Rusiya regionun jandarmı rolunda


Rusiya ordusunun Qazaxıstana yeridilməsi qeyri-qanunidir. Bu addımla Rusiya hakimiyyəti faktiki olaraq çoxdan üzərinə götürdüyü regionun jandarmı funksiyasını leqallaşdırmış oldu.
Məgər Qazaxıstana hansısa xarici güc təcavüz edib? Hansı ölkədir, hansı terror təşkilatıdır bu təcavüzü edən? Qazaxıstan hakimiyyəti nəyə görə BMT nizamnaməsinə uyğun olaraq bu “təcavüzlə” bağlı BMT-yə rəsmi müraciət etmir, təcavüzkarın adını çəkmir? Çünki yoxdur belə bir xarici müdaxilə. Üzv ölkələri guya başqa xarici dövlətlərin hücumundan qorumalı olan KTMT Rusiya tərəfindən siyasi polis təşkilatına çevrilir. Sizcə, qazax xalqı bu sadə həqiqəti başa düşməyəcək?
Rusiyanın Qazaxıstana ordu yeritməsinin hərbi nəticələrini başqa bir yazıda təhlil edəcəm. Ancaq siyasi baxımdan Qazaxıstana hərbi müdaxilə 20 Yanvar müdaxiləsi azərbaycanlılara necə təsir etmişdisə, qazaxlara ondan da pis təsir edəcək. 1990-cı ildə SSRİ-nin bir respublikası olan Azərbaycandan fərqli olaraq müasir Qazaxıstan 30 ildir ki, müstəqil dövlətdir. Xarici hərbi müdaxilə qürurlu qazax xalqının milli hisslərini təhqir edəcək. Qazaxıstanda milli təəssübkeşlik güclənəcək. İndiyədək etnik rusların ən çox yaşadığı, rus dilinin və mədəniyyətinin ən geniş yayıldığı Qazaxıstan daha əvvəlki kimi olmayacaq. Üstəlik gələn ordu da sadəcə dövlət binalarını, sabitliyi qorumaq üçün gəlmir ki. Rusiya hakimiyyətinə yaxın politoloqlar artıq açıq yazırlar ki, Qazaxıstana hərbi müdaxilədən sonra bu ölkədə nələrə nail olmaq istəyirlər. Söhbət Qazaxıstanın latın əlifbasından imtina edib, kiril əlifbasına qaytmasından, rus dilinə 2-ci dövlət dili statusu verməsindən, milli mövqeli QHT-lərin fəaliyyətini qadağan etməsindən və s. gedir. Qazax xalqı bu tələblərlə barışarmı?
Qazaxıstana hərbi müdaxilə Ukraynanın ardınca Rusiyanın bu böyük qonşusunun da anti-Rusiya mövqeyinə köklənməsinə səbəb olacaq. Bu müdaxilə nəinki Qazaxıstanda, bütövlükdə Orta Asiya respublikalarında real müstəqillik təşəbbüslərini artıracaq. Bu işğal nəticəsində bütövlükdə Orta Asiya türk respublikalarında milli özünüdərk prosesi yeni vüsət almış olacaq. Məhz bu reallıqları nəzərə alaraq yazmışdım ki, Qazaxıstanın işğalı Rusiyanın Pirr qələbəsidir və nəticələri ağır olacaq.
AXCP sədri Əli Kərimli
Siam.az
Tarix: 7-01-2022, 08:57
Xəbəri paylaş





Xəbər lenti