“Şərq Tərəfdaşlığı” sammiti başa çatdı - Avropa bizə nə verəcək, nə istəyəcək?


Ekspert: “Ən böyük nəticə-Avropa reallığı qəbul etmiş oldu”

Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramının VI sammiti başa çatdı. Sammit ilk dəfə proqramda iştirakını dayandıran Belarusun iştirakı olmadan keçirildi. Sammitdə koronavirus pandemiyası ilə mübarizə, “Şərq Tərəfdaşlığı” ölkələrində islahatlar və Avropa İttifaqının proqrama sadiqliyi ilə bağlı məsələlər müzakirə olundu.
Prezident İlham Əliyev sammitdə çıxışında uğurla inkişaf edən Azərbaycan-Avropa İttifaqı əlaqələrinə diqqət çəkərək 2018-ci ildə paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədinin əhəmiyyətini vurğulayıb. Azərbaycanla Avropa İttifaqı arasında yeni tərəfdaşlıq sazişi üzərində işin 90 faizdən çoxunun artıq başa çatdırıldığını bildirən Prezident sənədin qalan hissəsinin qarşıdan gələn dövr ərzində aparılacaq danışıqlar nəticəsində yekunlaşdırılacağına ümidvar olduğunu ifadə edib. Dövlətimizin başçısı Azərbaycanın Avropa İttifaqının 9 üzv dövləti, yəni, quruma üzv ölkələrin üçdəbiri ilə strateji tərəfdaşlığa dair sənədlər imzaladığını vurğulayıb. İkitərəfli əsasda imzalanmış bu strateji tərəfdaşlıq sənədlərinin əlaqələrimizin xarakterini nümayiş etdirdiyini deyib.
Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin bu ilin iyul ayında Cənubi Qafqaz regionuna, o cümlədən Azərbaycana səfərini və səfər çərçivəsində onunla keçirdiyi görüşləri məmnunluqla xatırladıb, bu əsnada regional məsələlərə dair ətraflı müzakirələrin aparıldığını qeyd edib.

Dövlətimizin başçısı regional məsələləri daim gündəliyində saxladığına, bu proseslərə verdiyi töhfəyə və dəstəyə görə Avropa İttifaqı Şurasının Prezidentinə təşəkkürünü bildirib. Bu xüsusda Şarl Mişelin təşəbbüsü ilə dekabrın 14-də Azərbaycan Prezidenti və Ermənistanın baş naziri arasında 5 saata yaxın davam edən müzakirələrin konstruktiv mühitdə keçdiyini xüsusi qeyd edib. Prezident İlham Əliyev Şarl Mişelin Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına verdiyi töhfəni vurğulayıb. Həmçinin Şarl Mişelin təşəbbüsü ilə aparılan bu danışıqların çox praktiki olduğunu və təfsilatlı xarakter daşıdığını, burada Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması, sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat infrastrukturunun, xüsusilə də dəmir yolu xəttinin çəkilməsi kimi məsələlərin müzakirə olunduğunu, nəticə etibarilə səmərəli və praqmatik keçdiyini diqqətə çatdırıb.

Dövlətimizin başçısı vurğulayıb ki, əvvəlki illərdə Ermənistan rəhbərliyi adətən beynəlxalq tədbirlər zamanı Azərbaycana qarşı əsassız, ittiham xarakterli çıxışlar edirdi. Bu dəfə isə belə bir halın baş vermədiyini müsbət qiymətləndirən Prezident İlham Əliyev öz növbəsində Ermənistana qarşı bilavasitə fikir səsləndirmədiyini qeyd edib. Dövlətimizin başçısı deyib ki, bu, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması üçün münbit zəminin yarandığını göstərir. Prezident İlham Əliyev deyib ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın özü tərəfindən hərbi-siyasi yollarla həll edilib. Dağlıq Qarabağ münaqişəsi artıq yoxdur. Biz gələcəyə baxmalıyıq.
Dövlətimizin başçısı İlham Əliyev həmçinin ATƏT-in Minsk Qrupunun roluna toxunaraq 28 il ərzində aparılan danışıqlarda hər hansı bir nəticənin hasil olmadığını diqqətə çatdırıb. Azərbaycanın ATƏT-in Minsk Qrupundan yeni geosiyasi reallığa uyğun cavab gözlədiyini bildirib. Deyib ki, bu xüsusda Azərbaycan tərəfi hesab edir ki, Ermənistanla Azərbaycan arasında sülh sazişinin hazırlanması, sərhədlərin delimitasiyası, insanlar arasında təmasların yaradılması, etimad quruculuğu tədbirləri və digər məsələlərdə Minsk qrupu tərəfindən kömək göstərilə bilər.

Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə minalar məsələsinə toxunaraq Azərbaycanın mülki vətəndaşlarının minalardan əziyyət çəkdiyini və bu günə qədər 200-ə yaxın insanın mina partlaması nəticəsində həlak olduğunu və ya yaralandığını bildirib. Bu xüsusda Avropa İttifaqı və üzv dövlətlər tərəfindən Azərbaycana mina probleminin aradan qaldırılması üçün texniki və maliyyə yardımının göstərilməsinin vacibliyini diqqətə çatdırıb.
Dövlətimizin başçısı eyni zamanda Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsindəki əməkdaşlığı qeyd edib, bu münasibətlərin də strateji tərəfdaşlıq xarakteri daşıdığını bildirib. 3500 kilometr uzunluğu olan Cənub Qaz Dəhlizinin XXI əsrin ən böyük infrastruktur layihələrindən biri olduğunu vurğulayan Prezident İlham Əliyev bu layihənin son komponenti olan Trans-Adriatik xəttinin işə salınması ilə Azərbaycan qazının Avropa məkanına çatdırıldığını diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycan qazı artıq Avropa İttifaqının üç ölkəsinə - İtaliya, Yunanıstan və Bolqarıstana çatdırılır. Gələcəkdə Azərbaycan istehsal etdiyi qazın ixrac coğrafiyasını Avropa İttifaqının digər üzv ölkələrinə genişləndirmək niyyətindədir. Dövlətimizin başçısı Azərbaycan qazının etibarlı və yeni mənbə olaraq Avropa İttifaqı bazarına çatdırıldığını vurğulayaraq bildirib ki, baş verən son hadisələr də enerji təhlükəsizliyi baxımından şaxələndirmənin vacibliyini göstərir.

“Şərq Tərəfdaşlığı” sammitinin Azərbaycan üçün uğurla nəticələndiyindən danışan deputat Fazil Mustafa “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan ən böyük uğuru Brüsseldən Azərbaycan əleyhinə hər hansı bir demarşın, hər hansı bir qərarın olmamasıdır: “Bəzən xeyrimizə qərar çıxmasından daha çox əleyhimizə hansısa bir addımın atılmaması bizim üçün çox vacib idi. Amma buna baxmayaraq, həm də bir müsbət tendensiya orada müşahidə olundu. Yəni Prezidentin də söylədiyi kimi, beynəlxalq oyunçular yeni reallığı qəbul elədilər. Bununla bağlı da Azərbaycan əleyhinə hər hansı addım atmağı düşünmədilər. Yeni reallıq nə idi? Azərbaycanın torpaqlarını işğaldan azad eləməsi və ermənilərə hər hansı status verməməsidir. Avropa İttifaqında bunu qəbul elədilər. ATƏT-in Minsk Qrupunun söhbəti getmədi, qəbul olunan sənəddə adı keçmədi, eyni zamanda qəbul olunan sənəddə status məsələsi əksini tapmadı. Avropa reallığı qəbul etmiş oldu.
Azərbaycan Prezidenti sammitdə nəqliyyat kommunikasiya xətlərinin açılması məsələsini qəbul etdirdi. Onlar da bunu razılıqla qarşıladılar. NATO-nun, Avropa İttifaqının yeni sənədlərində də Azərbaycanın ərazi bütövlüyü dəstəkləndi. Biz bu sammitdən, orada keçirilən görüşlərdən bundan artıq heç nə isə gözləmirdik. Məsələlərin praktik həlli Soçi görüşündə nəzərdə tutulmuşdu, real qərarlar orada qəbul edilib. Brüsseldə alınan qərarlar isə siyasi qərarlardır. Bu siyasi qərarlar əslində Azərbaycanın maraqlarına uyğun olan qərarlardır. Ən azı əleyhimizə qərar çıxmadı, lehimizə olan məsələlərdə də təsdiq əldə elədik".
Azərbaycanın Rusiya ilə münasibətləri gərgin olan Ukrayna, Gürcüstan və Moldova ilə birgə sammitdə iştirakı və təmaslarının nəticələrinin nə ola biləcəyinə gəlincə, F.Mustafa qeyd etdi ki, Azərbaycan müstəqil ölkədir və həmin ölkələrlə Rusiyanın əleyhinə hansısa proses aparmır: “Moldova, Ukrayna, Gürcüstan bizimlə partnyor ölkələrdir, siyasi əlaqələrimiz, iqtisadi əməkdaşlığımız var. Biz Rusiyaya qarşı hansısa koalisiya, birlik yaratmırıq. Ona görə də Rusiyanın özü bu cür təmasları, prosesləri normal, anlayışla qarşılayan ölkədir. Bizim Rusiya ilə ayrıca münasibətlərimiz var və o münasibətlər inkişaf eləyən səviyyədə gedir. Həmin üç ölkə də Azərbaycanın Rusiya ilə münasibətlərinin yaxşı olmasını normal qarşılayırlar. Biz müstəqil dövlət kimi ölkələrlə öz maraqlarımız çərçivəsində əlaqə qururuq və bu əlaqələr qətiyyən Rusiyaya qarşı deyil. Bunu Rusiya yaxşı bilir”.
Deputat vurğuladı ki, Brüssel sammiti Azərbaycanın artıq yeni bir platsdarm əldə eləməyimizə, yeni bir mərhələyə adlamağımıza imkan yaratdı: “Çünki bir az ”xoxan gəlir" kimi Avropanın, Qərbin Ermənistanı dəstkləyəcəyi qorxusunu Azərbaycanda qəsdən yayırdılar. Amma zaman göstərdi ki, Azərbaycan problemi birinci növbədə sahədə həll elədiyi üçün əli güclüdür və siyasi tərəfdən də əlini gücləndirir. Yəni biz savaşı udduğumuz kimi sülhü də udmaq istiqamətində böyük bir addım atdıq. Bunun da yaxın zamanlarda müsbət nəticələrini görəcəyik".
Tarix: 17-12-2021, 11:37
Xəbəri paylaş





Xəbər lenti