Cenevrədə dalana dirənən danışıqlar: Rusiya və ABŞ anlaşmasa...



Cenevrədə ABŞ-la Rusiya arasında kritik təhlükəsizlik danışıqları keçirilir. “Yeni Müsavat”ın siyasət şöbəsi yazır ki, ABŞ Dövlət katibinin müavini Vendi Şerman və Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkovun başçılıq etdiyi nümayəndə heyətlərinin  görüşü üçün məkan olaraq ABŞ-ın Cenevrədəki missiyası seçilib. Danışıqlar Rusiyanın Ukrayna sərhədləri boyu iri qoşun qruplaşmaları cəmləşdirərək bu ölkəni üç tərəfdən əhatəyə alması, eyni zamanda ABŞ və NATO-ya “təhlükəsizlik təminatına” dair ultimativ tələblər irəli sürməsi fonunda keçirilib.
İkitərəfli danışıqlardan sonra yanvarın 12-də Brüsseldə NATO-Rusiya Şurasının iclası keçiriləcək, yanvarın 13-də isə Vyanada ATƏT çərçivəsində çoxtərəfli danışıqlar olacaq. ABŞ Dövlət Departamenti Cenevrədə yalnız müəyyən ikitərəfli məsələlərin müzakirə olunacağını bəyan edib: “Avropalı müttəfiqlərimiz və tərəfdaşlarımız olmadan Avropanın təhlükəsizliyinə dair heç bir müzakirələr aparmayacağıq”.
Məlumata görə, Şerman görüşdə Birləşmiş Ştatların suverenlik, ərazi bütövlüyü və suveren ölkələrin öz alyanslarını seçmək azadlığı ilə bağlı beynəlxalq prinsiplərə sadiqliyini vurğulayıb. Söhbət Ukraynadan və onun NATO-ya qoşulmaq istəyindən gedir. Putin NATO-nun şərqə doğru genişlənməsini, Ukrayna və Gürcüstan kimi keçmiş sovet respublikaları ilə əməkdaşlığı dayandırmasını tələb edir. Kreml həmçinin alyansın Şərqi Avropadan əsgər və silahlarını geri çəkməsini istəyir.
ABŞ-ın dövlət katibi Entoni Blinken danışıqlar ərəfəsində bəyan edib ki, Rusiya Ukraynanın “başına silah dirədiyi müddətdə” Moskva ilə danışıqlarda irəliləyiş əldə etmək mümkün deyil. Blinken başqa bir müsahibəsində isə deyib ki, Moskva Ukrayna ərazisinə daha çox girərsə, Rusiya kəskin sanksiyalar, ABŞ və müttəfiqlərinin cavab reaksiyası ilə üzləşəcək. “Reuters” agentliyi bildirir ki, Cenevrə danışıqlarından Vaşinqtonun gözləntisi Rusiyanın Ukraynaya yeni hərbi müdaxiləsinin qarşısını almaq, eyni zamanda Kremlin bu yaxınlarda təqdim etdiyi təhlükəsizlik təminatı tələblərində ona güzəştə getməməkdir. Eyni zamanda Rusiya rəsmiləri bu təhlükəsizlik təminatı şərtlərində hər hansı güzəşti istisna edirlər və belə çıxır ki, danışıqlar əvvəlcədən iflasa məhkumdur. Bu isə o deməkdir ki, Rusiya prezident Putinin xəbərdarlıq etdiyi kimi, “NATO-nun onun ölkəsinin sərhədlərinə yaxınlaşmasına cavab olaraq” qəti addımlar atacaq, yaxud müharibə əmrini verəcək.
Yeri gəlmişkən, yanvarın 11-də Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, təhlükəsizlik zəmanətləri ilə bağlı Rusiya-ABŞ məsləhətləşmələri barədə nikbinlik üçün səbəb görmür. Onun sözlərinə görə, məsləhətləşmələr müsbət qiymətə layiqdir və bu müsbət qiymət xarici işlər nazirinin müavini Sergey Ryabkov tərəfindən verilib. Danışıqlar baş tutub, açıq, substantiv və birbaşa keçib. Göründüyü kimi, Cenevrə danışıqları nəticəsiz və ümumi sözlərdən ibarətdir. Tərəflər konkret öhdəliklər götürmür, hər hansı konsensus əldə olunmur. Hər halda, Vyana və Brüssel danışıqlarına da böyük ümidlər bəsləməyə dəyməz. Bizim siyasətçilərin, mütəxəssislərin Avropanın üç şəhərində bu danışıqlardan gözləntiləri nələrdir?

Deputat Asim Mollazadə “Yeni Müsavat”a bildirdi ki, yaxın müddətdə razılaşma olmayacaq: “Amma yeganə müsbət hal danışıqların davam etməsidir. Bu müzakirələr hələ uzun zaman gedəcək. Sadəcə, danışıqların dayanması müharibəyə səbəb olmamalıdır”. A.Mollazadə ümid edir ki, danışıqlar yeni hərbi qarışdurmaları qabaqlayacaq: “Hazırda bu görüşlərdə əsas müzakirə Ukrayna problemidir. Fikrimcə, Rusiya tərəfindən irəli sürülən tələblər daxilə hesablanıb. Bu cür qəbuledilməz tələblərə rədd cavabı gələcəyi öncədən məlum idi”.

