Ədalət bir gün hamıya lazım olacaq

İctimai fəal Bəxtiyar Hacıyev
Gürcüstanın sabiq prezidenti Saakaşvili 50 günlük aclıq aksiyasından sonra Qori Hərbi Hospitalına köçürüldü və aclığı dayandırdı.
Saakaşvili 8 il əvvəl ikinci dəfə prezidentlik müddəti bitəndə vəzifədən gedib. Amma prezident olduğu müddətdə atdığı addımlar, etdiyi seçimlər və verdiyi qərarlar bu gün onun özünün müdafiəsinə lazım oldu.
Saakaşvili siyasi partiyaları dağıtmadı, bütün partiyaları bir binaya yığıb, xorla oxutdurmadı, indi onun partiyası seçkilərdə 30 faiz səs ala bilir.
Sərbəst toplaşmaq azadlığını insanların əlindən almadı, etiraza çıxanı polis maşınına basıb aparıb Rustavidə buraxmadılar. İndi onun müdafiəsi üçün az qala hər gün insanlar ya həbsxana ətrafında, ya parlament qarşısında, ya da İstiqlaliyyət meydanında toplaşırlar, polis də toxunmur onlara.
Medianı dağıtmadı, fond yaradıb jurnalistləri aparatdan göndərilən tezisləri təkrarlamağa öyrəşdirmədi, onlar üçün binalar tikərək mənzil almaq eşqi ilə onları prinsiplərdən uzaqlaşdırmadı, indi TV kanalları müxalif liderin aksiyasından canlı yayımlar edirlər, insanlar efirdə çıxıb rahatlıqla eks prezidenti müdafiə edir, hakimiyyəti sərt tənqid edirlər.
Ombudsman, QHT-lər, beynəlxalq təşkilatlar zərərsizləşdirilmədi, ölkədən qovulmadı, indi onlar Saakaşvilinin hüquqlarını müdafiə edirlər. Hazır siyahısı ilə xalqın iradəsinə zidd parlament formalaşdırmadı, indi deputatlar ona görə aclıq aksiyası keçirirlər, parlamentdə onun müdafiəsi ilə bağlı çıxışlar edirlər.
Ən nəhayət Saakaşvili hakimiyyətdə olduğu müddətdə insanlara, Gürcüstan cəmiyyətinə yalnız hakimiyyətdə olanı dəstəkləməli olduqlarını demədi, hakimiyyətin tənqidinə dözümlü yanaşdı, indi həmin cəmiyyət fərqli hakimiyyət dövründə onu müdafiə edir, hakimiyyətə etiraz edirlər.
Saakaşvili Gürcüstan cəmiyyətinə pis-yaxşı bir irs qoyub getdi, anlayırdı ki, bir gün bu qoyduğu irs həm də onun özünə lazım ola bilər. Elə bir irs qoydu ki, onu 8 il Putin və Putinin əmri ilə çalışan gürcü siyasətçilər müəyyən qədər zəiflətsə də, məhv edə bilmədilər.
Azərbaycanda isə çoxları indiki sistemin möhkəmlənməsi üçün məhkəmə, hüquq-mühafizə orqanları, parlament, ombudsman institutu, QHT-lər, media və s. sütunları dağıdırlar, cəmiyyəti müti və qorxaq edirlər, sonra bir gün özləri dəmir barmaqlıqlar arxasına düşəndə səslərinə səs verəcək insan axtarırlar. Anlamırlar ki, səslərinə səs verilməməsinin səbəbi həm də odur ki, zamanında o səsləri özləri boğublar.
Bir gün ədalət hamıya lazım olacaq. Onu öldürməyə qoymamalıyıq.
Tarix: 22-11-2021, 08:50
Xəbəri paylaş





Xəbər lenti