Soçi görüşü: Üçtərəfli Bəyanat Azərbaycanın maraqlarına cavab verir? - ŞƏRH


Soçi görüşü: Üçtərəfli Bəyanat Azərbaycanın maraqlarına cavab verir? - ŞƏRH

Dünən Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında keçirilmiş üçtərəfli görüşün nəticələrini müsbət qiymətləndiririk.
Bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Soçi şəhərində keçirilmiş görüşü ilə bağlı şərhində qeyd olunub.
Bildirilib ki, görüş nəticəsində Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin imzaladığı bəyanatda Azərbaycanın mövqeyini əks etdirən məqamlar tam şəkildə təmin edilib:
"Bəyanatda regionun iqtisadi potensialının üzə çıxarılması məqsədilə, o cümlədən dəmir yollarının və avtomobil yollarının açılması ilə əlaqədar layihələrin tezliklə həyata keçirilməsi məqamları xüsusilə vurğulanmalıdır. Münaqişə sonrası mərhələdə Azərbaycan, üçtərəfli bəyanatların tam şəkildə həyata keçirilməsi, bölgədə bütün kommunikasiyaların açılması, iki ölkə arasında delimitasiya prosesinin başlanması və münasibətlərin beynəlxalq hüquq prinsipləri əsasında normallaşması mövqeyindən çıxış edib. Azərbaycan tərəfi, bundan sonra da 26 noyabr Bəyanatında da əks olunmuş aidiyyəti məqamların icrası istiqamətində müvafiq addımlarını davam etdirəcək".
Qeyd edək ki, bu görüş nəticəsində Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin ilin sonuna kimi başlamasına qərar verildi. Həmçinin, liderlər kommunikasiyaların açılması ilə bağlı məsələdə də razılığa gəldilər.
Ümumiyyətlə, 26 noyabr Bəyanatı Azərbaycanın regiondakı maraqlarına tam şəkildə cavab verir?
Sabiq diplomat, politoloq Fikrət Sadıqov Cebhe.info-ya açıqlamasında bildirib ki, biz addım-addım müəyyən bir stabillik və təhlükəsizlik vəziyyətinə doğru irəliləyirik:

“Hər halda Azərbaycan bunun baş verməsi üçün əlindən gələni edir. Fikrimcə, Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında Soçidə keçirilən üçtərəfli görüş bu məqsəd üçün atılan növbəti bir addımdır.
Aydındır ki, mürəkkəb məsələlər və problemlər hələ çoxdur. Lakin orada müzakirə olunan və bizim maraqlarımıza cavab verən 2 məsələni xüsusi qeyd etmək lazımdır. Onlar sərhədlərin delimitasiyası və demarkasiyası ilə nəqliyyət kommunikasiyalarının açılması məsələləridir.
Düşünürəm ki, bunlarla bağlı nəzəri cəhətdən müəyyən razılıq əldə olunub və bizi tam qane edən məhz bu məqamlardır. Hər hada bu, birgə bəyanatda öz əksini tapıb. Həmçinin, Ermənistan bunlara etiraz etməyib və Nikol Paşinyan bu sənədi imzalayıb. Əlbəttə ki, bu proseslər davam etdirilməlidir.
Bununla bağlı komissiyalar formalaşdıqdan sonra bir sıra addımlar atılacaq. Hesab edirəm ki, bundan sonrakı proseslərdə öz maraqlarımıza cavab verən məqsədlərə nail olmaq üçün Azərbaycan daha da hücumedici addımlar atmalıdır”.
Tarix: 27-11-2021, 17:02
Xəbəri paylaş





Xəbər lenti