"Tokayevin Qazaxıstanın "Ramiz Mehdiyev"i olduğunu görmək mümkündür"


Bu gün Azərbaycanda açıq şəkildə, arqumentlərlə Putinin əleyhinə danışa biləcək siyasətçi sayı çox azdır, ya da yoxdur.
 

Necə ki, 5-10 il öncə, bənzər vəziyyət Ramiz Mehdiyev üçün keçərliydi.
 
O Ramiz Mehdiyev ki, Heydər Əliyevdən sonra prezident olmaq arzusundaydı və Rusiyanın dəstəyinə arxalanırdı, bu arzusu baş tutmayanda belə, Rusiyanın dəstəyi ilə ölkə daxilində özünə paralel siyasi güc formalaşdırmışdı.
 
Siyasətçilər, millət vəkilləri, onun adını dilinə almağa, onu tənqid etməyə çəkinirdi.
 
Çox şükür, bu sindrom qırıldı, Mehdiyev və o zehniyyətdə olanlar artıq tarixin arxivinə qarışmaqdadırlar.
 
2010-2014-cü illərdə Mehdiyevin qılıncının dalı-qabağının kəsdiyi dövrlərdə, onu ən sərt tənqid və korrupsiya əməllərini ifşa edənlərdən biri olmuşam.
 
Putin xofunu da, ölkəmiz üzərindən tam dağıtmaq lazımdır. Öncə Putin Rusiyasına qarşı tam dik durmaq üçün, dövlətçilik anlayışı, bütün siyasi parametrlərdən öndə dayanmalıdır.
 
Siyasi marjinallaşmanın, radikallaşmanın qarşısını almaq üçün, institutsional siyasi azadlıqlar prosesi başlamalıdır.
 
Başıpozuq siyasi-ideoloji qruplaşmalar yerinə, siyasi partiyaların ictimai rolu artırılmalı, cəmiyyətdəki müxtəlif fikirlərin təmsilçisi rolu partiyalara verilməlidir.
 
Ümid edirəm ki, Azərbaycan Milli Məclisindən Putinin imperialist siyasətinə qarşı açıq fikirlər səsləndirən millət vəkillərimiz olacaq.
 
Rusiya Dövlət Dumasının deputatı Vitali Milonov, yeni ildə Azərbaycan ərazilərinə növbəti dəfə qanunsuz səfər edib. Ölkə prezidenti İlham Əliyev bununla bağlı etiraz məktubu ünvanlayıb, bəs qalanlar niyə susurlar?!
 
*****
Sosial narazılıqların olmadığı heç bir ölkə yoxdur, buna inkişaf etmiş qərb ölkələri də daxildir.
 
Gündəlik məişət problemləri, administrativ maneə və məsuliyyətsizliklər, ərzaq və yanacaq bahalaşması, inflyasiya və s. kimi problemləri inkişaf etmiş ölkələrdə də görməkdəyik.
 
Lakin dövlət institutlarının və məhkəmə sisteminin müstəqil fəaliyyət mexanizmi, bu narazılıqların daha da artmasının qarşısını alır.
 
*****
 
Qazaxıstanda baş verənlərə ilk iki gün sevinənlərin qlobal siyasətdən nə qədər kənar olduqları, içlərindəki kinin gözlərini bağladığını, reallıqları görmədiklərini bir daha ortaya çıxardı.
 
Qazaxıstanda da Rusiyanın bənzər Ramiz Mehdiyevləri vardı, onların bir çoxunu keçmiş prezident Nursultan Nazarbayev neytrallaşdıra bilmişdi.
 
Nazarbayev özünü hər nə qədər Rusiyaya sadiq müttəfiq kimi aparsa da, Qazaxıstanı rus təsirindən çıxartmağa çalışması, danılmaz fakt idi.
 
Qazax dilinin dövlət dili elan edilməsi, paytaxtı rusdilli Almatıdan, qazaxların üstünlük təşkil etdiyi Astanaya köçürməsi, dövlət əlifbasını kirildən latın qrafikasına dəyişdirməsi, Türk Dövlətləri Təşkilatının qurulmasında və genişləməsindəki aktiv iştirakı, qazax milli adət-ənənələrinin çoxşaxəli təbliği və s. kimi atdığı addımlar  Putin Rusiyasını qıcıqlandırırdı.
 
Nazarbayevin dövründə, Qazaxıstan keçmiş SSRİ ölkələri arasında ən çox inkişaf tempini yaxalayan, ən yüksək ÜDM-ə sahib ölkələrdən birinə çevrilmişdi.
 
