Qazaxıstan - Kremlin SSRİ sevdası ya Turana qarşı əməliyyat


Qazaxıstanda baş verən prosesləri təkcə ölkədə sosial vəziyyətlə əlaqələndirmək düz deyil. Sözsüz ki, hadisələrin kənardan daha doğrusu, Rusiyadan qaynaqladığın açıq görmək mümkündür. İlkin nəticə olaraq Qazaxıstanda baş vermiş narazılıqlar, ixtisaslar nəticəsində Nazirlər kabineti istefaya getdi, Qazaxıstan müstəqilliyinin simvolu Nursultan Nazarbayev faktiki ölkə idarəçiliyindən yəni, “Elbası” mövqeyindən məhrum edildi, ölkənin Təhlükəsizlik Şurasının sədri vəzifəsindən kənarlaşdırıldı və bundan sonra Rusiya ordusu KTMT adı altında sülhməramlı kimi Qazaxıstanda soxula bildi və faktiki ölkəni nəzarətə götürdü.
Rusiya prezidenti Vladimir Putinin Qazaxıstan əməliyyatını Rusiyanın həm SSRİ arzusu, Türk Birliyi narahatçılığı, Talibana qarşı ehtiyat tədbirləri kontekstindən uğurlu hesab etmək olar. İlk növbədə qeyd edim ki, Qazaxıstanın indi üzləşdiyi vəziyyətin əlamətləri 2021-ci ilin yanvar ayının əvvəlindən görünürdü hansı ki, Qazaxıstanla Rusiyanın müttəfiqlik səviyyəsində olan münasibəti qarşılıqlı ərazi iddialarının yüksək səviyyədə səsləndirilməsi ilə və Qazaxıstan prezidenti Qasım-Jomard Tokayevin Rusiyaya “tarix dərsi” formasında yazdığı məqaləsi ilə özünü göstərmişdi.
Bəllidir ki, Rusiya prezidenti Vladimir Putin SSRİ-nin dağılmasını öz şəxsi faciəsi hesab edir və bu haqda bütün səviyyələrdə çoxlu sayda da açıq çıxışlar etmişdir. Sözü gedən Rusiya və Qazaxıstan arasında “söz güləşindən” bir müddət əvvəl, hələ 2020-ci ilin uyun ayında Vladimir Putin bildirmişdi ki, Sovet İttifaqının tərkibinə qatılmış respublikaların çoxuna Rusiyanın geniş əraziləri bəxş edilib. Bu torpaqlar sovetlər dağılarkən geri qaytarılmayıb. “SSRİ-nin tərkibindən çıxanda bu respublikalar həmin torpaqları geri qaytarmalıydılar, özləri ilə rus xalqının hədiyyəsini də dartıb aparmamalı idilər”,- deyə, Rusiya prezidenti bəyan etmişdi. Təbii ki, Rusiya hakimiyyətinin mahiyyəti və Putinin şəxsi xüsusiyyətləri işğalçılığa və intiqama meyllidir və indi Qazaxıstanda baş verənlər Qazaxıstanın hakim elitasına və əsasən də Nursultan Nazarbayevə qarşı Rusiyanın əsas məqsəd və hədəfləri ilə yanaşı “intiqam və cəza” tədbiridir. Bəllidir ki, son günlərə kimi, Qazaxıstanın faktiki idarəçiliyi 1-ci Prezident Nursultan Nazarbayevə məxsus idi və Qasım-Jomard Tokayev isə formal rəhbər kimi təmsilçilik vəziyyətində fəaliyyət göstərirdi.
Yeri gəlmişkən Qırğızıstanın keçmiş prezidenti A. Atambayev hakimiyyətdən sivil qaydada gedəndən sonra yeni hakimiyyət tərəfindən təqibə məruz qaldı və hətta həbs edildi. Bəzi məlumatlara əsasən Atambayevin təqibi Vladimir Putin istəyi ilə baş vermişdi belə ki, Atambayev hakimiyyəti dövründə Putinin istəklərinə qarşı çıxan, müstəqilliyə meylli və demokratik düşüncəli olduğundan Putində ikrah və nifrət hissi yaradıbmış. Elə Belorusiya prezidenti Aleksandr Lukaşenko da iki başlı siyasətinə görə, son Prezident seçkiləri zamanı elə cəzalandırıldı ki, Lukaşenko tam olaraq müstəqil siyasətini itirmiş oldu, vassala çevrildi və hətta Rusiya dövləti ilə siyasi birləşməyə başladı. Ukrayna, Gürcüstan və sair nümunələri də Rusiya və Putin siyasətini mahiyyətini çoxdan bəlli edib. Əsas xətt ondan ibarətdir ki, Rusiya bütün dünya ölkələrinə və əsasən də NATO üzvləri qərb dövlətlərinə açıq şəkildə Qazaxıstan nümunəsi ilə göstərir ki, keçmiş SSRİ respublikaları ərazilərində “referlik” ona məxsusdur və bu ərazilər onun bir mənalı maraq dairəsindədir. Gərginləşən Ukrayna-Rusiya qarşıdurmasında fonunda Qazaxıstan nümunəsi o deməkdir ki, Ukrayna Rusiyanın qırmızı xəttidir.
