NATO-Rusiya müharibəsi başlasa, Qarabağdakı Rusiya sülhməramlıları nə olacaq? ''Dərin təhlil'' CANLI YAYIN



Hazırda "TV Musavat"ın efirində "Dərin təhlil" verilişidir. Verilişi Yeni Müsavat Media Qrupunun rəhbəri, əməkdar jurnalist Rauf Arifoğlu aparır. Qonaqlarımız millət vəkili, Ana Vətən partiyasının sədri Fəzail Ağamalı, Böyük Quruluş partiyasının sədri, millət vəkili Fazil Mustafa və AXP sədri, sabiq Baş nazir Pənah Hüseyndir.
Bugünkü "Dərin təhlil"də region və meqaregiondakı gündəm məsələləri müzakirə olunur.
Bu gün zəfərlə bitən Azərbaycanın Vətən müharibəsindən 437 gün ötür. Böyük hərbi əməliyyatlar dayanıb, ağır artilleriya, tanklar, hava hücumu vasitələri, uzaqvuran raketlər susub. Düşmən ordusu sındırılıb və Ermənistanın baş nazirinin timsalında, kapitulyasiya sənədinə imza atdırılıb. Lakin Azərbaycanın savaşı bitməyib. Azərbaycanın indi apardığı fəaliyyət cəbhədən cəbhəyə obrazlı ifadəsinin ən bariz nümunəsidir...
Ötən bu müddət ərzində Azərbaycan hansı uğurlara imza atdı? Hərb meydanında müharibəni qazanan ölkəmiz diplomatiya və informasiya cəbhələrində də uğur qazana bildimi?
Hazırda dünyanın ana gündəmində dayanan Rusiya və Ukrayna arasındakı münasibətlər bu iki ölkə ilə Qaradənizi paylaşan qardaş Türkiyəyə, onun xarici siyasət kursuna necə təsir edəcək?
NATO üzvü olan Türkiyə olası qlobal müharibədə tərəfsiz qala bilməyəcək və heç şübhəsiz, Ukraynanın yanında yer alacaq. Bu halda, Türkiyə və Rusiyanın münasibətləri pozulacaq. Bəs Azərbaycanı nə gözləyir bu halda? Qarabağ hədəfi və oradakı Rusiya sülhməramlıları ilə bağlı proqnozlar nədir? Müharibə yalnız Qaradəniz hövzəsini və Şərqi Avropanı deyil, Güney Qafqazı da təsirləndirəcəkmi?
Əsas mövzulardan biri də budur - Azərbaycan Prezidenti Ukrayna cəbhəsinə niyə getmişdi? Bu səfərin sıradan və təsadüfi bir səfər olmadığı hər kəsə bəllidir. Azərbaycanın, onun prezidentinin barış missiyası alınacaqmı? Eyni barış təşəbbüsləri ilə qardaş Türkiyənin prezidenti də çıxış edib. Bunlar koordinasiya olunmuş təşəbbüslərdirmi? Barış variantı olacaqsa, iki slavyan dövlətinin görüş yeri Bakı, yoxsa İstanbul olacaq? Hər iki halda, təbii ki, bu, bizim üstünlüyümüz olardı...
Azərbaycan bu günlərdə səngiyən Qazaxıstan olaylarından hansı nəticələri çıxartmalıdır? Bizə qarşı da xarici təhdid amili qalırmı? İran, Rusiya, Amerika, Fransa, Aİ, AŞPA, NATO... Azərbaycanın yaratdığı yeni reallıqları qəbul etdilər. Lakin bu güclərdən, dövlətlərdən hansıları bu reallıqlara təhdid təşkil edir?
Azərbaycan Prezidenti İlham Əliyev ölkə televiziyalarına müsahibə verdi və bir sıra mühüm istiqamətlərlə bağlı önəmli açıqlamalarla çıxış etdi. Bu müsahibə ölkə başçısının həm də vizionu, yol xəritəsi idi. Prezientin açıqlamalarında yeni və ən mühüm məqamlar hansılardır?
Vətən müharibəsində əldə edilən milli və siyasi həmrəylik getdikcə azalmaqda, zəifləməkdədir. Bu, normal prosesdirmi, yoxsa təhlükəli bir tendensiyadırmı? Bu ideal modeli cəbhədən cəbhəyə necə daşımalı? Necə qorumalı?
Hazırda ölkəmizin siyasət dəhlizlərində müzakirə olunan mövzulardan biri də referendum və seçkilərdir. İddialara görə, Azərbaycan yaxın günlərdə referenduma gedəcək. Burada proporsional sistem, Nazirlər Kabinetinin strukturunda islahatlar, seçki məcəlləsi və s. bir çox məsələlər yenilənəcək. Bunun ardınca isə, dərhal seçkilər keçiriləcək.
Verilişimizin qonaqları bu barədə nə düşünür, hansı bilgiləri paylaşırlar?
Qarabağdan gələn xəbərlər, Ermənistanla sərhədlərdə səngiməyən gərginlik, rəsmi İrəvanın apardığı siyasi xətt, Türkiyə-Ermənistan danışıqları... Bu və digər mövzular ‘’Dərin təhlil’’ verilişimizin 21 yanvar 22-ci il buraxılışında müzakirə olunur. Bu müzakirələrdə interaktiv qaydada dinləyicilərimiz də iştirak edə bilərlər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat/

Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/user/TVmusavat

Musavat.com
Tarix: 21-01-2022, 22:50
Xəbəri paylaş





Xəbər lenti