“Vaşinqton Post”dan Rusiya ilə davranış tezisləri


“Vaşinqton Post” qəzetində redaksiya heyəti adından “ABŞ Ukraynanı və beynəlxalq hüququ möhkəm müdafiə etməlidir” başlıqlı məqalə dərc olunub. Novator.az saytı məqaləni ingiliscədən çevirərək oxucuların diqqətinə çatdırır.
ABŞ prezidenti Cozef Baydenlə iki saatlıq gərgin müzakirə zamanı Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə bağlı son tələbini yenidən səsləndirib. O, Baydendən NATO-nun Rusiyanın qonşusu hesabına genişlənməyəcəyinə, yəni Ukraynanın alyansa qəbul edilməyəcəyinə, Rusiya yaxınlığında hərbi texnika yerləşdirilməyəcəyinə “etibarlı, hüquqi cəhətdən təsbit olunmuş zəmanətlər” tələb edib.
Putin deyib ki, belə bir zəmanətin olmaması Rusiyanın milli təhlükəsizliyinə xələl gətirir və onun ölkəsini daha qəti tədbirlər haqda düşünmək məcburiyyətində qoyur.

Birbaşa hərbi müdaxilə – Putin Ukrayna sərhədinə qoşun yeritməklə buna işarə edir.
Münhen sazişinə bənzər bir razılaşmaya şirnikib sakitləşmək də olar, ancaq Putinin hərbə-zorba altında irəli sürdüyü bu qondarma tələb elə bir tələbdir ki, Bayden doğrudan da onu qəbul etməyə cürət edə bilməz. Çünki belə bir tələbin qəbul olunması bütün Avropada sabitliyin avtokratik Rusiyanın xeyrinə pozulması demək olardı.

Faktiki regionun təhlükəsizliyi onsuz da “etibarlı, hüquqi cəhətdən təsbit olunmuş zəmanətlər”ə söykənir və bunlardan ən vacibi sərhədlərin toxunulmazlığı prinsipidir.

Ukrayna, Putinin təbliğ etdiyinin əksinə olaraq, heç də Rusiya adlı böyük qardaşın torpağında ərköyüncəsinə məskunlaşmış bir kiçik qardaş deyil. Putin adətən Rusiyanın qərb bölgələrinə, Ukrayna ilə sərhədə qoşun yığanda bu təbliğatı işə salır.
1991-ci ildən (artıq 30 ildir!) Ukrayna müstəqil və suveren dövlətdir, BMT-nin üzvüdür. Onun tam haqqı çatır ki, öz gələcəyi haqda qərarları, o cümlədən NATO-ya, yaxud Avropa Birliyinə daxil olub-olmamaq qərarını özü versin. Bu onun danılması mümkün olmayan bir beynəlxalq hüququdur.

Ukrayna sovet dövründən qalma nüvə arsenalından imtina etdiyi üçün 1994-cü ildə Rusiya özü Budapeşt memorandumunu imzalayaraq Ukraynaya qarşı güc təhdidindən və ya güc tətbiqindən çəkinəcəyi barədə öhdəlik götürüb. Ona görə qanunsuz olan bir şey varsa, o da Putinin 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq etməsi, ölkənin şərqindəki Donbas bölgəsinin bir hissəsini isə faktiki işğal altına almasıdır.

Yəqin ABŞ-ın və onun avropalı müttəfiqlərinin könülsüz də olsa bu iki işğalla barışması Putində belə bir fikir formalaşdırıb ki, istədiyini edə bilər, 2014-cü ildəkindən də o yana keçə bilər. Putini bu fikrindən daşındırmaq üçün Baydenin yaxın bir neçə həftədə atacağı addımlardan vacib heç nə yoxdur.

Dekabrın 7-də keçirilən video formatlı görüş zamanı prezident Bayden çox düzgün mövqe tutaraq Ukraynaya hərbi müdaxilə baş verəcəyi təqdirdə Rusiyanı gözləyən aqibəti – sərt iqtisadi sanksiyaları – Putinə izah edib. Bayden bildirib ki, bu sanksiyalar 2014-cü ildəki hərbi müdaxilələrə cavab kimi tətbiq edilən sanksiyalardan daha geniş olacaq.
Dövlət Departamentinin nümayəndəsi Viktoriya Nuland isə deyib ki, Almaniyanın da “Şimal axını – 2” qaz kəmərini dayandırmaqla Rusiyanı hərbi müdaxiləsinə görə cəzalandıra biləcəyi istisna deyil. “Şimal axını – 2” layihəsinin dayanması Rusiyaya milyardlarla dollar ziyan vura bilər. Baydenin köməkçiləri də Putinin çox can atdığı bu layihənin pozulacağı haqda xəbərdarlıqlar ediblər. O biri yandan Ağ evin ABŞ-ın təhlükəsizlik problemləri üzrə danışıqlara hazır olduğunu bəyan etməsi də düzgün addımdır və deyəsən, hər iki tərəf indi məhz diplomatik yola meyillənməkdədir.

7 dekabr görüşündən sonra Bayden Amerika qoşunlarının birtərəfli qaydada Ukraynada yerləşdirilməsindən imtina etdiyini açıqladı. Əslində bu, yeni xəbər deyil. Prezidentin müşavirləri bunu əvvəllər də bəyan ediblər. Amerika qoşunlarının birtərəfli qaydada Ukraynada yerləşdirilməsindən imtina düzgün qərardır, hərçənd prezident bu barədə indi danışmasa daha yaxşı olardı.
ABŞ Ukraynanı müdafiə texnikası ilə silahlandırmaqda davam edir və avropalı müttəfiqləri ilə birlikdə onun ixtiyarında hələ də sülhü qorumaq, Putini təhdidlərindən ciddi fayda götürməkdən məhrum etmək üçün xeyli imkan var. Amerika və müttəfiqləri bu imkanlardan ağılla və qətiyyətlə istifadə etməlidir.


Tarix: 11-12-2021, 09:04
Xəbəri paylaş





Xəbər lenti