Dövlət vəzifələrinə gətirilən əcnəbilərdən nə gözləyək: Azərbaycansayağı işləməsələr, yaxşıdır...


Dövlət vəzifələrinə gətirilən əcnəbilərdən nə gözləyək: Azərbaycansayağı işləməsələr, yaxşıdır...

"Dövlət orqanlarında işləyən dövlət qulluqçusu mütləq Azərbaycan Respublikasının vətəndaşı olmalıdır. Ancaq səhmlərinin bir hissəsi və ya hamısı dövlətə məxsus olan səhmdar cəmiyyətlərdə xarici vətəndaşlar vəzifə tuta bilərlər".

Bu sözləri Bizimyol.info saytına açıqlayan iqtisadi məsələlər üzrə hüquqşünas Samir Qasımov Almaniya vətəndaşı Klaus Mullerin Rəqəmsal inkişaf və nəqliyyat nazirliyinə məxsus "Aztelekom" MMC- nin yeni baş direktoru vəzifəsinə təyin olunmasını müsbət addım kimi dəyərləndirib.
"Əgər öz sahəsində yeniliklər edə biləcəksə və ölkədə İKT-nin inkişafına səbəb olacaqsa, bunu müsbət qarşılamalıyıq. Ümumiyyətlə, məhdud məsuliyyətli və açıq səhmdar cəmiyyətlərində belə kadr dəyişiklikləri üçün heç bir problem yoxdur. Hətta bu barədə qanunvericilikdə heç bir qadağan yoxdur. Onlarla əmək müqaviləsi bağlanılır. Bunun üçün isə, ilk növbədə Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidir. Dövlət rüsumu ödəndikdən sonra müəyyən müddət üçün həmin şəxsin təyin olunduğu vəzifədə çalışmasına icazə verilir. Müddət başa çatdıqdan sonra yenidən dövlət rüsumu ödənilir və vaxt yenidən uzadılır".
Müsahibimiz, həm müasir idarəetmə sistemi, həm də informasiya texnologiyaları ilə bağlı qabaqcıl təcrübənin Azərbaycanda tətbiqi baxımından bu dəyişikliklərin uğurlu ola biləcəyini söylədi: "Yeni və müasir ənənələrin ölkəmizdə tətbiqi həmin sahələrin inkişafına səbəb olacaqsa, bu islahatı alqışlamaq olar. Bu, bütün dünyada baş verən normal prosesdir. Bu gün qabaqcıl neft mütəxəssislərimiz müxtəlif xarici ölkələrdə yüksək vəzifələrdə uğurla fəaliyyət göstərirlər".
İqtisadçı ekspert Ruslan Atakişiyev Bizimyol.info saytına açıqlamasında, xarici vətəndaşların Azərbaycanda özəl şirkətlərdə yüksək vəzifələrə təyinatının çoxdan mövcud olduğunu diqqətə çatdırdı: "Ancaq bu təcrübəni özəl sektorda kim tətbiq edibsə, fərqli inkişafa da nail ola bilib. Məsələ burasındadır ki, həmin şəxs yaşadığı ölkədə uzun müddət rəqabət şəraitində korporativ idarəetmə əsasında öz müəssisələrini idarə edə biliblər. Onlar başqa ölkələrə getdikdə isə, təyin olunduqları vəzifələrdə fərqli və effektiv idarəetmə həyata keçirirlər".
Azərbaycanda da belə savadlı kadrların çox olduğunu deyən həmsöhbətimiz, bununla belə, onların həmin vəzifələrdə çox vaxt "Azərbaycansayağı" işlədiyini diqqətə çatdırdı: "Yəni müəssisələrdə rəhbər şəxslər azərbaycanlı olduğu zaman ondan müxtəlif xahişlər, işinə aid olmayan məsələlər çox olur. Amma həmin vəzifədə xarici vətəndaş olduqda, qəbul olunan qanun və qaydalara daha yüksək səviyyədə riayət olunur. Bu dəyişiklərin əsas səbəbi, müəssisələrdə korporativ idarəetməyə əsaslanan müasir idarəetmə mexanizmlərini təşkil etmək və həmin müəssisənin rəqabət qabiliyyətliliyi və istehsal imkanlarını artırmaq və şəffaflığa nail olmaqdır. Belə olduqda, müəssisədaxili yeyintilərə, korrupsiya hallarına və vəsaitin mənimsənilməsinin qarşısı da alınır".
Eksperti Klaus Müllerin "Aztelekom" MMC-nin baş direktoru təyin edilməsini müsbət dəyərləndirdi: "Bununla belə, onun təyinatının təsiri o zaman məlum olacaq ki, adıçəkilən qurum özəl sektora çevrilsin. Əgər belə olacaqsa, ölkədə İKT və keyfiyyətli internet sahəsində mühüm addımlar atılacaq və nəticələr əldə ediləcək".
Qeyd edək ki, dövlətə məxsus ASK Şüşə MMC-nin Baş direktoru Səməd Nəbiyev vəzifəsindən azad edilib, onun yerinə də Türkiyə vətəndaşı Cüneyt Cebeci təyin edilib. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə bağlı “Aztelekom” MMC-nin baş direktoru vəzifəsinə isə Almaniya vətəndaşı Klaus Müller təyin edilib
Tarix: 1-01-2022, 21:42
Xəbəri paylaş





Xəbər lenti