Qazaxıstanda baş verənlər təhrif olunmuş şəkildə təqdim edilir

Hüquq müdafiəçisi Anar Məmmədli
Rusiya mediasının ardınca Qərb mediasında da Qazảxstandakı etirazların klanlararası mübarizə kimi təqdimatı başlayıb. Üç gün öncə Milli Təhlükəsizlik Komitəsinin sədri vəzifəsindən azad edilən Kərim Məsimovun bugün həbs edilməsi bu “ehtimalları” artıırb. Bəs klanlararası dava iddiası nə qədər ciddidir?
Aydın məsələdir ki, Tokayev mövcud böhran şəratində hakimiyyətini qorumaq üçün komandasını ona sadiq olmayan kadrlardan təmizləyir. Məsimov keçmişdə baş nazir və nazir vəzifələrində, o cümlədən Nazarbayevin prezidentliyi dövründə aparat rəhbəri kimi çalışmış nüfuzlu oliqarxdı. Şübhəsiz ki, onun Nazarbayevin yerinə iddiaları da olub.
Və Tokayev ilk fürsətdə Məsimovu nəinki administrasiyadan, hətta siyasətdən uzaqlaşdırıb həbs etdirdi. Əslində bu sovet dövründən qalma avtoritar idarəçilik qaydasıdı. Bu proses postStalinizm, postXuruşov, postBrejnev, postYeltsin dövrünün sınaqdan çıxmış taktikasıdı. İndi də Qazaxstanda postNazarbayev dövrü başlayıbsa, Tokayevə rəqib görünənlər də təcrid ediləcək.
Maraqlıdır ki, bu cür həbslərin təbliği ilə Tokayev komandası olayların xalq üsyanı kimi təqdim olunmasının qarşısını almağa çalışır. Kremldən gəlmiş siyasi texnoqların da rolu danılmazdı. Tokayevçilər bu cür cəhdlərlə xalq etirazlarını etibarsızlaşdırmağa çalışırlar.
Hər çıxışında etirazçıların ünvanına terrorist və quldur ifadələri işlədən Tokayev onların legitim siyasi tələblərinə münasibət bildirmir. Hətta bu siyasi tələblərlə bağlı ictimai müzakirələr təklif edən hüquq müdafiəçiləri və siyasi fəalları xarici xüsusi xidmət orqanlarına çalışmaqda ittiham edir. Tanış ssenari deyilmi? Biz bu ittihamları Türkiyədə, Belarus, Rusiya və Azərbaycanda da vaxtaşırı eşidirik.
Nəhayət, Qazaxstan kimi leqal siyasi fəaliyətə imkanın olmadığı ölkədə xalq etirazlarının pərakəndə, xaotik və dağıdıcı olması anlaşılandı. Çünki bu ölkədə siyasi hakimiyyət uğrunda dinc və ədalətli şəkildə mübarizə ənənəsi yoxdur. Yəni vətəndaşların siyasi həyatda iştirak imkanı tanınmır. Belə mühitdə etiraz aksiyalarında radikal və marginal qrupların, habelə keçmiş məmurlar, siyasi mühacirlərin fürsətçil davranması təbiidir.
Hazırda süni görünən məsələ bu etirazlara klanlararası mübarizə donu geyindirmək cəhdidi. Çünki səslənən sosial-iqtisadi və siyasi tələblərdə heç bir klan marağı yoxdur. Əksinə etirazları klanlararası dava kimi təqdim etməklə apolitik və məlumatsız kütləni siyasi tələblərdən və müxalif çıxışlardan uzunmüddət uzaq tutmaq istəyirlər.
Tarix: 9-01-2022, 10:45
Xəbəri paylaş





Xəbər lenti