“Buna görə Qərbin Rusiya və KTMT rəhbərlərinə qarşı sanksiyalar tətbiq etməsi mümkündür...”



Arzu Nağıyev: “Qazaxıstana qoşun yeritmək üçün lazımi hüquqi əsasın mövcudluğu məsələsi mübahisəlidir”
 
Qazaxıstandakı daxili gərginlik fonunda Kolektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) bu ölkəyə qoşun yeritməsi bütün dünyada ciddi narahatlıqla izlənməkdədir.  Bəzi ekspertlər hesab edir ki, əslində Rusiyanın şəriksiz söz sahibi olduğu KTMT-nin bu addımı Qərbin Ukraynadan sonra Qazaxıstanda üzləşdiyi ikinci ciddi məğlubiyyətdir və bu, Kremlin çevik hərbi-siyasi manevr gücündən xəbər verir.
 
Bəs əslində necə, baş verənlər Qərbin Qazaxıstan məsələsində məğlubiyəti kimi dəyərləndirilə bilərmi? KTMT-nin məlum addımı beynəlxalq hüquq baxımından nə dərəcədə doğrudur? Elə bir məqam yetişə bilərmi ki, Rusiya və KTMT rəhbərliyinin atdığı bu addım onların özləri üçün əsl başağrısına çevrilsin?
 
Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Arzu Nağıyev Qərbdəki bəzi qüvvələrin Qazaxıstandakı olaylarla əlaqəsinin mövcudluğu ehtimalının yüksək olduğunu bildirib:
 
“Hələ KTMT qoşunları Qazaxıstana daxil olmamışdan öncə dünya mediasında Qərbdəki bəzi dairələrin Qazaxıstan olaylarından istifadə etdikləri, proseslərin idarə olunmasında, ondan öz maraqlarının təmin edilməsinə səy göstərdikləri ilə bağlı dünya mediasında ciddi təhlil və açıqlamalar səslənirdi. Iddia olunurdu ki, Qərb Qazaxıstandakı iğtişaşlardan istifadə edərək Rusiyaya yönəlik bəzi planlarını reallaşdırmağa çalışır. Burada söhbət Rusiya sərhədlərində bufer zonaların yaradılması, Rusiyaya yönəlik müəyyən planların icrası və s. kimi məsələlərdən gedirdi. Təbii ki, ona qonşu olan bir dövlətdə bu cür qarşıdurma və iğtişaşların olması Rusiyanı narahat etməyə bilməzdi. Çox güman ki, Rusiya bu olaylar fonunda Qərbin prosesləri Rusiya əleyhinə istiqamətləndirmək cəhdlərini də sezməmiş deyildi. Məhz buna görə də Rusiya və KTMT rəhbərliyi sülhməramlı qüvvələri Qazaxıstana yeritməklə Qərbin planlarını pozmağa çalışdı”.
 
Millət vəkili qeyd edib ki, Kremlin bütün cəhdlərinə baxmayaraq, proseslərin bəlli müddətdən sonra Rusiya və KTMT üzvlərinin əleyhinə cərəyan etməsi mümkündür. Arzu Nağıyevin sözlərinə görə, KTMT-nin Qazaxıstana qoşun yeritməsi üçün lazımi hüquqi əsas mövcud olmayıb və məhz bu amil gələcəkdə Rusiyanin əleyhinə ciddi fakt kimi işləyə bilər:
 
“Zənnimcə, KTMT tərəfindən Qazaxıstana qoşun yeridilməsi problemli bir məsələdir. Əsas məqam ondan ibarətdir ki, sülhməramlılar, yəni KTMT qoşunları hər hansı bir üzv dövlətin ərazisinə o vaxt daxil ola bilər ki, həmin dövlətə qarşı hansısa digər dövlətin aqressiv hərəkətləri mövcud olsun. Belə olarsa, o zaman sülhməramlılar həmin dövlətdə sabitlik yaratmaq, onun təhlükəsizliyini təmin etmək üçün ora daxil ola bilər. Yəni sülhməramlı missiyanı yerinə yetirmək üçün belə bir addım ata bilərlər. Burada söhbət əsasən desant qoşunlarından gedir. Əgər bir müddətdən sonra ABŞ və ya digər Qərb dövlətləri Rusiyaya, KTMT-nin rəhbərliyinə qarşı sanksiyalar tətbiq etsə, o zaman bu sanksiyaları müəyyən mənada ədalətli hesab etmək olar. Çünki bu gün Qazaxıstana hər hansı bir dövlətin birbaşa aqressiyası, təxribatının olması sübuta yetirilməyib. Ona görə də KTMT qoşunlarının Qazaxıstana yeridilməsi problemli məsələdir. Yəni Ermənistan sevinməsin ki, qoşununu KTMT-in tərkibində Qazaxıstana göndərir. Bunların hamısı hüquqi baza çərçivəsində olmalıdır”.
 
Millət vəkili qeyd edib ki, gələcəkdə Qazaxıstan daxilindəki proseslərin hansı məcrada inkişaf edəcəyi bir sıra amillərdən, eləcə də siyasi liderlərin atacağı addımlardan asılı olacaq:
 
“Hazırda vəziyyətin son dərəcədə gərgin və mürəkkəb olduğu göz önündədir. Bir tərəfdən qazın qiymətinin bahalaşmasına etiraz edən xalq kütlələri və bu etirazları yatırmağa çalışan hüquq-mühafizə orqanları, digər tərəfdən ölkə ərazisinə daxil olan sülhməramlılar və ilk gündən proseslərdən yararlanmağa çalışan Qərb dairələri öz məqsədlərinə çatmağa çalışırlar. Düşünürəm ki, bütün bunlarla yanaşı, proseslərin gedişatına təsir göstərəcək amillərdən biri də Qazaxıstanın siyasi liderlərinin atacağı addımlar, verəcəyi qərarlar olacaq.
 
Təbii, biz dost Qazaxıstanda olayların qansız-qadasız başa çatmasını arzu edirik və  ümid edirik ki, qazax xalqı üçün çətin günlər tezliklə geridə qalacaq”.
Tarix: 6-01-2022, 21:40
Xəbəri paylaş





Xəbər lenti