“Rus NATO-su” türk elinə girdi, Turan birliyi niyə gecikir?



Qazaxıstandakı daxili iğtişaşlar səngimək bilmir. Bu ölkədə gedən proseslər durmadan gərginləşir. Qazaxıstanın üzv olduğu KTMT (“Rus NATO-su”) qüvvələrinin oraya daxil olması və etirazçılara qarşı silah işlətməsi bu ölkəni vətəndaş müharibəsinə sürükləyir.
Gedən proseslərdə Türkiyə başda olmaqla, türk dövlətlərinin susqunluq nümayiş etdirmələri geniş müzakirələrə səbəb olmaqla yanaşı, çoxlu sayda suallar doğurub. Türk dövlətləri Türkiyə başda olmaqla, Qazaxıstana necə yardım edə bilər? Oradakı proseslərə hansı formada müdaxilə imkanları var? Azərbaycanın mövqeyi necədir, necə olmalıdır? Bu proseslər digər Orta Asiya respublikalarına da sıçraya bilərmi?
Qeyd edək ki, 2005-ci ildə Özbəkistanın Əndican vilayətində də oxşar proseslər başlamışdı. İslam Kərimov bu etirazları qanda boğmuşdu. Bəs bu dəfə Qazaxıstanda da eyni ssenari mümkün ola bilərmi?

Fərəc Quliyev: “Qazaxıstan qurmaq istədiyimiz Turanın bel sütunudur”
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev belə bir dəstəyin Qazaxıstana verilməsinin vacibliyindən söz açdı: “Qazaxıstanda baş verənlər daxili məsələ deyil. Orada dövlət kifayət qədər güzəştlərə getdi, qiymətlər endirildi. Hətta müəyyən sosial-iqtisadi məsələlərlə bağlı komissiya yarandı. Amma buna baxmayaraq, etirazlar davam etdi. Ardınca hakimiyyət buraxıldı. Məsələ bununla da siyasiləşdi və bu da onu göstərdi ki, bu bir ssenaridir. Söhbət Qazaxıstanı bölüşdürməkdən gedirdi. Hesab edirəm ki, bu məsələnin arxasında Rusiya dayanır. Kreml tərəfindən postsovet məkanı ölkələrinin hər birinə müxtəlif cür ”minalar basdırılıb". Onu da qeyd edim ki, bu baş verənlər Türk Dövlətləri Təşkilatının yaranmasından doğan bir qıcıqdır. Valdayda çıxış edəndən sonra Tokayev dedi ki, biz nüvə ölkəsi deyilik, amma nümunə götürüləcək ölkəyə çevrilmişik, başqaları bizdən nümunə götürsün. Onda Putin atmaca atmışdı ki, Səddam Hüseyn də belə danışırdı. Yaxud rus dilinin dövlət dili olmasına qarşı bir qərar olandan sonra Lavrov ciddi şəkildə etiraz bildirmişdi. Bu siyahını kifayət qədər uzatmaq mümkündür. Əslində orada baş verənlər bütün türk dünyasına qarşı olan bir prosesdir. Həmişə deyirdim ki, iqtisadi, mədəni zəmində türk dövlətləri bir araya gələndə məsələlər siyasi, hərbi müstəviyə də keçirilsin. Belə olsaydı, indi bir-birinin yanında dayana bilərdilər. İndinin özündə bu barədə mütləq düşünmək lazımdır. Hesab edirəm ki, KTMT deyil, Türk Dövlətləri Təşkilatının qüvvələri Qazaxıstana dəvət oluna bilərdi. Bu qüvvə isə barışdırıcı qüvvə olmalı idi. Yoxsa rus qüvvələri düşən kimi millətə atəş açmağa başladılar. Xeyli itkilərimiz var. KTMT ölkələri yalnız xarici müdaxilə olarsa bir-birinə kömək edə bilər. İndi dərhal iclas keçirilməli və bu məsələlər müzakirəyə çıxarılmalıdır. Türkiyənin burada əsas aparıcı rolunda görünməsi çox vacibdir. Müəyyən riçaqlardan burada istifadə etmək mümkündür ki, bunlar mütləq edilməlidir. Nazarbayev qanunsuz şəkildə devrildi və onun geri qaytarılmasının yolları axtarılmalıdır. Türk Dövlətləri Təşkilatında o bir ağsaqqaldır. Burada əsas məqsəd Rusiyanın dominatlığını təmin etməkdən gedir. Qazaxıstan qurmaq istədiyimiz Turanın bel sütunudur. Onu sarsıtmağa izin verməməliyik, çünki hər birimizə təsir edəcək".

