BMT 4 qətnaməyə görə Azərbaycana borcunu belə qaytardı


HQP-nı “bağlamaq” cəhdi niyə alınmadı?

2021-ci il 12 apreldə açılışı olan Hərbi Qənimətlər Parkının açılışından dərhal sonra ermənilər beynəlxalq aləmdə “qara piar” kampaniyasına başladılar və parkın bağlanması tələbini irəli sürdülər. Bakı parkda ermənilərin çığır-bağırını və ermənipərəst dövlətlərin ağzını yummaq üçün bəzi kiçik dəyişikliklər etdi ki, bu, Hərbi Qənimətlər Parkının əzəmətinə heç bir xələl gətirmədi.
Ermənilərin BMT-nin Ədalət Məhkəməsindən isə umduqları “ədalət” alınmadı. BMT-nin Məhkəmə strukturunun bu qərarı həm də o anlama gəldi ki, bu ali qurum Azərbaycanın 44 günlük Vətən müharibəsində ədalətli mövqeyinə dəstək verdi. Azərbaycanın tarixi qələbəni və bunun göstəricilərindən biri olan Hərbi Qənimətlər Parkını əbədiləşdirməyə haqq etdiyini təsdiqlədi. BMT bəlkə də bu qərarla Azərbaycanın onların yerinə yetirmədiyi Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsini özü və təkbaşına icra etdiyi üçün təşəkkürü kimi də izah edilə bilər.
Hərbi ekspert, polkovnik Üzeyir Cəfərov “Yeni Müsavat”a bildirdi ki, uzun illər kiçik bir Ermənistan dövləti dünyanın ən böyük beynəlxalq təşkilatı olan BMT-nin qətnamələrini saya saymadı və qətnamənin tələblərini icra etmədi. BMT də sanki buna qarşı acizlik nümayiş etdirirdi və bununla əslində BMT-nin nüfuzuna ciddi kölgə düşürdü.

Nəhayət, Azərbaycan Ordusu 44 günlük müharibədə öz torpaqlarını azad etməklə həm də BMT TŞ-nin həmin qətnamələrinin tələblərinin həyata keçirilməsinə nail oldu: “Bununla BMT əslində ciddi bir yükdən azad edilmiş oldu. BMT-nin həll etməli olduğu problemi Azərbaycan Ordusu həll etdi. Əslində BMT buna görə Azərbaycana təşəkkür etməli idi. İndi Beynəlxalq Ədalət Məhkəməsinin məlum qərarı ədalətli qərardır. Belə də olmalı idi. Azərbaycanın haqqıdır ki, qələbəsini həm də Hərbi Qənimətlər Parkı ilə nümayiş etdirsin. Bu hüququn Azərbaycandan alınması üçün heç bir beynəlxalq hüquqi mexanizm yoxdur”.

Politoloq Yeganə Hacıyeva bildirdi ki, hakimləri Baş Assambleya və BMT Təhlükəsizlik Şurası tərəfindən seçilən məhkəmə qərarları məcburidir və ondan şikayət verilmir. Həm də Məhkəmə Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi ilə dövlətlərarası mübahisələrin sülh yolu ilə həlli üçün yaradılmış mexanizmin və ümumilikdə beynəlxalq sülh və təhlükəsizliyin qorunması sisteminin əsas hissəsidir: “BMT Beynəlxalq Məhkəməsinin bu qərarları Azərbaycanın Ermənistana və Ermənistanın Azərbaycana qarşı iddiası üzrə  oktyabrın 14-dən 19-dək olan məhkəmə dinləmələrindən sonra verilib. BMT Beynəlxalq Məhkəməsinin bu qərarları iki istiqamət üzrə-siyasi və hüquqi istiqamət üzrə faydalıdır. Ermənistan, bir sıra ATƏT-in Minsk Qrupu həmsədr ölkələri,  Avropanın bir sıra ölkələri, beynalxalq siyasi institutlar və s. məhz son bir ildə Azərbaycana qarşı hər imkanda ”saxlanılan erməni əsilli şəxslərin dərhal azad edilməsi" , Hərbi Qənimətlər  Parkının dərhal bağlanması tələbi irəli sürür bu mövzunu bizə qarşı istifadə edirdilər. Ermənistanın qaldırdığı bu vəsatətin Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ədalət Məhkəməsində rədd edilməsi, bizə qarşı istifadə olunan bu arqumenti yox edən legitim cavabdır. Bunun hüquqi aspektlərindən kənarda həm də siyasi faydası var. Çünki məsələn, Lüksemburq kimi ölkələr bu mövzunu istifadə edərək, bizə qarşı kampaniyalar apara bilməyəcəklər. Bu yanaşmanı “Hərbi Qənimətlər  parkının bağlanması” və “Azərbaycan tərəfindən hərbi cinayətlərin araşdırılması ilə bağlı” iddialarına da şamil edirik.
Çünki bu mövzularda tələblərlə bağlı Avropa Parlamentinin, bir sıra Avropa ölkələrinin Azərbaycanla bağlı əsassız iradları ilə üzləşirik. Bu qərarları həm də presedent olaraq qəbul edirik. Belə ki, Azərbaycanın davam etdirdiyi  hüquqi təqib prosesləri  təkcə Ermənistanın irqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyanın pozulması ilə bağlı deyil, digər bir neçə, Azərbaycan ərazilərində terrorçuluğun maliyyələşdirilməsi və s. kimi beynəlxalq konvensiyaların pozulması faktı ilə bağlı da davam edir. Bu hüquqi təqiblər həm də Avropa İnsan Haqları Məhkəməsində də davam edir. Məhkəmədəki işlərin əhatə etdiyi geniş mövzuların sırasına  beynəlxalq məsuliyyət və zərərə görə kompensasiya mövzusu da daxil olduğu üçün, bu işlərdə də uğurumuza  inanıram. Bir sözlə, BMT Məhkəməsinin Azərbaycan və Ermənistanın  müraciətlərinə  vicdanlı, qərəzsiz və diqqətlə yanaşmasını, nizamnamə ilə ona həvalə edilmiş missiyanı maksimum vicdanla, operativ  və səmərəli yerinə yetirməsini BMT-nin öz reputasiyasını qoruması kimi təqdiredici hal olaraq qəbul edirik". 
Ekspert qeyd etdi ki, Beynəlxalq Ədalət Məhkəməsinin qərarı haqqında  informasiyanın  geniş yayılmasının növbəti oxşar mövzuları əhatə edən Avropa İnsan Haqları Məhkəməsində baxılan işlərə təsiri qaçılmaz olacaq.
Tarix: 10-12-2021, 10:43
Xəbəri paylaş





Xəbər lenti