“İndi 1920-ci il deyil ki, bizi ram etmək mümkün olsun”-Politoloq



“Rusiya prezidenti Vladimir Putin çıxışlarında tez-tez SSRİ-dən danışır. Putin SSRİ-nin dağılmasını böyük fəlakət adlandırır. Rusiya prezidenti keçmiş “SSRİ-ni bərpa etmək” istəyirsə, deməli, hələ uzun müddət hakimiyyətdə qalacaq. Çünki Putindən sonrakı Rusiya prezidenti SSRİ-ni bərpa edə bilməyəcək. Yeni prezident Putin qədər populyar olmayacaq”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bu fikirləri Musavat.com-a açıqlamasında bildirdi. Siyasi şərhçi qeyd etdi ki, “SSRİ-nin bərpası” üçün uzun zaman lazımdır:

“Bunun üçün həm Kremlin hədəf seçdiyi dövlətlərin parçalanması sürətlənməli, həm də yerlərdə tərəfdar qruplarını fəallaşdırılmalıdırlar. Kremlin birinci hədəfi Ukraynadır. Qazaxıstandakı olaylar Kremli ikinci istiqaməti də fəallaşdırmağa sövq edir. Növbədə başqa dövlətlər də var. Kreml sahibi Avropa dövlətlərini ABŞ-ın vassalları hesab edir və müxtəlif çıxışlarında bunu hər zaman qeyd edir. Vladimir Putinin məntiqinə görə, əgər Amerikanın vassalları varsa, ərazicə dünyanın ən böyük ölkəsi – Rusiyanın da vassalları olmalıdır. Sadəcə, Avropa ölkələrinin Amerika ilə strateji tərəfdaşlığı qarşılıqlı maraq üzərində qurulub. Kreml sahibi isə ətrafdakı ölkələri zorla Rusiyanın “strateji müttəfiqinə” çevirmək istəyir. Fərq bundadır. Buna baxmayaraq, “SSRİ-nin bərpa əməliyyatı”nın Kreml üçün bumeranq effekti olacaq”.
E.Şahinoğlu bildirdi ki, müxtəlif ölkələrdə Rusiyanın ağalığını qəbul etmək istəyən qruplar olsa da, onlar milli qüvvələrlə üz-üzə qalacaqlar: “Ukrayna, Qazaxıstan, Gürcüstan və Azərbaycandakı milli qüvvələr Rusiyanın vassalı olmaq istəmirlər. Kreml “SSRİ-nin bərpasını”, əslində isə Rusiya imperiyasının yeni libasda zühuruna çalışırsa, qonşu dövlətlərdəki milli qüvvələrin müqavimətini də hesaba qatmaq məcburiyyətindədir. Azərbaycanda milli qüvvələr Rusiyanın imperiya siyasətinə tənqidi münasibət bəsləyirlər. Azərbaycan cəmiyyətinin də Rusiyanın siyasətinə münasibəti tənqididir. Azərbaycanda Ukrayna və Qazaxıstanda olduğu kimi Rusiyaya meylli qüvvələr güclü deyillər. Buna baxmayaraq, Azərbaycanda Rusiyanı “strateji tərəfdaş” adlandıran qruplar da mövcuddur. Həmin qruplar Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyünü də dəstəkləyirlər. Ancaq Azərbaycanda Rusiyaya meylli qüvvələrin milli qüvvələr üzərində üstünlük qazanması mümkün deyil, indi 1920-ci il deyil ki, bizi ram etmək mümkün olsun”.
Tarix: 12-01-2022, 16:51
Xəbəri paylaş





Xəbər lenti