Əhəd Məmmədli: “Türk dövlətləri bir-biri ilə elə sıx əlaqə qurmalıdırlar ki...”
AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli Qazaxıstanda baş verən hadisələrin bütün türk dünyasına bir dərs olduğunu bildirdi: “Təəssüflər olsun ki, başda Türkiyə olmaqla türk ölkələrinin Qazaxıstana təsir imkanları o qədər də çox deyil. Rəsmi Ankara yavaş-yavaş təsir imkanlarını artırmağa başlamışdı. İndi Qazaxıstanda baş verən bu olayların çox ciddi mənfi təsirləri olacaq. Bütün bunlar başda Türkiyə olmaqla türk dünyasına bir nümunə olmalıdır ki, türk ölkələrinin hər birinə digər türk ölkələrinin təsir imkanları olmalıdır. Bu təsirlər olmayanda erməni belə o ölkələrə ordu göndərə bilir və nəticədə gülləbaran edilən elə türklərin özü olur. Bu, böyük bir dərs olmalıdır. Türk dövlətləri bir-biri ilə elə sıx əlaqə qurmalıdırlar ki, öz problemlərini özləri birlikdə həll edə bilsinlər. Haradasa indi Qazaxıstana bir az Türkiyə müdaxilə edə bilər. Amma qardaş ölkə də Rusiya reallığını nəzərə almalıdır. Lakin Rusiya qarşısında prinsipial mövqe qoymaq mümkündür. Xəbərlər getdi ki, Ərdoğanla Putin arasında telefon danışıqları olub. Ərdoğan-Əliyev arasında da telefon danışığı oldu, Qazaxıstan məsələsi müzakirə olunub. Yəqin ki, pərdəarxası Türkiyənin təmasları olub. Amma mənə elə gəlir ki, qazax türklərinin Rusiya başda olmaqla KTMT tərəfindən güllələnməsinə qardaş Türkiyə də daxil türk dünyası göz yummamalıdır. Bacardığı qədər müdaxilə edib, bunun qarşısını almalıdır”.

Akif Nağı: “Türkiyə ləngimədən Qazaxıstan hadisələrinə müdaxilə etməlidir”
QAT sədri Akif Nağı Türk Dövlətləri Təşkilatını (TDT) hərəkətə keçməyə çağırdı: “Rusiya Cənubi Qafqazda artıq təkbaşına siyasət yürüdə bilmir, əksər məsələləri Türkiyə ilə razılaşdırmalı olur. Bu bir reallıqdır. Eyni proseslər Qazaxıstanın və Orta Asiyanın da daxil olduğu Mərkəzi Asiyada gedir. Digər tərəfdən, Cənubi Qafqaz və Mərkəzi Asiya artıq vahid region kimi nəzərdən keçirilir. Söhbət etirazların yatırılmasından getmir. Bu etirazların hansı mexanizmlə hazırlandığı məlumdur. Məsələ regionda kimin təsir imkanlarının daha çox olacağından ibarətdir. Rusiya orada mövqelərini itirmək istəmir. Qərb bir neçə dəfə regiona nüfuz etməyə uğursuz cəhd göstərib. İndi meydana Türk Dövlətləri Birliyi, Türk Dövlətləri Təşkilatı çıxıb və türklərin yaşadığı ərazilərdə öz iddiasını ortaya qoyub. TDT və onun hazırkı sədri olan Türkiyə ləngimədən Qazaxıstan hadislərinə müdaxilə etməlidir. Bu proses artıq başlayıb, Türkiyə prezidenti Qazaxıstan rəhbəri də daxil TDT prezidentləri ilə artıq məsləhətləşmələr aparıb. Bu proses davam etməlidir. Necə ola bilər ki, KTMT məsələyə müdaxilə etsin, amma TDT kənarda qalsın? TDT artıq ciddi siyasi qüvvədir, bu qüvvə işə salınmalıdır. Əgər bunu edə bilsək, regionda vəziyyət tezliklə normallaşacaq, digər qonşu ölkələrdə təxribatlar yaratmaq mümkün olmayacaq”.
Tarix: 8-01-2022, 10:07
Xəbəri paylaş





Xəbər lenti