"Azərbaycanın uğurlarını qəbul edə bilməyən hərbi və siyasi dairələr təşviş içindədirlər" - RƏY


"Yenilməz Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tarixi Zəfərə imza atıb. Əlbəttə ki, bunun fonunda anti-azərbaycan siyasi dairələrin və onun əlaltısına çevrilmiş sapı özümüzdən olan baltaların Azərbaycan Ordusunu hədəfə almaları gözlənilən idi. Belə proqnozlar təsdiqini tapdı. Həmin qüvvələr Azərbaycan Ordusunun qalib gəlməsini həzm edə bilmirlər. Başa düşə bilmirlər ki, necə oldu ki, ordu bu qədər güclənərək torpaqları işğaldan azad etmək kimi bir vəzifəni şərəf və ləyaqətlə yerinə yetirdi?! Nəticədə, belə qənaətə gəldilər ki, bu ordunu gözdən salmaq lazımdır".


Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
 
 Deputat bildirib ki, həmin dairələrin qəsdlərinin Azərbaycan Ordusunun gücü qarşısında heç bir əhəmiyyəti yoxdur: "Onlar müxtəlif dezinformasiyalar yayır, ordunun döyüş ruhuna xələl gətirmək istəyirlər. Azərbaycan ordusunun uğurlarını həzm edə bilmirlər. Misal üçün, dekabrın 24-də Prezident İlham Əliyev doğum gününü işğaldan azad edilmiş ərazilərdə keçirdi və Hadrutda komando hərbi briqadası yaradıldı. Komando İstənilən hərbi vəzifəni yerinə yetirə biləcək peşəkarlardan ibarətdir. Belə briqadaların sayı, əlbəttə ki, bundan sonra daha da artacaq və bizim minlərlə hərbçilərimiz belə briqadalarda xidmət edəcəklər. Yəni, bütün bunları görən Azərbaycanı sevməyən beynəlxalq dairələrin, onların əlində alətə çevrilmiş sapı özümüzdən olan baltaların yuxusuna haram qatılır. Azərbaycan ordusunu ləkələməyə, gözdənsalma kampaniyası keçirməyə və iftira ifraz etməyə başlayırlar. Lakin bunların heç birisinin mənası yoxdur. Ölkənin güclü siyasi lideri, onun formalaşdırdığı, günü-gündən güclənən ordusu var. 2020-ci ilin noyabrın 8-də Şuşanı işğaldan azad edən, Şanlı qələbəyə imza atan Azərbaycan Ordusu bu il daha da güclənib və qarşıdakı illərdə də güclənməyə davam edəcək. Azərbaycanın hərbi büdcəsi də bu il olduğu kimi daha da artacaq. Həmçinin 2021-ci ildə Ordu üçün yeni silahlar, müxtəlif hərbi texnikalar alınıb. Azərbaycanın bütün belə uğurlarını görən bizi sevməyən hərbi və siyasi dairələr təşviş içindədirlər. Ona görə də əlacları yalnız Azərbaycan Ordusunu gözdən salmaqdır. İstənilən halda, bu, əks effekt verir. Xalqımız görür ki, Azərbaycan Ordusu xalqı üçün ən müqəddəs missiyanı həyata keçirib. Ona görə də bu gün xalq-hakimiyyət, xalq-ordu birliyi hökm sürür. Təkrar edirəm, bütün uğurlarımızın fonunda anti-azərbaycan qüvvələr, sadəcə olaraq, dezinformasiya yaymaqla məşğuldurlar".
Tarix: 3-01-2022, 21:50
Xəbəri paylaş





Xəbər lenti