Yolçunun işinin rast düşməsi yalnız itlərin boğuşmasından asılı deyil...

Yolçunun işinin rast düşməsi yalnız itlərin boğuşmasından asılı deyil...
Nikol Paşinyanla qiyabi polemikadan sonra Araik Arutunyan Xankəndidə mövqelərini möhkəmlətmək üçün bir sıra tədbirlər həyata keçirir.
 
Dekabrın 27-də separatçı rejimin parlamenti Arutunyanın mövqeyini müdafiə edən bəyanat qəbul edərək Paşinyana “ Artsax Respublikasının rəyini nəzərə almadan hər hansı mövqe bildirmək yolverilməzdir”, kimi sərt cavab verdi.  Arutunyan siyasi tədbirlərini bu gün də davam etdirib. “Artsaxın ehtiyatda olan zabitlər ittifaqı” deyilən bir ictimai təşkilatın  nümayəndələri ilə görüş zamanı “ Qarabağın statusu məsələsində müstəqillik yolundan geri çəkilmə olmayacaq”- deyərək, həm Ermənistan baş nazirinə meydan oxuyub, həm də yerli qüvvələrin etimadını qazanmaq üçün populist çıxış edib. Beynəlxalq tanınma uğrunda fəaliyyətlərinin davam etdirəcəklərini vurğulayan Arutunyan:” “Əminəm ki, dünya bir gün bizimlə hesablaşacaq və onilliklər boyu davam edən mübarizə istənilən nəticəni verəcək”. 
 
 Arutunyanın son sutkada fəaliyyəti və dedikləri əslində mahiyyət etibarı ilə yenilik deyil, separatçı liderlər iddialarında israrlı olduqlarını müharibədən sonra da davam etdirirdilər. Fərq buirasındadır ki, əgər əvvəllər rəsmi İrəvan bu mövqedə olduğunu bildirirdisə, indi Paşinyanın bu məsələyə dair 24 dekabr açıqlamalarından sonra separatçılarla yaranan mövqe ayrılığı yeni situasiya yaradır. Xankəndi ilə rəsmi İrəvan arasında yaranmış gərginlik artan xətt üzrə inkişaf edəcək, yoxsa yumşalma olacaq? Gərginlik artmasa da tərəflərin mövqelərində qalacağı böyük ehtimaldır.
 
Bunu Paşinyanın Arutunyana verdiyi cavabdan da görmək mümkündür. Fiqurlar və mövqelər açıq şəkildə meydandadır, bundan sonra hansı ssenarilər qurulacaq? Ona görə ssenari ki, bundan sonra hadisələrin açıq oyundan çox ssenarilər formasında davam edəcəyi məntiqli görünür. Sadəcə, hansı gücün (bölgədə maraqları olan qlobal güclər də bura aiddir) ssenarisi əsasında proseslərin inkişaf edəcəyi və tərəflərin bu ssenaridəki rolu, özünü necə aparacağı suallar yaradır. Qərb Rusiyanın Cənubi Qafqazda təsirinin azalması üçün Paşinyanı mövqeyində israrlı olmağa sövq edə bilərmi? Azərbaycan da bu vəziyyətdən yararlana bilərmi?
 
Azərbaycanın strateji hədəfi bəllidir: Xankəndi problemini bitirib, ölkənin suverenliyini bütün ərazisində, o cümlədən Azərbaycanda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının nəzarətində olduğu Qarabağın bir hissəsində də faktiki olaraq bərpa etmək. Bəs, yaranmış situasiya Azərbaycana nə vəd edir? Sadəlövhcəsinə fikirləşməyək ki, itlər boğuşanda yolçunun işi rast düşəcək. Çox güman ki, bundan sonra Rusiya Xankəndi separatçılarına təsir və köməyini artıracaq, onların tələbatını qarşılamaq üçün əlavə tədbirlər görəcək. Paralel şəkildə Ermənistan rəhbərliyinə təzyiqini artıracaq. Hətta, mövqeyində həmişə birmənalılıq olmayan Paşinyanın sabah Qarabağın statusundan danışmağa məcbur edəcəkləri də mümkün variantlardan ola bilər. Yəni, düşmənin və Rusiyanın bundan sonra aparacağı siyasətdə yumşalma olmayacaq, əksinə humanitar yardım adı altında separatçıların möhkəmlənməsi, Laçın dəhlizindən daha çox üçüncü dövlətin vətəndaşlarının, siyasilərinin, terrorçularının Azərbaycan torpağına-Xankəndi və ətrafına buraxılması ehtimalı daha inandırıcı görünür. Əslində, Rusiya separatçıları gücləndirməklə öz mövqelərini və təsirini gücləndirməyə çalışacaq. Bunu indiyədək aparılan siyasət diqtə edir. 
 
2022-ci il müharibədən sonra Azərbaycan üçün növbəti qələbələrin başlanğıc ili ola bilər. Ümid edək ki, Azərbaycan strateji hədəfinə çatmaq üçün yeni situasiyanı düzgün qiymətləndirib uğurlu addımlar atacaq. Arutunyanın “dünya bir gün bizimlə hesablaşacaq” xəyalı isə xəyal olaraq qalacaq və o gün heç vaxt gəlməyəcək.Moderator.az

Tarix: 29-12-2021, 08:31
Xəbəri paylaş





Xəbər lenti