Hakimiyyətin xalqa etimadı nə qədərdir?

Hüquq müdafiəçisi Anar Məmmədli
Sosial Tədqiqatlar Mərkəzi Naxçıvan Muxtar Respublikası və azad edilmiş ərazilər istisna olmaqla bütün regionlarını əhatə edən və 1162 respondentin iştirak etdiyi rəy sorğusu keçirib. Və sorğuda iştirak edənlərin İlham Əliyevə etimadı 91,2 faiz “tam etibar”, 6,9 faiz isə “əsasən etibar” edirəm olub. Bu rəqəmlərin Türkmənistan və Ş.Koreya sayağı böyüklüyünü qoyuram bir kənara. Gəlin bu sorğudan yola çıxaraq, iki suala cavab axtaraq:
1) Bu qədər vətəndaş “etimadının” müqabilində hakimiyyətin xalqa etimadı nə qədərdir?
2) Bu qədər yüksək “milli etimadın” müqabilində hakimiyyətin özünə daxili siyasi əminliyi nə qədərdir?
Yəni xalqın bu hakimiyyətə bu qədər böyük etimadı varsa, niyə ifadə azadlığını məhdudlaşdırır?
Niyə ən kiçik etiraz aksiyasını belə dağıdır?
Sərbəst toplaşmaq və birləşmək azadlıqlarını zərrə qədər hörmət olunmur?
Ən qəribəsi isə bu rəqəmlər hakimiyyət daxilində özünə güvən yaratmır. Özünə güvəni olan hakimiyyət 100-dən artıq siyasi məhbusu həbsxanada saxlamazdı…
İndi bir çox siyasi təhlilçilər, o cümlədən müxalif və müstəqil müşahidəçilər düşünür ki, Qarabağda qələbə İlham Əliyevin və onun komandasının reytiniqi qaldırıb, iqtidarın ömrünü uzadıb. Nəzəri olaraq bu belə görünə bilər. Ancaq praktik olaraq əlimizdə konkret rəqəmlər olmadığı üçün bu ehtimallar ya propoqanda, ya da diletant yanaşmadı. Müharibədən öncə reytinqə dair əlimizdə dəqiq statistik faktlar olmadığı üşün indi reytinqin qalxmasına dair konkret bir şey deyə bilmərik. Yəni bu mövzu manipulyasiyaya çox açıqdı.
Məsələ həm də burasındadır ki, iqtidar komandası üzvlərinin postmüharibə dövründə davranışları dəyişməyib. Yəni müharibə öncəsində olduğu kimi müharibədən sonra da xalqa etimadları artmayıb. Özlərinə güvənləri çoxalmayıb, siyasi dözümlülükləri artmayıb.
Qısası özünü müharibə qalibi sayanlar xalqın problemləri və tələbləri qarşısında aqressiv və ya laqeyd davrandıqca, qələbənin verdiyi siyasi kapitalı da israflıqla xərcləyib bitirəcəklər.
Tarix: 28-12-2021, 17:05
Xəbəri paylaş





Xəbər lenti