüyünün tanınması, kommunikasiyaların açılması məsələsi həllini tapa bilər. Yəni, danışıqların nəticəsinin əhəmiyyəti böyükdür. Doğrudur, Brüssel görüşündə sülh sazişinin imzalası baş tuta bilməz, lakin sülhü yaxınlaşdıran bir sıra addımlar atıla bilər. Hər halda danışıqlara razılığın əldə edilməsinin özü də müsbət addımdır. Məsələ burasındadır ki, Paşinyan Putinin moderatorluğu ilə baş tutacaq üçtərəfli görüşdən imtina etdi. İndi isə Azərbaycan və Ermənistan tərəfinin görüşünə Avropa İttifaqı və Şərq dünyası vasitəçilik edir. Açığı, Rusiyanın prosesdən müəyyən qədər də olsa, uzaq saxlanılması yaxşı cəhətdir. Hər halda, proses mürəkkəb də olsa, sərhədboyu toqquşmaların azalması, sülh sazişi istiqamətindəki uğurların əldə olunması baxımından olduqca əhəmiyyətlidir. Görüş baş tutana qədər revanşistlərin təxribat törədərək görüşə mane ola biləcəklərini hesab etmirəm".
Tarix: 20-11-2021, 14:43
Xəbəri paylaş





Xəbər lenti