İmperiya ilə anlaşa bilməzsiniz, ancaq ondan qaçıb qurtulmaq şansınız var


Ekspert Xaqani Cəfərli
Roma hüquq məktəbinin məşhur nümayəndəsi, miladdan öncə 127-ci ildə konsul olmuş Kassian Longinus Ravilin “Bu kimə sərf edir? (Cui bono?, Cui prodest?) sualı 23 əsirdir ki, həqiqətlərin üzə çıxmasına, günahkarın kim olduğunu müəyyən etməyə əvəzedilməz tövhə verir.
Ermənistan-Azərbaycan sərhədində baş vermiş yeni hərbi münaqişədə tərəflər bir-birini ittiham edir. İrəvan bütün dünyaya car çəkərək Azərbaycanı Ermənistan ərazilərini işğal etmək məqsədilə hücum etməkdə ittiahm edir. Bakı isə Ermənistanın təxribatlarına adekvat cavab verildiyini bildirir. Həqiqət isə ondan ibarətdir ki, yeni hərbi münaqişə İkinci Qarabağ Müharibəsi zamanı ağır itgilər vermiş xalqların maraqlarına uyğun ola bilməz. Bu zaman təbii olaraq “Bu kimə sərf edir? (Cui bono?, Cui prodest?) sualı ortaya çıxır. .
Bu sualın dəqiq cavabını Rusiya imperialistlərin əsas isimlərindən olan Konstantin Zatulin və imperiayanın xidmətçilərindən Andranik Miqranyanın 1997-ci ilin martında “Nezavisimaya qazeta”da dərc olunmuş “MDB: tarixin başlanğıcı və ya sonu. Mərhələləri dəyişmək” başlıqlı məqaləsində tapmaq olar. Andranik Miqranyan Rusiyanın hazırkı xarici işlər naziri Sergey Lavrovla Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun, eyni qrupunda oxuyublar.
“MDB: tarixin başlanğıcı və ya sonu. Mərhələləri dəyişmək” məqaələsi dərc olunanda bu məqalənin qeyri-rəsmi həmmüəllifindən birinin də Sergey Lavrov olduğu haqqında bu günə kimi təkzib edilməmiş iddalar var. Məqalənin ümumi fikiri ondan ibarətdir ki, Rusiya postsovet məkanını özünün təsir dairəsində saxlamaq üçün bütün imkanlardan istifadə etməli, o cümlədən münaqişələr yaratmalı və onları idarə etməlidir.
Məqalə müəlliflərinin Cənubi Qafqzla bağlı fikirləri məqalədə “Transqafqazda həll yolu: Anti-Rusiya oxu və ya idarə olunan qeyri-sabitlik qövsü” yarımbaşlığı altında verilib.
K.Zatulin və A. Miqranyan yazırlar:“ 1994-cü ilin sonundan etibarən Rusiya diplomatiyası üçün yeni başağrısı yarandı, çünki regionda vəziyyət kökündən dəyişdi. 1994-cü il sentyabrın 20-də Qərb şirkətlərinin iştirakı ilə təxminən 7,5 milyard dollar kapital qoyuluşu ilə Xəzər neftinin hasilatı üzrə ilk super-layihə imzalandı. Layihənin əsas koordinatoru Amerika-Britaniya sərmayəli Azərbaycan Beynəlxalq Əməliyyat Konsorsiumu idi. Əsrin ilk müqaviləsinin ardınca Qərb neft şirkətlərinin üstünlük təşkil etdiyi digərlər müqavilələr sıralandı”.
Müəlliflər baş vermiş hadisəni belə qiymətləndirlər: “Beləliklə, rus diplomatiyası üçqat məğlubiyyətə uğradı. Birincisi, Azərbaycanda Rusiya yönümlü siyasi qüvvələrin güclənməsinə nail olmaq mümkün olmadı”.
Əliyevə (Heydər Əliyev nəzərdə tutulur) bəslənən ümidlərin doğrulmadığını qeyd edən müəlliflər rus diplomatiyasının üçqat məğlubiyyətin ikinci məqamı kimi Xəzər dənizinin hüquqi rejiminin qeyri-müəyyənliyini əsas gətirərək bağlanmış müqavilələrin hüquqi əhəmiyyətini şübhə altına almaq cəhdlərinin iflasa uğramasını göstərirlər.
K.Zatulin və A. Miqranyan rus diplomatiyasının üçqat məğlubiyyətin üçüncü məqamı kimi isə qüdrətli Qərb şirkətlərinin Azərbaycana gəlməsinin qarşısını almağın mümkün olmadığını qeyd edir və bu halın regionda Rusiyanın rolunun və təsirinin zəifləməsinə gətirib çıxaracağını bildirlər.
Bu məğlubiyyətlərin isə rus diplomatiyası üçün digər uğursuzluqların yolunu açdığını qeyd edən müəlliflər buraya Rusiaydan yan keçən, Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən neft kəmərinin çəkilişini əlavə edirlər.
Yekunda müəlliflər yazırlar: “Rusiya üçün yeni, yaxın xaric təkcə onun təsir dairəsi deyil, Rusiyanın var olması və möhkəmlənməsi uğrunda mübarizə meydanıdır”.
