Son 3 gün ərzində Rusiyanın taleyinə qərar veriləcək: Moskva "ölüm-qalım" sınağı qarşısında


 
Sabah Rusiya ilə ABŞ rəsmiləri arasında danışıqlar başlayır. Maraqlıdır ki, elə həmin gün həm də KTMT liderlərinin onlayn-sammiti keçiriləcək.
 
Ovqat.com xəbər verir ki, KTMT-nin onlayn-sammitinin keçirilməsi təşəbbüsünü təşkilat qarşısında Qazaxıstan prezidenti Qasım Comərd Tokayev qaldırıb. 
 
O, ötən gün Ermənistan Baş naziri Nikol Paşinyanla telefon danışıqlarında bu təklifi irəli sürüb. Bu gün isə Putinin mətbuat katibi Dmitri Peskov mətbuata açıqlamada Tokayevin arzusunun reallaşacağını bildirib.
 
Maraqlıdır ki, yanvarın 11-də Orta Asiya türk respublikalarının və Azərbaycanın xarici işlər nazirləri Türkiyənin çağırışı ilə Qazaxıstan məsələsini müzakirə edəcəklər. Ayın 12-də isə NATO-Rusiya danışıqları başlayacaq. 
 
Görünən budur ki, yaxın günlərdə Rusiyanın imperialist siyasəti barədə yekun qərarlar veriləcək və regionun taleyi həll olunacaq. 
 
ABŞ-dan gələn bir sıra informasiyalar da Vaşinqtonun Rusiya ilə ciddi konfliktlərə hazırlaşdığını təsdiqləyir. CNN-nin 7 noyabrda yaydığı məlumata görə, Bayden administrasiyasının Rusiyaya qarşı yeni sanksiyalara başlayacağı istisna edilmir. Baxmayaraq ki, Vaşinqton “bu sanksiyaların qlobal və Amerika iqtisadiyyatına ciddi ziyan vura biləcəyinin də fərqindədir”.
 
Ukraynada eskalasiyanın yeni raundu başlayacağı təqdirdə Vaşinqton Moskvaya qarşı növbəti məhdudlaşdırıcı tədbirlər tətbiq etməkdən çəkinməyəcək”, - Co Baydenin çevrəsindən olan adı açıqlanmayan yüksək vəzifəli məmur CNN-ə açıqlamasında belə deyib. Mənbənin fikrincə, belə bir addımın mənfi nəticəsi qazın qiymətinin artması, eləcə də Avropa ilə Rusiya arasında ticarət və investisiya əlaqələrinin pozulması şəklində özünü göstərə bilər.
 
Mənbə həmçinin bildirib ki, rus təcavüzünün qarşısını almağın ABŞ üçün böyük maliyyə itkisinə də səbəb olacağı gözlənilir: “Buna baxmayaraq Rusiya iqtisadiyyatına və maliyyə sisteminə göstərəcəyimiz təsirlə müqayisədə bizim çəkəcəyimiz istənilən xərc “solğun” görünəcək”, - deyə mənbə vurğulayıb.
 
O, əmindir ki, ABŞ Avropa İttifaqı ilə birlikdə öz hərəkətlərinin bütün əks təsirlərini minimuma endirməyə qadirdir, amma Rusiya iqtisadiyyatı belə bir zərbə qarşısında sağalmaz yara alacaq.



Tarix: 9-01-2022, 15:59
Xəbəri paylaş





Xəbər lenti