“Qərb Rusiyanın əsl gücünün nədə olduğunu hələ də anlamayıb” - politoloq


Sülhəddin Əkbər: “Neçə ki, Amerika, kollektiv Qərb bunu başa düşməyib, Rusiya ilə səmərəli və effektiv mübarizə apara bilməyəcəklər”

ABŞ dövlət katibi Entioni Blinken Qazaxıstan hadisələrindın danışarkən bəyan edib ki, Putinin  hədəfi SSRİ-ni hansısa formada bərpa eləmək, postsovet ölkələrini Rusiyanın təsir zonasına qaytarmaq, onlara real təsir rıçaqları əldə eləməkdır.
ABŞ-dan vaxtaşırı bu cür bəyanatlar səslənir. Bundan az öncə dövlət katibinin müavini Viktoriya Nuiland oxşar açıqlama vermişdi. Bəs Vaşinqton Kremlin bu planlarına duruş gətirmək üçün postsovet ölkələrinə hansı real dəstəyi verə bilər? Məsələn, Azərbaycana, Gürcüstana, Ukraynaya və s.
Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər “Yeni Müsavat”a bildirdi ki, Qazaxıstanda baş verən proseslərin əsl mahiyyəti haqqında müəyyən informasiyalar indi-indi gəlməyə başlayıb. Amma bu informasiyaların müstəqil qaynaqlardan təsdiqə ehtiyacı var. Qazaxıstanda baş verən hadisələr 20 yanvar hadisələrini xatırladır. Rusiya Almatıda bu təxribatı törətməklə Qazaxıstana müdaxilə imkanı yaratdığı və sonra da Qazaxıstan hakimiyyətinə təzyiq edərək onun razılığını aldığı haqda məlumatlar gəlməyə başlayıb. Yaxın günlərdə yəqin ki, daha mötəbər mənbələrdən informasiya almağa başlayacağıq: “O baxımdan təbii ki, öncədən də düşündüyüm kimi, bu prosesə geopolitik mübarizənin nəticəsi kimi baxıram. Təbii ki, burada həm yeni dünya nizamı quruculuğu ilə bağlı geopolitik qarşıdurmanın həlledici mərhələyə keçməsi əsas səbəbdir. Amma bununla bağlı həm regional mübarizə var, həm də Qazaxıstandaxili məsələlər var. Həqiqətən də burada prosesləri iki yerə ayırmaq lazımdır. Yanvarın 2-də qərbi Qazaxıstanda başlayan sosial-iqtisadi tələblərlə dinc, qanuni nümayişlər. İkincisi, Almatıda başlayan zorakılıqla müşayiət olunan proseslər. Bunları bir-birindən ayırmaq lazımdır. Burada başlıca məqsəd prosesi dinc məcradan çıxarıb zorakılığa yönləndirmək və bununla da xarici müdaxilənin önünü açmaq idi. Eynən 20 yanvar 1990-cı ildə Azərbaycanda reallaşdırılan vəziyyətə bənzər vəziyyəti Qazaxıstanda süni şəkildə yaratdılar. O zaman da Moskva gördü ki, Xalq Cəbhəsi qarşıdakı parlament seçkilərində dinc yolla qalib gəlib hakimiyyəti ələ alacaq. Ona görə də ölkədə təxribatlar törətməklə müdaxiləsi üçün imkan yaratdı. Ondan sonra da Azərbaycan rəhbərliyinə təzyiq edib rus qoşunlarının guya dəvəti haqqında razılığını aldı.
Mərkəzi Asiyada böyük güclərin-ABŞ, Böyük Britaniya, Avropa Birliyi, Çin və Türkiyənin regional rəqabəti var. O biri tərəfdən də Türk Dövlətləri Təşkilatının yaranması ilə bağlı Rusiya-Türkiyə rəqabəti var. Həmçinin Qazaxıstandaxili klanlararası mübarizə də var. Buraya Nursultan Nazarbayevlə Qasım Jomərd Tokayevin daxil olduğu klanın özünün daxilindəki mübarizəni də əlavə etmək olar. Tokayev vəziyyətdən istifadə edib Nazarbayev klanını hakimiyyətdən uzaqlaşdırmaq və mütləq hakimiyyətə sahib olmaq istəyir. Yəni göründüyü kimi, Qazaxıstan hadisələri çoxyönlü, çoxvektorlu bu prosesdir.
