Rusiya ağır sanksiyaların hədəfində - Qərb kəməri sıxır...



Şimal qonşumuzdan Avropaya qaz daşımalı olan “Şimal Axını - 2" kəmərinin istismara verilməsi prosesi dayandırılmaq üzrədir, sertifikat gələn ilin iyuluna qədər verilməyəcək
ABŞ başda olmaqla, Qərb ölkələri Kremlə xəbərdarlıq ediblər ki, Ukraynaya hücum edərsə, Rusiyaya qarşı 2014-cü ildəkindən daha sərt maliyyə-iqtisadi sanksiyalar tətbiq olunacaq. “Yeni Müsavat” xəbər verir ki, Moskva Qərbin bu təzyiq və şantaj alətindən yayınmaq, prosesdən az itki ilə çıxmaq üçün dünyanın iqtisadi nəhənginə çevrilmiş Çinin dəstəyini qazanmağa çalışır. Aydındır ki, Çin hazırda ABŞ-la ciddi rəqabətdə və siyasi-iqtisadi müharibə ərəfəsindədir. Amma Rusiyaya Qərbin sanksiyasının ilk əlamətləri görünməkdədir. Belə ki, Rusiyanın Avropaya qaz daşımalı olan “Şimal Axını-2" kəmərinin istismara verilməsi prosesi dayandırılmaq üzrədir.
Dekabrın 13-də Almaniyanın xarici işlər naziri Anna Berbok bəyan edib ki, “Şimal Axını-2" Avropa İttifaqının enerji qaydalarına cavab vermir. Buna görə də kəmərin istismara verilməsi qeyri-mümkün olaraq qalır. Ardınca məlum olub ki, Almaniyanın tənzimləyici qurumu qaz kəmərinə istismara başlaması üçün sertifikatı 2022-ci ilin iyuluna qədər verə bilməyəcək. Beləliklə, Rusiyanın ən ciddi layihəsinə qarşı Qərb savaşın ilk mərhələsini udmuş kimi görünür. Amma Putin Çinin dəstəyini ala bilsə, Türkiyə ilə axıra kimi müttəfiqliyini qorumağı bacarsa, Qazaxıstanı Qərbin sanksiyalarına qarşı yanında tuta bilsə, ”savaşdan" az itki ilə çıxa bilər. Bəs bizim mütəxəssislər necə düşünür?

Natiq Cəfərli: ”Rusiyaya böyük zərər dəyə bilər, amma qarşı tərəfə də ziyan olacaq axı?!"
İqtisadçı-ekspert Natiq Cəfərli “Yeni Müsavat”a qeyd etdi ki, medalın iki üzü var. Onun sözlərinə görə, Rusiyaya qarşı indiyə qədər ciddi sanksiyalar olmayıb: “Qərbdə bank və enerji sektoruna sanksiyaların olması fikirləri səslənir. Hər iki ehtimalda Rusiyaya böyük zərər dəyə bilər, amma qarşı tərəfə də ziyan olacaq axı?! Bu gün Rusiya Avropa Birliyi ölkələrinə 170-180 milyard kubmetr qaz satır. Belə xəbərləin fonunda Qərb ölkələrində qazın qiymətinin artdığını görürük. Bu da sənaye istehsalına, əhalinin elektrik enerjisi, qaz alışına təsir edir, artıq iki dəfə qiymət qalxıb. Bu da ciddi narazılıq yaradır. Sənaye müəssisələri var ki, qazın qiyməti baha olduğu üçün işi dayandırıblar, gübrə istehsalını saxlayıblar. Yəni sanksiya olacaqsa, zərərin iki tərəfi var. Bəs qazın qiymətini necə ödəyəcəklər?”
N.Cəfərlinin sözlərinə görə, Avropa Rusiyadan günə 6 milyon barel neft alır: “Deyək ki, neftin mənbələri çoxdur, axı qazın mənbələri yoxdur. Ona görə burada ciddi problem yaranır. Əlbəttə, sanksiyalar sərtləşdirilə bilər, amma münasibətlərin korlanması Qərbin özünə də zərər vurar. Almaniyanın özündə də ”Şimal Axını -2" layihəsi ilə bağlı birmənalı rəy yoxdur. Odur ki, sanksiyalar məsələsi təzyiq vasitəsi, zopa kimi Rusiyanın başı üzərində olacaq, amma kəskin addımlar atılacağını düşünmürəm. Putin də demişdi ki, kəskin sanksiyalar Rusiyaya müharibə elan etmək deməkdir və o zaman daha sərbəst addımlar atmağa imkan yaranacaq. Rusiyanı Donbası ilhaq etməyə saxlayan səbəb sanksiyaların güclənməməsidir. Putini qorxutmaq üçün sanksiyalarla bağlı belə fikirlər açıqlanacaq, amma tətbiq olunmayacaq. Prezident İlham Əliyev də demişdi ki, Azərbaycan qazı alternativ ola bilməz. Biz 11 milyard kubmetr qaz satacağıq, Rusiya isə 180 milyard kubmetr..."
Emil SALAMOĞLU
Tarix: 21-12-2021, 09:06
Xəbəri paylaş





Xəbər lenti