Qazaxıstanda baş verənləri qaralayanlar


İctimai fəal Bəxtiyar Hacıyev
3-5 nəfər səmimi inanan, Qazaxıstandakı hadisələri bir az dərindən analiz edən şəxslərdən başqa bir qrup hakimiyyətin adamı var ki, çörəkləri indiki rejimin saxlanmasından çıxdığına görə, yaxud umacaqları olduqlarına görə Qazaxıstanda baş verənləri bacardıqca qaralamağa, xarici qüvvələrə bağlamağa, guya Qazaxıstan xalqının gələcəyi ilə bağlı narahat olmağa başlayıblar.
Onları əsl narahat edən, qarınlarının ağrısı isə başqa şeydir. Çox ciddi şəkildə qorxurlar ki, Azərbaycanda da kimlərsə başqa ölkələrdə olan xalq üsyanlarından ruhlanar, küçələrə çıxarlar, kütlələr böyüyər, hakimiyyət dəyişər, bu gün əldə etdiklərini, 3-5 manat çörəkpulunu itirərlər.
Belələri Qazaxıstanda 3 gün əvvələ qədər baş verən heç bir prosesdən xəbərdar deyildilər, orada hakimiyyətdəkilərin qərarlarının sıravi vətəndaşa təsirləri veclərinə deyildi, indi olublar Qazaxıstan dövlətçiliyini düşünən, qayğılanan müdrik adamlar.
Belələri sabah Şimali Koreyada da insanlar boğaza yığılıb Kim Çen Ina qarşı etiraza qalxsalar, çıxıb “gül kimi sabitlik şəraitində yaşayırdılar, Şimali Koreya dövlətçiliyinə təhdiddir, xarici qüvvələrin barmağı var, inanmayın, prosesi idarə edən xalq deyil”, ‘guya İraqda, Liviyada hakimiyyət dəyişəndə yaxşı nə isə oldu ki?” deyəcəklər və Kim Çen Ina da girəcəklər. Təki insanlar daha bir diktatorun gedişindən ruhlanmasınlar.
Onlar anlamırlar ki, diktaturaların və avtoritar idarəçilərin olduğu ölkələrdə hakimiyyət dəyişikliyindən sonra baş verən xaosun əsl səbəbkarı elə həmin diktatorlar və avtoritar liderlərdir.
Hakimiyyətindən və dövlətindən razı xalqı kənardan tərpətmək olar, müəyyən proseslərə barmaq etmək olar, amma insanlar yuxarıdakılardan və onların haqsızlıqlarından boğaza yığılmayıbsa, bunun acı fəsadları olmur.
Acı fəsadlar adətən uzun illər xalqın səsini boğaraq bütün riskləri xalça altına yığmış diktaturalar üçün olur. Gün gəlir, daxildən ya da xaricdən bir qığılcım düşür ortaya, o illərlə yığılmış etiraz səsi, nifrət, qəzəb partlayır. İllərlə bəslənmiş qorxunu bir anda kütlənin cəsarəti əvəzləyir, o zaman isə artıq gec olur.
Tarix: 6-01-2022, 08:25
Xəbəri paylaş





Xəbər lenti