“Seçim qarşısında qalanda necə Finlandiyanı və ya Estoniyanı yox, Rusiyanı, Belarusu seçə bilərik?!”



“Sosial şəbəkələrdə Rusiya və Qərbə münasibətdə müzakirələr göstərir ki, biz son 30 ildə təhsil sisteminin keçirdiyi iflasın ağır fəsadlarını yaşayırıq. İnsanların düşüncəsinin, təfəkkürünün formalaşmasında, onun bəşəri dəyərləri, yoxsa antibəşəri dəyərləri seçməsində həlledici rol təhsil sisteminə məxsusdur. Bu, yalnız dünyəvi və yüksək keyfiyyətli təhsil sisteminin öhdəsindən gələcəyi vəzifədir”.
Siam.az-ın xəbərinə görə, bunu ekspert Rövşən Ağayev bildirib.
“Axı insan necə ona, övladlarına layaqətli və azad fərdlər kimi yaşamaq üçün hər cür fürsətlər təqdim edən mütərəqqi sistemə nifrət bəsləyə, onunla qul kimi davranan, ləyaqətli yaşamaq imkanlarını əlindən alan, avtoritar-oliqarx sistemin hökmranlığına əsaslanan siyasi rejiminin dəstəkçisi ola bilər.
Axı biz seçim qarşısında qalanda necə Finlandiyanı və ya Estoniyanı yox, Rusiyanı, Belorusu seçə bilərik. İnsanın əsrarəngiz bir çiçək bağı və quru tikan kolları ilə əhatə olunan boz çöl seçimi qarşısında qalanda sonuncu seçməsi artıq izaholunmaz patologiyadır.
Mənə görə bu nökərin kor-koranə öz ağasını canından artıq sevməsinə bənzəyir.
Bizim üçün ölkələrin, toplumların adının heç bir əhəmiyyəti yoxdur, onların hansı coğrafiyada yerləşməsinin əhəmiyyəti heç yoxdur.
Bizim üçün gərəkli olan budur – bu toplumlar, onların dövlətləri bəşəri dəyərləri özləri üçün yaşam tərzi seçib, ya onlardan imtina ediblər.
Bəs filan ölkədə inqilab oldu, niyə demokratiya gəlmədi deyənlər elə danışır ki, guya demokratiya hazır plovdur, hərə bir qab yeyən kimi ölkə demokratik olmalı imiş. Yüz illər bataqlıq və cəhalət içərisində boğulan toplum üçün inqilab qollarındakı zəncirləri qoparmaq üçün bir şans ola bilər. Bacaranlar 20-30 ilə təhsillərini inkişaf etdirəcək, institutlaq quracaq, demokratikləşmə yoluna çıxacaq. Necə ki, Qərbdə 200-250 ilə əvvəl qanlı inqilabların, gilyotinlərin nəticəsi 100-150 il sonra daha çox özünü göstərməyə başladı. Bu gün dünyagörüşlər və təfəkkür arasında qanlı müharibə gedir. Ortada isə bir nəslin ömrü bada gedir…” – R.Ağayev qeyd edib.
Tarix: 12-01-2022, 22:59
Xəbəri paylaş





Xəbər lenti