“Kimsə gəlib Qarabağa sərmayə yatıracaqmı? Yox! Çünki ölkədə şərtlər yoxdur” – İlqar Məmmədovdan sərt tənqid VİDEO


Səməd Seyidov: “İndi gələnlər ya öz pulu ilə gəlir. Ya da deyir ki, ya sən mənim əvəzimə kredit götür - bunu etmək olmaz”


Bu gün “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun moderatorluğu ilə TV Müsavatın efirində yayımlanan “Dərin Təhlil” verilişində “Hücum diplomatiyası: Brüsseldə Zəngəzur dəhlizini aldıqmı, almadıqmı?” mövzusunun müzakirəsi zamanı qonaqlar Qarabağa yatırılacaq sərmayə mövzusunda müzakirə aparıblar.
Musavat.com xəbər verir ki, ReAL Partiyasının sədri İlqar Məmmədov ordu gücünə iqtisadiyyat qurmağın mümkünsüzlüyünü bildirib: “Ordu gücünə iqtisadiyyat qura bilməzsən. İqtisadiyyatın gücü sərmayədir. Kimsə gəlib bura sərmayə yatıracaqmı? Hamısı gəlirlər, hər gün baş nazirin, prezidentin qəbulundadırlar. Gəlib deyirlər ki, biz tutaq ki, fənər işi ilə məşğuluq, Azərbaycanın büdcəsindən 100 milyon verin, bütün yolları fənərləyək. Ya da bizə 500 milyon ver, elektrik stansiyası qurum sizə. Bu, neft pullarının xərclənməsidir. Sərmayəçi isə gəlmir. Xaricdə yaşayan bir uğurlu azərbaycanlı varsa, öz vəsaitini gətirib indiki Qarabağa qoyarmı? Xeyr! Təkcə ona görə yox ki, infrakstruktur yoxdur. Ona görə ki, məhkəmə yoxdur, onun pulunu heç kim burda qorumayacaq, sabah hüquq-mühafizə və nəzarətedici orqanlar gəlib öz payını istəyəcəklər, imkan verməyəcəklər işləməyə”.
bc37c9e9-5ce8-4f9d-af25-1bdf5ae9fa87.jpg (167 KB)
Millət vəkili Səməd Seyidov isə bu məsələyə fərqli yanaşmanın tərəfdarı olduğunu deyib. Onun sözlərinə görə, müharibənin nəticələrini təsdiq etmək üçün dünyanın möhürü lazımdır və o möhürlərdən biri Brüsseldə vuruldu: “Ona görə söhbət 1-2 milyarddan getmir. İndi gələnlər ya öz pulu ilə gəlir. Ya da deyir ki, ya sən mənim əvəzimə kredit götür. Bunu etmək olmaz. Bu sammit də onu həll edir. Dünyanın iqtisadi qapısı Qarabağ üçün açılır. 30 il biz Qarabağ üçün savaşmışıq, indi Qarabağ Azərbaycan üçün işləməyə başlayır”.
Verilişin canlı versiyası ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiz.
https://www.youtube.com/watch?v=zwqQ2-1ReWg

Tarix: 17-12-2021, 22:25
Xəbəri paylaş





Xəbər lenti