Özlərini doğrultmayan GƏNC KADRLAR... - PROBLEMƏ ÇEVRİLMƏKDƏDİR...


Ekspertlərə görə, dövlət başçısı hamını tanıya bilməz, kadrların təyinatında təqdimatın rolu da böyükdür...

Azərbaycan hakimiyyətində 2018-ci ildən başladılan kadr dəyişiklikləri nəticəsində xeyli sayda yüksək ranqlı məmur vəzifəsini itirib. Bu 4 ilə yaxın müddətdə Prezident Administrasiyasında şöbə müdirləri, ayrı-ayrı məmurlar, həmçinin nazirlər, icra başçıları, komitə sədrləri, iri fiqurlar postları ilə vidalaşıblar. Bu dəyişikliklər idarəçilik sisteminin effektivliyini artırmağa, şəffaflığı təmin etməyə, vətəndaş-məmur münasibətlərini yaxşılaşdırmağa hesablanıb. Lakin bəzi hallarda yeni təyin edilən kadrlar da etimadı doğrulda bilmirlər.
“Yeni Müsavat” xatırladır ki, bunu Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində də təsdiqləyib. Dövlət başçısı  bildirib ki, korrupsiya ilə bağlı məsuliyyətdən  heç kim boyun qaçıra bilməz, heç kim qanundan üstün deyil, qanun qarşısında hamı bərabərdir, heç kimin əvvəlki xidmətləri nəzərə alınmayacaq.
Sitat: “18 ildir ki, mən Prezident vəzifəsində işləyirəm və mənim təşəbbüsümlə çoxlu kadr dəyişikliyi edilib. Əfsuslar olsun, bəzi hallarda kadr dəyişikliyi vəziyyətin müsbətə doğru dəyişməsinə aparmır. Çünki yeni kadr təyin edilir, müəyyən müddət ərzində özünü verilmiş təlimatlara uyğun aparır, amma sonra vaxt keçdikcə, necə deyərlər, köhnə, əyri yola gedir. Ona görə burada cəza tədbirləri ilə yanaşı, kadrların düzgün seçilməsi məsələsi öz rolunu oynamalıdır”. 
Prezident əlavə edib ki, bu sahədə son vaxtlar, Azərbaycan ictimaiyyəti görür ki, çox ciddi kadr islahatı aparılıb: “Hakimiyyətin demək olar ki, bütün qollarında ciddi kadr islahatları aparılıbdır. Hökumətdə, Milli Məclisdə, Prezident Administrasiyasında, nazirliklərdə, yerli icra orqanlarında artıq böyük dərəcədə ciddi kadr dəyişikliyi baş verib və bu, hesab edirəm ki, korrupsiyaya qarşı mübarizədə önəmli rol oynayacaq”. Göründüyü kimi, ölkə başçısı yeni təyin olunan kadrların da bir müddət sonra əyri yollara meyl etdiklərini açıqlayıb. Məlumdur ki, dövlət başçısı bir çox hallarda kadr təqdimatlarına baxıb sonra qərar verir. O zaman bunun üçün hansı addımlar atılmalıdır ki, yüksək postlara yanlış təqdimatlar Prezidentə verilməsin? Ümumiyyətlə, yeni kadrlar önəmlidir, yoxsa idarəetmə modeli dəyişməlidir? 

