General Muradova yeni görəv - bəs “sərhəd komissiyası”nda Azərbaycanı kim təmsil edəcək?


Erməni mediası iddia edir ki, Erebuni aeroportuna enən Rusiya Müdafiə Nazirliyinin xüsusi təyinatlı təyyarəsində demarkasiya və delimitasiya prosesində iştirak edəcək komissiya olub

Rusiya Müdafiə Nazirliyinin xüsusi təyinatlı təyyarəsinin dekabrın 8-də Erebuni hərbi hava limanına enişi erməni mediasında müxtəlif iddialara səbəb olub. “Yeni Müsavat” xəbər verir ki, həmin təyyarə ilə İrəvana gələn Rusiya komissiyasının nümayəndələrini bu həftə başlanacaq demarkasiya və delimitasiya prosesində iştirak edəcəkləri iddia olunur. Həmçinin məqalədə qeyd olunur ki, demarkasiya komissiyasında Ermənistanı kimin təmsil edəcəyi hələlik məlum deyil. Rusiyanı isə sülhməramlıların Qarabağdakı keçmiş komandanı, general-leytenant Rüstəm Muradovun təmsil edəcəyi güman edilir.
R.Muradovun İrəvana və Bakıya məlum olan missiyası var - gərginlik yarananda və ya qan töküləndə general adətən “araya girir”. Əsirlərin dəyişdirilməsi və təhvil verilməsi işində də əsas fiqur məhz general Muradovdur. Onun Rusiya tərəfdən sərhədlərin müəyyənləşməsi prosesinə rəhbərlik edəcəyi barədə iddialar gerçəkliyi əks etdirə bilər. Onunla bağlı İrəvanın yaydığı xəbərlər adətən doğru olur.      
Ola bilsin ki, Baş Qərargahda saxlanıldığı deyilən və sərhəd danışıqlarında əsas olacaq xəritələr tanışlıq üçün İrəvana aparılsın. Mütəxəssislər də bu versiyanı istisna etmirlər. Üstəlik, Muradov Cənub Hərbi Dairəsinin komandan müavinidir və sərhədlərin dəqiqləşdirilməsi prosesinin ona həvalə olunması da istisna deyil.
Çünki Rusiya siyasi-hərbi rəhbərliyi Muradova böyük etimad göstərir, eyni zamanda Azərbaycan və Ermənistan da qafqazlı generalın fəaliyyətinə müsbət yanaşır. Tabasaran olan Muradov bir neçə dəfə əsirlərin qaytarılmasında iştirak edib. R.Muradovun ortaq komissiyada iştirakı prosesin xeyrinə olacaqmı? Bəs sərhədlə bağlı Soçi görüşündə razılaşdırılmış komissiyada Azərbaycanı kim təmsil edə bilər? Hər halda, bu iş üçün ciddi mütəxəssisə ehtiyac var.
Professor Qabil Hüseynli R.Muradovun rus nümayəndə heyətinə rəhbərlik edəcəyini çətin təsəvvür edir. Onun “Yeni Müsavat”a bildirdiyinə görə, Rusiya prezidenti Vladimir Putinin bu yöndə açıqlaması olmuşdu: “Demişdi ki, Bakı və İrəvan delimitasiya işlərində razılığa gəlsinlər, harada çətinlik olsa kömək edərik. Bəlkə də mətbuat üçün deyilmiş sözdür, hər halda, Rusiya prosesdə iştirak edəcək. Amma fikrimcə, bizdən xarici işlər nazirinin müavini Xələf Xələfov ola bilər. Onun Xəzərin statusu məsələsində iştirakı olub, rəhbərlik edib, həmçinin Gürcüstanla Keşikçidağ mübahisəsində rol alıb. Ona görə Xələf Xələfovun komissiyaya rəhbərliyi mümkün ola bilər”.

Qabil Hüseynli: “Mütəxəssis var, təki Ermənistan İşçi Qrupuna mane olmasın”
Q.Hüseynlinin sözlərinə görə, Elmlər Akademiyasının Coğrafiya İnstitutundan mütəxəssislərin dəvət edilməsi də istisna deyil: “Coğrafiya alimləri, kartoqrafiya üzrə mütəxəssislər iştirak edə bilərlər. Habelə, yerüstü ölçmə və müəyyənləşdirmə üzrə alimlərdən də prosesə cəlb etmək olar. Yəqin ki, topoqrafik xəritələr olacaq, yəni hərbi xəritələr əsasında iş aparılacaq. Müdafiə Nazirliyinin sərhəd işləri idarəsi də prosesə cəlb oluna bilər. Bütövlükdə sanballı, xəritələri oxumağı bacaran, dəqiq bilən adamlara delimitasiya və demarkasiya tapşırılmalıdır. Məncə, bu sarıdan kifayət qədər mütəxəssislərimiz var, təki Ermənistan tərəfi İşçi Qrupuna mane olmasın”.

Hərbi ekspert Ramil Məmmədlinin sözlərinə görə, Putin bir müddət əvvəl demişdi ki, delimitasiya və demarkasiya işləri Rusiya müdafiə naziri Sergey Şoyquya tapşırılacaq: “Şoyqunun bu missiyanı Cənub Hərbi Dairəsinin komandan müavini Muradova həvalə etməsi nazirin öz səlahiyyətindədir. Ancaq Azərbaycandan kimin olacağını söyləmək çətindir. Hər halda, Müdafiə Nazirliyindən, yaxud Baş Qərargahdan kimsə olacaq, həmçinin hökumət nümayəndələrindən də kimsə komissiyada iştirak edəcək”.
Ekspert Azərbaycan və Ermənistanın bir-birinin ərazi bütövlüyünü tanımadığını yada salaraq qeyd etdi ki, bu halda xəritələrin çəkilməsi qeyri-müəyyən görünür: “Hələlik bu müqavilə olmadığı üçün hansı ərazilərin delimitasiya ediləcəyi anlaşılmaz görünür. Azərbaycan bu məsələdə israrlı olmalıdır, Ermənistan ya təslimçilik aktı imzalamalıdır, ya da sülh müqaviləsi bağlanmalıdır. Bundan sonra sərhədlərin müəyyənləşdirilməsi işlərinə başlana bilər. Çünki dövlətlər bir-birinin ərazi bütövlüyünü tanımır, necə sərhəd müəyyən edilə bilər? Ona görə bu işlər zaman alacaq. Nəzərə alaq ki, Azərbaycan Gürcüstanla sərhədlərinin delimitasiyasını tam bitirməyib, onda Ermənistanla sərhədləri tələsik müəyyən etmək nə dərəcədə düzdür? Axı mübahisəli ərazilər var”.
Qeyd edək ki, dekabrın 15-də Ermənistan parlamentinin dövlət sərhədinin demarkasiyası və delimitasiyası ilə bağlı növbədənkənar iclası keçiriləcək. Bu barədə “News.am” məlumat yayıb. Bildirilib ki, növbədənkənar iclasın təşəbbüskarı müxalifətdə olan “Ermənistan” parlament fraksiyasıdır. Gündəlikdə bir məsələ var: “Azərbaycanla sərhədin demarkasiya və delimitasiyası”.
Emil SALAMOĞLU

 
Tarix: 10-12-2021, 10:45
Xəbəri paylaş





Xəbər lenti