Rusiya Qazaxıstana hərbi müdaxilə etdi

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rafiq Manaflı
Rusiyanın Qazaxıstana qarşı son bir neçə ayda hazırladığı hərbi intervensiya nəhayət ki dünən həyata keçirildi. Səbəb kimi maye qazın qiymətlərinin 2 qat artmasına səbr kasası dolmuş qazax xalqının kütləvi etirazlarından istifadə edildi. Avtobuslarla şəhərlərə daşınan xüsusi təxribat dəstələri zorakılıqlar, soyğunçuluqlar törədərək Qazaxıstandakı xəyanətkar bir rejimə xalq etirazlarına don geyindirmək bəhanəsi verdilər.
Qazaxıstanın Türk Dövlətləri Təşkilatına qoşulması, latın əlifbasına keçidi, xüsusilə rus dilinin ikinci dövlət dili statusundan məhrum edilməsi və Türkiyədən Bayrakdar TB-2 PUA-larını alması Rusiyada qəribə bir çaxnaşma yaratmışdı. Rusiyanın Putin daxil iri çaplı məmurlarının Qazaxıstana yönəlik aşağılayıcı ritorikası Putinin “dili” Marqarita Simonyanın ifasında “Krımı Rusiya ərazisi kimi tanımaq, kiril əlifbasına keçmək, rus dilinə ikinci dövlət dili statusunu qaytarmaq” və sairdən ibarət 6 bəndlik ultimatumla sonunclandı.
Geniş məlumatım və Nazarbayevə birmənalı münasibətim olmasa da son illər Qazaxıstanı idarə edən tandemin millətçi ucunun Nazarbayevdə, rusofil ucunun isə Tokayevdə cəmlənməsi aşkar görünməkdədir. Və bütün qəzəb Putinin heç cür uda bilmədiyi Nazarbayevin üzərinə yönəldildi.
Qazaxıstanda baş verənlər doymuş bir xalqın öz hüquqları, azadlıqları uğrunda mübarizəyə başlaması idi. Təxribat qruplarının destruktiv fəaliyyətinə baxmayaraq etirazçı kütlə sürətlə siyasiləşirdi və hakimiyyətə öz siyasi tələblərini təqdim etməyə qədər gəlib çatmışdı. Yəni hadisələrin bundan sonra necə inkişaf edəcəyini müəyyənləşdirəcək hakimiyyət – etirazçılar dialoqunun müzakirə mövzusu var idi.
Təəssüf ki, avtoritar rejimlərin öz xalqı ilə söhbət etmək anlayışları yoxdur, xüsusi ilə əgər rejim xəyanətkar və kiminsə marionetkasıdırsa.
Bir neçə gündən sonra Qazaxıstanın üzərindən məlumatsızlıq pərdəsi götürüləcək və rusun orada törətdiklərini bütün dünya görəcək. Şübhə etmirəm ki, orada törətdiklərinə görə Rusiyanın yeni-yeni basqılar, sanksiyalarla üzləşəcəyi qaçılmaz olacaq.
Amma indidən dəqiq deyə bilərəm:
1) Bu intervensiyadan sonra Rusiya Qazaxıstanı bir müttəfiq, dost ölkə kimi itirdi.
2) Bu müdaxilə Rusiyanın bütün qonşu dövlətlərlə münasibətlərinin iflasıdır.
Putinin Simonyanın dili ilə Qazaxıstana verdiyi ultimatumun bir bəndi “Rusiyaya qardaş münasibətin bəslənməsi” idi. Yalnız pozuq psixikalı, xəstə təfəkkürlü bir adam zor gücünə doğma qardaşı Ukraynanı özünə düşmən edəndən sonra zor gücünə kimisə başqasını özünə qardaş etmək fikrinə düşə bilər. Putin də, onun dəmkeşləri də dünən dost olan qazax xalqının çox tezliklə düşmən sifətini də görəcəklər, onun necə sərt olduğunu da. Elə Tokayev də.
Tarix: 8-01-2022, 09:59
Xəbəri paylaş





Xəbər lenti