Hakim Yeni Azərbaycan Partiyasından (YAP) deputat Ceyhun Məmmədov “Yeni Müsavat”a bildirdi ki, ümumiyyətlə, Prezident müsahibəsində bu məsələyə geniş toxundu və bir daha məmurlara xəbərdarlıq etdi. Deputat hesab edir ki, Prezidentə kadrlar təklif olunanda bu məsələlərə xüsusi baxmaq lazımdır. Onun sözlərinə görə, hansısa kadrın təqdim olunması zamanı hər bir məqam nəzərə alınmalıdır: “Prezidentin həm daxili, həm xarici siyasət, həm Qarabağla bağlı iş qrafiki kifayət qədər sıxdır. Ona görə kadr təklif ediləndə xüsusi nəzərdən keçirilməsinə ehtiyac var. Son dövrlər ”Yüksəliş" müsabiqəsindən keçən bəzi kadrlar da artıq işə təyin olunurlar. Ona görə hər bir məsələ kadr təyinatından çox asılıdır. Kim kadrları təklif edirsə, onun şəxsi keyfiyyəti, idarəçilik, təşkilatçılıq mövqeyi nəzərə alınmalıdır. Çünki vəzifə böyük məsuliyyət və etimaddır". C.Məmmədovun fikrincə, məmurlar prezident tərəfindən göstərilən etimadı doğrultmağa çalışmalıdırlar: “Bu dəyəri, göstərilən diqqəti düzgün qiymətləndirməlidirlər. Eyni zamanda şəxsi mənafeyi dövlət maraqlarından üstün tutmamalıdırlar. Prezident dəfələrlə xəbərdarlıq edib, son müsahibəsində də vurğuladı, bəzi məmurların işini ”ayı xidməti"nə bənzətdi. Bu çox ciddi siqnal idi və Prezidentin tövsiyələri nəzərə alınmalıdır. Yox, əgər bu proses davam edərsə, onda yeni həbslərə şahid ola bilərik. Odur ki, hər kəs xəbərdarlıqları nəzərə alıb etimadı doğrultmalıdır. Çünki bundan öncə cənab Prezident inzibati tədbirlər gördü, gənc kadrları təyin edərkən təkbətək görüşdü, onlara da xəbərdarlıq etdi, tövsiyələr verdi, qulaq asmayanlar isə həbs edildi. Ona görə çox ciddi məsələdir və etimadı düzgün dəyərləndirməlidirlər".

REAL Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli qeyd etdi ki, problemin kadrlarda olduğunu düşünmür: “Problem sistemin özündədir. Yaxşı oğlan, yaxşı kadr axtarışına son qoymaq lazımdır. Əlbəttə, peşəkar, təhsilli şəxs olmalıdır, bu öz yerində, amma məsələ kadr problemindən qaynaqlanmır, sistemin oyun qaydaları dəyişəndə təhsilli kadr da normal işləyə bilər”. N.Cəfərli hesab edir ki, hökumət yaxşı idarəetmə sistemi qurmalıdır: “İnstitusional dəyişiklik olmalıdır, yanaşma fərqlənməlidir. Məsələn, “ASAN xidmət" yaradıldı, artıq növbədə dayanmırıq, rüşvət vermədən sənəd alırıq. Deməli, kadrlar dəyişməyib, sadəcə, sistem qurulub. Ona görə bütün sahələrdə belə idarəetməni tətbiq etmək lazımdır və nəticəni də görmək mümkündür”.

Aydınlar Partiyasının sədri, hüquqşünas  Qulamhüseyn Əlibəylinin sözlərinə görə, məsələ təkcə kadrlarda deyil. Onun fikrincə, kadrlar nəticə vermirsə, köhnə üsul-idarəçilik davam edirsə, deməli, idarəetmə forması dəyişməlidir: “Eyni zamanda dürüst işləməyənlər məsuliyyətə cəlb edilməli, tənbeh olunmalıdırlar ki, yeni kadrlar da dərs çıxarsınlar. Aydın məsələdir ki, Prezident hamını tanıya bilməz, o baxımdan kadrların təyinatında təqdimatın rolu da böyükdür. Sadəcə, idarəetmə qaydaları dəyişmirsə, yeni təyinatlar effektiv fəaliyyət göstərə bilməzlər”.
Partiya sədrinin fikrincə, bundan əlavə, yeni kadrlar da onlara verilən şansları dəyərləndirməlidirlər: “Onlar üçün böyük fürsətlər açılır ki, özlərini təsdiqləsinlər. Xüsusən gənc yaşlarından yüksək vəzifə tutmaları onlara ciddi etimad göstərilməsidir. Amma tamah, iştaha gözlərini tutur və vəzifə başına gələn kimi yanlışlara yol verirlər. Bununla belə, məsələnin fundamental həlli idarəetmə formasında dəyişikliklər edilməsidir. Yəni ”ASAN xidmət" modelinin əksər sahələr üzrə həyata keçirilməsi, sistemin asanlaşdırılması zərurətdir".
Emil SALAMOĞLU
Tarix: 19-01-2022, 11:22
Xəbəri paylaş





Xəbər lenti