Beləliklə, qənaət ondan ibarətdir ki, Putin Qazaxıstan nümunəsi ilə bir daha göstərdi ki, o SSRİ sevdasındadır və bu istəyindən geri çəkilmək fikri də yoxdur.
Rusiyanın Qazaxıstandakı əməliyyatına əsas səbəblərdən biri də Qazaxıstanda və ümumən Orta Asiya regionunda Türkiyə faktorunun, Turançılıq ideyasının daha da güclənməsidir. 12 noyabr 2021-ci il tarixdə türk dilli dövlətlərin İstanbulda keçirilmiş məlum samitində Türk Dövlətləri Təşkilatının (TDT) yaradılmasından sonra Rusiyanı Orta Asiyada yerləşən türk dövlətlərində son mövqeyini itirə biləcəyi reallığa çevirib. Azərbaycanın 44 günlük müharibədə qələbəsindən sonra türk dünyasını fiziki olaraq birləşdirə bilən Zəngəzur dəhlizinin açılışı Turançılıq ideyasını daha da gücləndirə bilər. Rusiya Türkiyənin patronajında Turançılıq ideyasından və onu reallaşmasından çox ciddi narahatçılıq keçirir. Bu məsələ Rusiya üçün milli təhlükəsizlik məsələsidir. Təkcə Rusiya daxilində milli türk dövlət formalı quruluşların mövcudluğu və bu ərazilərdə Turançılıq ideyasının dərinləşməsi rus dövlətinin parçalanmasına səbəb ola bilər. Elə bu qorxu ucbatından keçən həftədə Rusiya Federal hakimiyyəti muxtar Tatarıstan Respublikasının Prezident idarə üsulunu ləğv etdi. Bu baxımdan da Qazaxıstanda Rusiyanın son məlum əməliyyatının üst-üstə düşən bir neçə hədəfi və məqsədi var. Qazaxıstan Orta Asiyada türk dövlətləri arasında Turançılıq ideyasının ən güclü olan dövlət olması və onun lideri Nursultan Nazarbayevin türk dünyasının ağsaqqalı kimi yüksək nüfuza malik olması, Qazaxıstanı və Nursultan Nazarbayevi Rusiyanın hədəfinə çevirib.
Digər tərəfdən Türkiyənin Ukraynanı Rusiyaya qarşı dəstəkləməsi, Krım məsələsində Ukraynanın yanında olması və Rusiya-Ukrayna arşında müharibə ehtimalı yüksək olan bir zamanda Türkiyənin Ukraynaya müasir silah tədarükü, Rusiyanın Türkiyəyə cavabı Tatarıstan və Qazaxıstan əməliyatları oldu. Qeyd etmək lazımdır ki, Rusiyanın bir neçə hədəfinə yarayan Qazaxıstan ssenarisi həm də, Talibanın Rusiya hədəfinə qarşı, Rusiya üçün Orta Asiya səngərinin möhkəmləndirilməsi deməkdir. Bu baxımdan Qazaxıstanda Rusiyanın keçirdiyi faktiki dövlət çevrilişi Rusiyanın əsas üç məqsədinə xidmət edir: SSRİ arzusu, Turançılıq ideyasının zəiflədilməsi, Talibana qarşı ön səngərin yaradılması. Hər üç məqsədin reallaşması üçün Qazaxıstan əməliyyatı Rusiyanın optimal seçimidir. Həmçinin qeyd etmək lazımdır ki, Rusiyanın son Qazaxıstan əməliyyatı eyni zamanda keçmiş SSRİ respublikalarının loyallıqları üçün hədə, göz dağı və psixoloji təsirdir.
Qazaxıstanda baş verənləri müzakirə edərkən Zəngəzur dəhlizinin proseslərə təsirini də nəzərə almaq vacibdir. Sözsüz ki, bu dəhliz türk dünyası üçün fiziki və coğrafi bağlılıq yaratdığına görə Azərbaycan və ümumən türk dünyası üçün olduqca vacib, əhəmiyyətli elementdir. Maraqlısı isə budur ki, Rusiya bu dəhlizin və ya kommunikasiyanın açılmasının lehinə olmaqla ümum türk maraqları nəzərə almış kimi özünü təqdim edir. Ancaq ki, Rusiya kommunikasiya xətlərində eləcədə Laçın və Zəngəzur dəhlizində təhlükəsizliyin qarantı formasında regionda mövcudluğunu təmin etməklə yanaşı Azərbaycan, Ermənistan başda olmaqla həm Türkiyəyə, həm də İrana təsir imkanları əldə etmiş olur. Rusiya arzu etdiyi Turançılıq ideyasının zəifləməsindən sonra bu kommunikasiya əlaqələrinin Rusiyanın strateji maraqlarının təminatçısı forması alacağına ehtimal edir.
Odur ki, Qazaxıstanda şahidi olduğumuz siyasi proseslər və nəticə Rusiya üçün olduqca vacib məqsədlərə və hədəflərə xidmət edir.
Vüqar Dadaşov
Hüquqşünas, MCP SŞ-nın üzvü
Siam.az
Tarix: 6-01-2022, 21:20
Xəbəri paylaş





Xəbər lenti