Nazarbayev, Putin Rusiyasının təzyiqlərinə qarşı, Çinlə yaxınlaşmağı və bu nəhəg qlobal güclə geniş iqtisadi əlaqələr qurmağı seçmişdi.
 
Nazarbayevin Qazaxıstan hakimiyyətindən uzaqlaşdırılması, yeni proses deyil, buna daha öncə də cəhdlər olmuşdu.
 
Qazaxıstanın hazırkı prezidenti Tokayevin siyasi karyerasına nəzər salsaq, Nazarbayev-Tokayev sürtüşmələrinin kökünün 90-cı illərə dayandığının şahidi oluruq.
 
Qısaca, Qasım-Comərd Kemel oğlu Tokayevin Qazaxıstanın "Ramiz Mehdiyev"i olduğunu görmək mümkündür.
 
Ramiz Mehdiyevdən fərqli olaraq, o öz arzusuna çataraq prezident kürsüsünə yiyələnmişdi, lakin son 2 ildə hakimiyyəti tam nəzarətinə almaq mübarizəsi aparırdı.
 
Tokayev prezident kürsüsünə otursa da, bütün mənfilər sadəcə Nazarbayevin ayağına yazılmağa davam edirdi.
 
Nazarbayevin bəlkə də ən böyük səhvi, ailəsini və gələcəyini düşünərək, Rusiyadəstəkli Tokayevə hakimiyyəti güzəştə getməsi oldu.
 
Nəticədə, sosial narazılıqların qızışdırılması fonunda, Nazarbayev tam olaraq hakimiyyətdən kənarlaşdırıldı, Tokayev rus ordusunun Qazaxıstana daxil olmasına razılıq verdi.
 
Tokayev öz hakimiyyətini möhkəmlətmək üçün, öz ölkəsini və qazax xalqını Putin Rusiyasının boyunduruğuna keçirməyə çalışmaqdadır, lakin bunun uzun sürəcəyinə inanmayanlardanam.
 
Faciə odur ki, Putin Rusiyasının zorla hakimiyyət dəyişikliyi oyununu xalq inqilabı sayan bədbəxtlər var.
 
Tokayevin hökuməti və parlamenti istefaya göndərməsinin səbəbi, Nazarbayevin adamlarını hakimiyyətdən tam uzaqlaşdırmaq məqsədi daşıyır, əgər Rusiyadəstəkli bu çevriliş tam baş tutsa, Nazarbayevə yaxın adamlara qarşı ciddi repressiyaların şahidi olacağıq.
 
Nazarbayevin öz istəyi ilə deyil, məcburi şəkildə Rusiyaya aparıldığını düşünürəm, bu hadisələr Putin-Tokayev cütlüyü tərəfindən öncədən planlanmışdı, Nazarbayev Rusiyada siyasi əsir kimi saxlanılmaqdadır.
 
Nazarbayev, Tokayev hakimiyyətdə olduğu müddətdə Qazaxıstana qayıtma şansı yoxdur, imkan verilsə, o Türkiyəyə pənah apara bilər, bax onda biz əsl reallıqları məhz onun ağzından eşidə bilərik.
 
***
 
SSRİ dağıldıqdan sonra, müstəqilliyini elan etmiş post-sovet respublikalarında öz gücünü qoruyan keçmiş KQB bugünkü FSB, dövlət bürokratiyasına öz adamlarını yerləşdirməyi bacarmışdı.
 
Buna siz, Rusiyanın 5-ci kolonu, troya atları deyə bilərsiniz, lakin onların digər adı MANQURTlardır.
 
Atası 1937-ci il sovet repressiyasının qurbanı olmuş, dahi qırğız yazıçısı Çingiz Aytmatovun "Gün var əsrə bərabər" əsəri, tarixi türk əfsanələrinə istinad etsə də, Manqurt obrazı bu gün də öz aktuallığını qorumaqdadır!
 
Qazaxıstan da hazırda 1 əsrə bərabər gün(lər)ünü yaşamaqdadır, təəssüf ki, öz kökünü unutmuş, çıxdığı qını bəyənməyən, başqasının köləsinə çevrilmiş manqurtları görməkdəyik.
 
Türkün tarixindəki ən böyük faciə də budur!
 
Elnur Məcidli
Tarix: 7-01-2022, 21:49
Xəbəri paylaş





Xəbər lenti