Avropada əsəblər tarıma çəkilib: Gözləntilər nələrdir? - GƏLİŞMƏ


Avropa Parlamentinin Xarici məsələlər üzrə Komitəsində növbədənkənar təcili toplantı keçiriləcək.

Yanvarın 17-də keçiriləcək toplantıda Avropada təhlükəsizlik və Ukrayna məsələləri müzakirə olunacaq.

Qeyd edək ki, son günlərdə Ukrayna məsələsi ilə bağlı intensiv görüşlər keçirilir. Bir neçə gün əvvəl də ABŞ-Rusiya və Rusiya-NATO Şurası arasında görüşlər baş tutdu. Lakin sözügedən görüşlər nəticəsiz yekunlaşdı. Onların ardınca isə Avropa Parlamentində bununla bağlı toplantı keçiriləcək.

Maraqlıdır, bu toplantıdan gözləntilər nələrdir? DİA.AZ xəbər verir ki, bununla bağlı Cebhe.info-ya açıqlama verən politoloq Samir Hümbətov bildirib ki, son dövrlərdə Ukrayna ətrafında baş verən proseslər artıq dünyanın əsas gündəm mövzularından birinə çevrilib:

“Bir neçə gün öncə ABŞ və Rusiyanın xarici işlər nazirlərinin nümayəndələri arasında keçirilən görüş nəticəsiz qaldı. Bu isə baş verən proseslərin nə qədər ciddi və hansı problemlərin olduğunu göstərdi. Təbii ki, Avropa-ABŞ münasibətlərinin müttəfiqlik səviyyəsində olması onu göstərir ki, Avropa İttifaqı və Rusiya arasında da gərginlik davam etməkdədir.

Ukrayna məsələsində Qərb ölkələri geri addım atmaq istəmir. Düşünürlər ki, hər hansısa bir məsələdə geri addım atmaq Ukraynanın əldən çıxması deməkdir. Bildiyiniz kimi, 2014-cü ildən Qərb ölkələri bütün gücü ilə Ukraynada öz möhkəmliyini qoruyub saxlamağa çalışır. Hesab edirlər ki, 2014-cü ildə boşluq yaratmasaydılar Ukraynanın ərazi bütövlüyü əldən çıxmazdı. Hətta Ukraynanın bu gün NATO-ya daxil ola bilməməsinin əsas səbəbi məhz ərazilərinin işğal altında olmasıdır”.

Politoloq qeyd edib ki, Avropa Parlamentinin növbədənkənar iclas keçirməsi hər an hər şeyin baş verə biləcəyini göstərir:

“Burada söhbət Rusiya-Ukrayna sərhəddində təxribatların olmasından gedir. Həmçinin, Ukraynanın özündə də rusyönümlü qüvvələrin aktiv şəkildə fəaliyyətə keçə bilər. Hesab edirəm ki, bu komitənin Ukrayna ətrafında baş verən məsələləri müzakirə etməsi və qərar qəbul etməsi labüd idi. Ona görə də, artıq belə bir toplantı baş tutur.

Fikrimcə, burada əsas iqtisadi məsələlər və bu qurumla rəsmi Kiyev arasındakı əlaqələrin inkişaf etdirilməsi mövzuna toxunacaqlar. Hətta böyük ehtimalla Ukrayna nümayəndə heyəti də iclasda iştirak edəcək və bu məsələlər ətrafında daha geniş miqyaslı müzakirələr aparılacaq”.
Tarix: 15-01-2022, 23:20
Xəbəri paylaş





Xəbər lenti