K.Zatulin və A. Miqranyana (S.Lavrov) görə Rusiya bütün tərəfdaşlarına, rəqiblərinə birmənalı şəkildə başa salmalıdır ki, Rusiya bütün imkanlardan istifadə edərək, postsovet məkanının yenidən bölüşdürülməsinə imkan verməyəcək: “Rusiyanın Xarici İşlər Nazirliyi postsovet məkanında çoxmərkəzlik və ya ikimərkəzlik yaratmaq cəhdlərini məhv etməlidir”.
Sergey Lavrov 2004-cü ildə Rusiyanın xarici işlər naziri təyin olunduqdan sonra “MDB: tarixin başlanğıcı və ya sonu. Mərhələləri dəyişmək” başlıqlı məqalədə əskini tapan fikirlər rus diplomatiyasın ana xəttinə çevrilir. Rusiya postsovet məkanında çoxmərkəzlik və ya ikimərkəzlik yaranmasının qarşısını almaq üçün qeyri-stabillik yaradır və münaqişələri alovlandırır. Etnik münaqişələrə görə Gürcüstan, Ukrayna və Moldova Avropa Birliyinə və NATO-ya intiqrasiya edə bilmir. Azərbaycan isə hətta Rusiyanı qəzəbləndirməmək üçün Avroatlantik strukturlara intiqrasiyanı müzakirə etməkdən də çəkinir.
Rusiyanın siyasi elitası Rusiya İmperiyasının və ya Sovet İttifaqının bərpasının mümkün olmadığını anlayır. Buna görə hibrid imperiya strategiyasını həyata keçirməyə çalışır. Bu strategiyaya görə Rusiyanın keçmiş əyalətləri dövlət müstəqilliklərin saxlaya bilərlər, amma hərbi, təhlükəsilik və xarici siyasət kursları Moskvanın direktivləri əsasında qurmalıdırlar. Bu Rusiyanın yeni imperiya modelidir. Çünki, Moskvanın keçmiş əyalətlərinə təsir etməkdən ötrü qaba gücdən başqa heç bir təsir imkanı qalmayıb.
Erməni politoloq Ruben Mehrabyan hesab edir, bədnam Semyon Peqovun uzun fasilədən sonra Ermənistanda peyda olması yeni hərbi münaqişənin baş verəcəyinin işarəsi idi. Rusiyalı politoloq Stanislav Belkovski isə hesab edir ki, Putin postsovet məkanında əsas sülhyaradıcı kimi qəbul olunmasına çalışır. Sülhyaradcı olmaq üçün əvvəlcə hərbi münaqişə olmalıdır. Bu fikirin həqiqət olduğunu İkinci Qarabağ Müharibəsi zamanı daha aydın gördük. Azərbaycanla Ermənistan arasında atəşkəsə nail olmaq üçün Qərb liderləri dəfələrlə Rusiya prezidentinə zəng edərək müharibəni dayandırmağa yardım etməsini xahiş edirdilər.
Noyabrın 18-də Rusiya prezidenti Vladimir Putin Xarici İşlər Nazirliyinin kollegiyasının iclasında iştirak edib və diplomatlarla Rusiyanın xarici siyasət kursunun aktual məsələlərini, eləcə də qarşıda duran vəzifələri müzakirə edib. Bu hal rus diplomatiyası tarixində çox az müşahidə olunan haldır. İclasda çıxışı zamanı Putinin Ermənistanla Azərbaycan arasında münaqişənin nizamlanmasında Rusiyanın rolunun artdığına diqqət çəkərək deyib: “Sabitliyi təmin etmək və mülki əhalinin təhlükəsizliyinin təminatçısı kimi Rusiya sülhməramlı kontingentinin səylərinə böyük tələbat yaranır”.
Rusiya istədiyi zaman postsovet respublikalarının ərazisinin bir hissəsini Krım kimi ilhaq etmək, Abxaziya və Cənubi Osetiya kimi müstəqil dövlət kimi tanımaq, Dnestryanı və Xankəndi kimi bölgələrə öz ordusunu yerləşdirmək hüququna malik olduğunu nümayiş etdirməkdən çəkinmir. Bu zaman hətta BMT-nin Nizamnaməsinə, ATƏT-in 1975-ci il Helsinki Yekun Aktına, fundamental beynəlxalq sənədlərə və “xalqlarının iradəsini sərbəst ifadə etməsinə” istinad etməkdən də çəkinmir.
Sovet İttifaqı müstəmləkəçi imperiya idi. Onun varisi olduğunu bəyan edən Putin Rusiyası itirilmiş mövqelərini bərpa etməyə çalışır. Rusiyanın siyasi dairələri rus dövlətinin tarixən öz ərazilərini genişləndirdiyi müddətdə var olduğunu qeyd edir, imperiyaya yeni ərazilər qatmağa çağırırlar.
Moskvanın yeni hibrid imperiya startegiyasına xidmət etməklə problemlərini həll edəcəklərini düşünənlər yanılırlar: İmperiya ilə anlaşa bilməzsiniz, ancaq ondan qaçıb qurtulmaq şansınız var.
Tarix: 23-11-2021, 08:15
Xəbəri paylaş





Xəbər lenti