Açarı harada axtaraq?

İlham Hüseyn
Ədalətsizliyə, korrupsiyaya, seçki saxtakarlığına, qiymət artımlarına və digər neqativ hallara etiraz etmək siyasi məsələ deyil. Yəni, “mən siyasətə qarışmıram” deyənlərin, “hökumətlə hökumətlik etmək olmaz”, “onsuz da düzələn deyil” müdrikliyinə yoluxanların arqumenti bu hallar üçün tam iflasdı. Çünki neqativlərə etiraz ilk növbədə özünəhörmətin, qürurun, vətənpərvərliyin, mənəvi keyfiyyətin, təhqirlə barışmamağın, dövlətə bağlılığın göstəricisidir. Məsuliyyətli vətəndaş olmaq, dövlətin təəssübünü çəkmək, azadlıqların boğulmasıyla barışmamaq üçün siyasətçi olmağa ehtiyac yoxdur. Avtoritarizmin ən böyük uğuru, vətəndaşın düşüncəsinə “problemi mən həll etməli deyiləm” minasını yerləşdirməkdən ibarətdi. Böyük çoxluq elə düşünür ki, demokratiyanı müxalifətçilər, hansısa xarici güclər gətirməlidir. Adamlar bu məsələdə özlərini ən zəif halqa hesab edirlər. Məhz bu “zəif halqa” zalımın ən güclü silahına çevrilir. Əslində etiraz edə bilmək həm də mədəniyyətdir. Bəli, zülmə susmaq köləliyin göstəricisidirsə, zülmlə barışmamaq, sivil etirazdan imtina etməmək də mədəniyyət nümunəsidir. Dünyanın ən mədəni xalqları, siyasi mədəniyyətsuzliyi durdura bilmiş xalqlardı. Dünyanın ən inkişaf etmiş ölkələri, avtoritarizm məngənəsindən çıxa bilmiş ölkələrdi.
Demək istəyirəm ki, xalqın ayaq səsi hər zaman hökumətlərin qulağında eşidilməlidir. Xalq təslim olanda nə təhsil olur, nə səhiyyə olur, nə mədəniyyət olur, nə şəffaf seçki olur, nə ədalətli bölgü olur, nə də güclü dövlət. Hökumətin ipi xalqın əlindən çıxanda, xalqın taleyi ipə keçirilir.
Bir gün Gürcüstana, bir gün Belarusa, bir gün Qazaxıstana baxıb qibtə etmək lazım deyil. Özümüzə baxıb, acınacaqlı durumumuzdan nəticə çıxarmaq lazımdı.
Bizim ən böyük səhvimiz özümüzə baxa bilməməyimiz, baxanda da yanlış nəticə çıxarmağımızdı. Açar biz özümüzük, avtoritarizm qıfılını pultla açmırlar, vətəndaşlıq açarıyla açırlar.
Tarix: 6-01-2022, 22:24
Xəbəri paylaş





Xəbər lenti