Rusiya-NATO görüşü: Niyə Qarabağ məsələsi gündəlikdə yoxdur? - RƏY


Rusiya-NATO görüşü: Niyə Qarabağ məsələsi gündəlikdə yoxdur? - RƏY

Yanvarın 12-də Cenevrədə keçiriləcək Rusiya-NATO Şurasının iclasında müzakirə olunacaq mövzular açıqlanıb.
Bu barədə NATO Baş katibi Yens Stoltenberq tviter səhifəsində yazıb.
O qeyd edib ki, müzakirə ediləcək mövzulara Avropada hərbi təhlükəsizlik məsələləri, həmçinin risklərin azaldılması və hərbi şəffaflıq ilə bağlı tədbirlər daxildir. Eyni zamanda, Ukrayna və ətrafındakı vəziyyət də xüsusi olaraq müzakirəyə çıxarılacaq.
Xatırladaq ki, ötən ilin sonlarında Yens Stoltenberq Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşərək, Qarabağ məsələsini müzakirə etmişdi.
Ona görə də Rusiya-NATO arasında keçiriləcək görüşdə də, bu məsələnin müzakirə olunacağı gözlənilirdi.
Maraqlıdır, Rusiya-NATO zirvəsində nə üçün Qarabağ məsələsi gündəlikdə yoxdur?
Bununla bağlı Cebhe.info-ya açıqlama verən politoloq Cümşüd Nuriyev bildirib ki, Qarabağ məsələsi 26 noyabrda Soçi görüşündə müzakirə olundu:

“Vladimir Putin Brüssel görüşündən öncə Qarabağı müzakirə edərək, Avropanı qabaqladı. Həmin müzakirədə həm Dağlıq Qarabağ münaqişəsi termini, həm də status məsələsi gündəmdən çıxdı.
Hazırda sülh müqaviləsi və Zəngəzur dəhlizi məsələsi qalıb. Lakin sülh müqaviləsinin bu il imzalanacağı inandırıcı görünmür. Sərhədlərin delimitasiyası və demarkasiyası məsələsinə isə Paşinyan müsbət cavab verir. Həmçinin, Zəngəzur dəhlizinin açılmasına Ermənistan, Rusiya və digər dövlətlər də istəyirlər. Ona görə də Rusiya-NATO zirvəsində Qarabağ məsələsinin olmaması daha məntiqlidir”.
Politoloq qeyd edib ki, Ukrayna və Rusiya arasındakı gərginlik artıq müharibə həddinə çatıb:
“Ukrayna və Rusiya arasında çox ciddi qarşıdurma yaşanır. Düşünürəm ki, Ukrayna öz ərazilərini geri qaytarmaq məcburiyyətindədir. Müharibənin işartıları meydana çıxıb və bu ehtimal hər gün artır.
Ümumiyyətlə, Putin və Zelenskini müqayisə etsək, sanki “Barselona” ilə “Neftçi” oynayır. Belə də deyə bilərik, Leo Messi və ya Kriştiano Ronaldonu azərbaycanlı futbolçu ilə müqayisə etməyə bənzəyir. Yəni, Zelenski və Putin siyasi cəhətdən bir-birindən bu qədər fərqlənirlər.
Hesab edirəm ki, Vladimir Zelenski Ukraynanın bir dövlət kimi çökməsinə səbəb olacaq bir adamdır. Biz bunu 1992-1993-cü illərdə yaşamışıq, indi isə eyni ssenarini Ukraynada yaşanır. Rusiya Ukrayna ilə müharibəyə getməməyə çalışacaq. Çünki bu müharibə Rusiyanın da dövlət kimi çökməsinə səbəb olacaq”.
Tarix: 5-01-2022, 16:49
Xəbəri paylaş





Xəbər lenti