REAL Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli Cenevrədə ciddi bir anlaşma gözləmir: “Onsuz da Kreml elə şərtlər irəli sürüb ki, anlaşma olmasın. Mümkün ssenarilərdən biri Rusiyanın Donbası - qondarma qurumlar olan ”dxr" və “lxr”i rəsmən tanımasıdır. Tanıyan kimi də Abxaziya örnəyində olduğu kimi, onlarla hərbi-strateji ittifaq, müqavilələr bağlaya, “rəsmi” hərbi yardım üçün “hüquqi” əsaslar yarada bilər".
N.Cəfərlinin fikrincə, növbəti addım Rusiyanın özü yox, tanıdığı qondarma qurumların Ukrayna ilə müharibəyə başlaması və ya tanınmadan sonra Ukraynanın onlara qarşı hərbi əməliyyatlara start verməsi ola bilər: “Bu vəziyyətdə Ukrayna ilə Rusiya birbaşa müharibə etmir, Kreml qondarma qurumların əli ilə öz maraqlarını hərbi yolla təmin etməyə başlayır. Nəticədə Kreml qondarma qurumların əli ilə Ukraynadan yeni ərazilər qoparmağa, Ukraynanın Azov dənizinə çıxışını tamam bağlamağa çalışacaq. Əsas hədəflərdən biri Azov dənizində Britaniya ilə birlikdə Ukraynanın qurmaq üzrə olduğu hərbi-dəniz bazasını məhv etmək olacaq”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun sözlərinə görə, Cenevrədə “təhlükəsizlik zəmanəti” ilə bağlı müzakirələr ağır gedir: “Rusiyanın 3 tələbi var: NATO daha genişlənməməlidir, Ukrayna və Gürcüstan təşkilata üzv qəbul olunmamalıdır; ABŞ 1997-ci ildən bu yana NATO-ya üzv qəbul edilən ölkələrdən silahlı qüvvələrini və hərbi texnikasını çıxartmalıdır, başqa sözlə, bu ölkələrdə Amerikanın hərbi bazaları ləğv olunmalıdır, həmçinin ABŞ Avropa ölkələrində Rusiyanı hədəf ala biləcək raket sistemlərini yerləşdirmək siyasətindən əl çəkməlidir. Rusiyanın bu tələbləri faktiki ABŞ və Avropaya ultimatumdur".
Politoloqun fikrincə, Rusiya üç ağır tələbin qarşılığında yalnız Ukraynaya hücum etməyəcəyi təminatı verməyə hazırdır: “Rusiya 1994-cü ildə Budapeştdə Ukraynanın ərazi bütövlüyünə xələl gətirəcək addım atmayacağına dair sazişi imzalamışdı. Kreml həmin sazişi Krımı ilhaq etməklə və Donbasda separatizmə dəstək verməklə zibil yeşiyinə atdı. Bundan sonra kim zəmanət verər ki, Moskva Ukrayna ilə bağlı yeni sazişə də riayət edəcək? Vaşinqton Moskvanın 3 tələbindən birinci ikisini bəri başdan rədd edib”.
E.Şahinoğlunun sözlərinə görə, Vaşinqtonun Ukrayna və Gürcüstanın NATO üzvlüyünə qəbul olunmayacağı təminatı verməsi faktiki Kreml qarşısında ağ bayraq qaldırması olar, Ağ Evin heç bir administrasiyasi Rusiya qarşısında zəif görünməmək üçün bu addımı atmaz: “Vaşinqton Kremlin ”Şərqi Avropadan hərbi bazalarını yığışdır" tələbini də yerinə yetirməz. “Ermənistandakı hərbi bazalarını qapat” - tələbinə Kremlin reaksiyası necə olacaqsa, Vaşinqtonun da “Şərqi Avropadakı hərbi bazalarını qapat” tələbinə reaksiyası eyni olub və olacaq.
Vaşinqton Kremllə yalnız Avropada uzaq və orta mənzilli raketlərin yerləşdirilməsinin məhdudlaşdırılması mövzusunu müzakirə etməyə hazır görünür. Ancaq Vaşinqton bunun qarşılığında Rusiyanın atacağı addımları özü üçün müəyyənləşdirməlidir. Kremlin isə iştahası artıb və bunu Vaşinqton da müşahidə edir. Rusiyanı durdurmağın yolu geri addım atmaq deyil, Kremlin artan tələblərinə qarşı müqaviməti gücləndirməkdir".
Emil SALAMOĞLU
Tarix: 12-01-2022, 09:14
Xəbəri paylaş





Xəbər lenti