Əsas məsələ hadisələrin bundan sonra hansı istiqamətdə inkişaf edəcəyi ilə bağlıdır. Əslində ən çox narahatlıq bundandır. SSRİ-nin bərpasına gəldikdə isə 1992-1993-cü illərdə mən milli təhlükəsizlik nazirinin birinci müavini olan zaman bizim kəşfiyyatımız çox ciddi sənədlər əldə etmişdi. Bu sənədlərdən biri Rusiyanın SSRİ-nin yeni yaranmış şərtlərə uyğun bərpası strategiyası haqqında idi. Sənəddə açıq deyilirdi ki, bizə SSRİ-ni yeni şəraitə və şərtlərə uyğun bərpa etmək üçün zaman lazımdır və bunun üçün də aralıq keçid formul olaraq MDB düşünülür. Bilirsiniz ki, MDB-dən bir müddət sonra da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı yaradıldı. Eyni zamanda Avrasiya İqtisadi Təşkilatı, Gömrük İttifaqı yaradıldı ki, bütün bunların hamısı məhz SSRİ-ni yeni şərtlərdə yaratmaq istiqamətində qurulan aralıq təşkilatlardır. Yəni 1992-ci ildən rəsmi şəkildə rus dövlətinin belə bir siyasəti olduğunu biz bilirik. İndi ABŞ-ın dövləti katibi Blinken bunu 2022-ci ildə-30 ildən sonra açıqlayır. 30 il öncə Azərbaycan kəşfiyyatında bu məlumat varıydısa yəqin ki, Amerika kəşfiyyatında da var idi".
S.Əkbərin sözlərinə görə, çox təəssüf ki, ABŞ-ın o zamanlar Rusiyaya yönəlik siyasəti çox yanlış siyasət oldu: “Onlar çox sadəlövhcəsinə düşünürdülər ki, ABŞ Rusiyaya dəstək verməlidir ki, Rusiya demokratikləşsin, Rusiya demokratikləşdikdə keçmiş sovet respublikalarından əlini çəkəcək. Təbii ki, tamamailə səhv, ziyanlı bir siyasət idi. Nəticəsi də bu gün göz qabağındadır. Rusiya özünə gələr-gəlməz 2005-ci ildən hücuma, əks-inqilaba başlayıb. 2005-ci ildə 13 mayda Özbəkistanda nümayişçiləri iri çaplı pulemyotlarla atəşə tutmaqla buna başladılar. Bununla da postsovet məkanında əks-inqilab prosesi başladı. Bunun ardınca Moldovada, Azərbaycanda addımlar atıldı”.
Bəs 1992-ci ildən planlaşdırılan SSRİ-nin qurulması planının baş tutması mümkündürmü?

“ABŞ belə qənaətə gəlsə ki, artıq RF birbaşa onun maraqlarını təhdid edir və onu yerində oturtmaq həyati göstərişdir, o zaman hərəkətə keçəcək”
S.Əkbər qeyd etdi ki, qətiyyən mümkün deyil. Tarixdə hələ olmayıb ki, bir imperiya dağılsın, sonra da həmin imperiya bərpa olunsun. İkincisi, SSRİ-nin bərpasına nə qlobal, regional şərtlər, nə də Rusiyanın resursları imkan vermir: “Bu geopolitik qarşıdurma getdikcə genişlənib dərinləşəcək. Bu, strateji savaşdır. Strateji savaş zamana yayılır və strateji tükəndirməyə əsaslanır. Kimin resursu məhduddur, o, sıradan çıxır. Strateji resursların müqayisəsinə gəldikdə, Rusiyanı kollektiv Qərblə müqayisə eləmək tamamilə yersizdir. Çünki bir tərəfdə cəmi 1,7 trilyon ümumdaxili məhsulu olan Rusiya var, o biri tərəfdə təkcə ABŞ-ın 20 trilyon dollarlıq ÜDM-i var. ABŞ-ın builki hərbi xərcləri enerji nazirliyinə də ayrılan maliyyəni nəzərə alsaq, 780 milyard dollardır. Rusiya isə hərbi xərclərə 55 milyon dollardan artıq vəsait ayıra bilmir. Ona görə də Rusiyanın indiki hərəkətləri, irəli getməsi qısamüddətli qorxulu tendensiyadır.
Azərbaycan da daxil olmaqla, türk dövlətləri anlamalıdırlar ki, Rusiyanın mahiyyət etibarilə necə bir qüvvə olduğu və onun niyyətinin nə olduğu artıq hətta orta məktəb şagirdinə də bəllidir və ona görə də Türk Dövlətləri Təşkilatının üzərinə çox böyük məsuliyyət düşür. Türk Dövlətləri Təşkilatı artıq adekvat addımlar atmalıdır. Ən başlıcası bu ölkələr arasında hərbi müttəfiqlik qurulmalıdır. Xüsusilə, Türkiyə-Azərbaycan hərbi müttəfiqliyi real məzmun qazanmalıdır. Mən uzun müddətdir təkidlə deyirəm ki, Azərbaycanda Türkiyənin hərbi bazaları olmalıdır. Bununla burada çəkindirici güc ünsürü yaradılmalıdır".
S.Əkbərin fikrincə, ABŞ başda olmaqla, kollektiv Qərb Rusiyanın əsl gücünün nədə olduğunu hələ də anlamayıb. Rusiyanın əsl gücü kəşfiyyatında və strateji düşüncəsindədir, strateji düşüncəni daşıyan kəşfiyyata nəzarət edən qüvvələrin Rusiya dövlətini ələ keçirməsində və bir mərkəzdən idarə etməsindədir: “Neçə ki, Amerika, kollektiv Qərb bunu anlamayıb, Rusiya ilə səmərəli və effektiv mübarizə apara bilməyəcəklər. ABŞ-da bunu başa düşməməklə yanaşı, daha bir problem odur ki, dərin dövlət iki yerə parçalanıb. Bunu Donald Tramp dövründə açıq şəkildə gördük. Böyük Britaniyanın Avropa Birliyindən çıxması və Trampın seçilməsi ilə çox ciddi qlobal proseslər başladı. Amma Co Baydenin seçilməsindən sonra nizam bərpa olunmaqdadır. Tramp Rusiyanın strateji məqsədlərinə xidmət edən bütün addımları atırdı. Avroatlantik münasibətlərdə qarşıdurma, NATO daxilində gərginlik, Avroatlantik məkanda ticarət paktının imzalanmasının qarşısını almaq və sair bu kimi addımlarla ABŞ-ın İkinci Dünya savaşından sonra qurduğu bütün qlobal və regional sistemi kökündən dağıtmağa başlamışdı. Bayden gəldikdən sonra köhnə oturuşmuş nizam bərpa olunmağa başlayır. Dövləti katibinin Rusiyanın SSRİ-ni qurmaq istədiyini açıq bəyan eləməsi də bununla əlaqədardır. Amma köhnə oturuşmuş nizam tam bərpa olunmayıb. Bu dərin dövlətdə birliyin tam təmin olunmasından asılıdır. Bu, olacaqsa, oturuşmuş nizam tam bərpa olunacaq və oturuşmuş qlobal regional nizam da bərpa olunmağa başlayacaq. O zaman görəcəksiniz ki, ABŞ, kollektiv Qərb o nəhəng gücündən səmərəli və effektli istifadə eləməyə başlayacaq. Bu zaman da Rusiyanın hədəfində olan keçmiş SSRİ respublikalarına effektli dəstək verəcək, dəstək mexanizmlərini səmərəli şəkildə işə salacaq. İndiki vəziyyətdə isə bunu edə bilmir. O boyda nəhəng güc qeyd etdiyim problemlər üzündən Rusiyanın həmlələrinə effektiv cavab verə bilmir. Çünki mərkəz pozulub, beyin pozulub. Bu beyin normal fəaliyyətə başlayarsa və anlayarsa ki, Rusiyanın əsas gücü hərbi gücü deyil, kəşfiyyat gücü və strateji düşüncəsindədir, rus dərin dövlətinin bir mərkəzdən idarə olunmasındadır, onda həm respublikalara effektli dəstəyi verə biləcək, həm də Rusiyanı asanlıqla geri oturdacaq. Əgər ABŞ belə qənaətə gəlsə ki, artıq Rusiya birbaşa onun maraqlarını təhdid edir və Rusiyanı yerində oturtmaq artıq həyati göstərişdir, o zaman hərəkətə keçəcək. Biz də onda Qərbin, ABŞ-ın gücünü  və postsovet respublikalarına da necə dəstək verdiyini görəcəyik”.
Tarix: 11-01-2022, 09:15
Xəbəri paylaş





Xəbər lenti